Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bizim tam müstəqil və milli maraqlara söykənən xarici siyasətimiz var

Bizim tam müstəqil və milli maraqlara söykənən xarici siyasətimiz var

Xarici siyasətlə bağlı addımlarımız beynəlxalq hüquqa və ədalətə söykənir. Bu iki anlayış bizim üçün əsasdır. Bəzi hallarda beynəlxalq münasibətlərdə beynəlxalq hüquq və ədalət ziddiyyət təşkil edir. Ancaq buna baxmayaraq, Azərbaycan bütün məsələlərdə öz prinsipial mövqeyini ifadə edir, bu mövqeyə sadiqdir. Bundan sonra da Azərbaycan bütün məsələlərin beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə həll edilməsində öz sözünü deyəcəkdir. Bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir. 
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Siyasət və diplomatiya tarixinə nəzər salarkən şahidi olduğumuz ilk maraqlı faktlardan biri dövlət xadimlərinin xarici səfərləri olur. Bu, Şərqdə də belədir, Qərbdə də. Həmin tendensiya qədim dövrlərdə də olub, orta əsrlərdə də. Bu gün də davam edir, gələcəkdə daha intensiv xarakter alacağı şəksizdir. Müasir dünya siyasətində və diplomatiyasında özünəməxsus dəstxəti olan Prezident İlham Əliyev də həmin ənənəni məhz siyasət tarixinə sədaqətlə, üstəlik, böyük yaradıcılıqla davam etdirir. 

Dövlət başçımızın bu ilin əvvəlindən etibarən reallaşdırdığı xarici səfərlərin bir neçəsini yada salmaqla, həmin arqumentimizi əsaslandıra bilərik. Məsələn, cənab Prezident ilin ilk ayında (21-23 yanvar) Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasında işgüzar səfərdə olmuşdur. Dövlət başçımızın həmin səfər çərçivəsində dünya iqtisadiyyatının inkişafında söz sahibi olan dövlət və şirkət rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlərin əhəmiyyətindən danışmağa ehtiyac yoxdur. Elə martın 28-30-dakı Avstriya Respublikasına işgüzar səfər də məhz həmin səviyyədə əhəmiyyətli idi. 
Təbii ki, bu gün dünyanın əsas söz sahiblərindən biri də Çin Xalq Respublikasıdır. Dövlət başçımızın aprelin 24-­
27-də­ Çin Xalq Respublikasına işgüzar səfəri bu gün dünyanın hər yerində maraqla qarşılanan, Şərqlə Qərbin iqtisadiyyatını qovuşduracaq “Bir kəmər-bir yol” layihəsinə verdiyimiz önəmin göstəricisi idisə, mayın 13-14-də Belçika Krallığına işgüzar səfər Azərbaycan– Avropa əməkdaşlığının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edirdi.
 Ancaq dövlət başçımızın oktyabrın 2-3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasında işgüzar səfərdə olması və həmin ayın 10-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər etməsi daha böyük əks-sədalarla yadda qalmışdır. Dövlət başçımız həm Soçidə, həm də Aşqabadda işğalçı Ermənistana ağır zərbələr vurmuşdur.
Bu, danılmaz faktdır ki, Azərbaycanın dövlət başçısı yeni regional əməkdaşlıq formatlarının da təşəbbüskarıdır. Üçtərəfli və dördtərəfli əməkdaşlıq formullarının reallaşdırılması cənab Prezidentin adı ilə bağlıdır. Bunun nəticəsidir ki, Azərbaycan–Türkiyə–Rusiya, Azərbaycan–Türkiyə–İran, Azərbaycan–Gürcüstan–Türkiyə, Azərbaycan–Rusiya–İran, Azərbaycan–Türkiyə –Türkmənistan kimi üçtərəfli əməkdaşlıq formatları real səmərəli nəticələr verməkdədir. Azərbaycan Prezidentinin dördtərəfli əməkdaşlıq formulu da –Gürcüstan da daxil olmaqla –konkret bəhrələrini verir.
Ancaq ekspertlərin fikrincə, Azərbaycan xarici siyasətinin builki ən böyük nailiyyəti məhz oktyabrın 25-də Bakıda öz işinə başlayan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə qeydə alınmışdır. Belə ki, həmin beynəlxalq tədbirdə iştirak edən 120 dövlətin rəsmilərinin imza atdığı Yekun sənəddə Ermənistan dövlətinin işğalçı olduğu açıq şəkildə bəyan edilir. 
Xatırladaq ki, “Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirdilər. Ümumilikdə, zirvə görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılmışdılar.
Zirvə görüşünün açılış mərasimində geniş nitq söyləyən Azərbaycan Prezidenti ­İlham Əliyev qeyd etmişdir ki, hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur: “Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizlərə təşəkkürümü bildirirəm”.

 

Dünya erməniliyini lərzəyə salan Bakı Sammitinin əsas faktı ondan ibarətdir ki, Azərbaycan qarşıdakı üç ildə bu quruma sədrlik edəcək. Bu reallığı dilə gətirən dövlət başçımız öz həmkarlarını və dünya ictimaiyyətini əmin etdi ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq: “Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür”.
Dövlət başçımızın nitqindən seçdiyimiz sitatdakı bir məqamı təkrar etmək istəyirik: “Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq...” Yarandığı gündən terror, təxribat, separatçılıq, işğal, ilhaq və digər çirkin faktları fəaliyyət istiqaməti kimi götürmüş Ermənistan rəhbərliyi bu çağırışları sakitliklə qarşılaya bilərdimi? Əsla yox! Elə ona görə də Bakı Sammiti İrəvanda qorxu, təlaş, həyəcan və ümidsizlik yaradıb. Odur ki, kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin hələ 2003-cü ilin oktyabrında dediyi : “Bizim xarici siyasətimizin əsasını Azərbaycanın ərazi bütövlüyünün bərpası təşkil edəcək!” – əminliyini dəfələrlə yada salırlar. 
Yeri gəlmişkən, dövlət başçımız Bakı Sammitinin iştirakçıları qarşısında Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrini növbəti dəfə dilə gətirdi ki, tədbirdə iştirak edən dünya jurnalistləri də eşitsinlər: “Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon -- ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür”.
Yaxşı yadımdadır, 2012-ci il mayın 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr zamanı dövlət başçımız demişdi ki, BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan təxminən iyirmi il ərzində bu qətnamələrə məhəl qoymur : “Azərbaycanın işğal edilmiş əraziləri terrorçuluqla separatizm, ekstremizm və mütəşəkkil cinayətkarlıq, o cümlədən narkotik maddələrin dövriyyəsi, çirkli pulların yuyulması və silah qaçaqmalçılığı arasında olan əlaqə baxımından böyük narahatlıq mənbəyidir. Ermənistanın terror hədələrinə əlavə olaraq, Azərbaycan beynəlxalq terror qruplarından irəli gələn risk və təhlükələrlə hələ də üzləşir”.
Cənab Prezident həmin qətiyyətini BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşündə də davam edərək xatırlatdı ki, beynəlxalq aləmdəki ikili standartlar siyasətinə son qoyulmalıdır: “İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər”.
Başqa bir fakt. Azərbaycan dövlətinin oktyabr ayında xarici siyasətdə qazandığı digər bir uğur isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə Görüşünün Bakıda keçirilməsi idi. Doqquz il dörd dövlətin – Türkiyə, Qazaxıstan, Qırğızıstan və Azərbaycanın – iştirakı ilə keçirilən həmin tədbir bu il Özbəkistanın da qatılması ilə daha da gücləndi. Üstəlik, gələn sammitədək Türkmənistanın da bu quruma qatılacağı gözlənilir. Bundan başqa, TDƏŞ-in Bakı Sammitində Macarıstan dövləti də müşahidəçi qismində, amma ən yüksək səviyyədə təmsil olundu. 
Bütün bunlar sübut edir ki, Azərbaycanın xarici siyasət strategiyası, sözün həqiqi mənasında, həm özümüzə, həm də beynəlxalq aləmə sərf edən prinsiplər üzərində qurulmuşdur. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

3 Noyabr 2019 10:18 -

Köhnə versiyamızdan xəbərləri izlə