Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Cümhuriyyətdən başlanan müqəddəs yolun davamçıları” mövzusunda təhsil konfransı

“Cümhuriyyətdən başlanan müqəddəs yolun davamçıları” mövzusunda təhsil konfransı

Binəqədi rayonunda 2017-2018-ci tədris ilinin yekunları münasibətilə keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Cümhuriyyətdən başlanan müqəddəs yolun davamçıları” adlı təhsil konfransı keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, millət vəkilləri Kamaləddin Qafarov, Şahin İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının və tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş orta məktəb məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildiriblər.
Tədbir Azərbaycan Xalq Cümhuriyyəti illərində yaşayıb yaratmış ədəbiyyatımızın klassiklərindən Əhməd Cavad, Hüseyn Cavid, Abdulla Şaiq, Üzeyir Hacıbəyli, Əli bəy Hüseynzadə və Cəfər Cabbarlı obrazlarının çıxışı ilə start götürmüşdür. Daha sonra tədbir Azərbaycan Respublikasının dövlət himninin sədaları altında nümayiş olunan kompozisiya ilə açıq elan edilib.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Binəqədi rayonunda 2017-2018-ci tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər” barədə hesabat məruzəsi ilə çıxış edib.
Aygün Əliyeva bildirib ki, təhsil Prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edilir. Məhz bu sahəyə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoyub, xeyli nailiyyətlər əldə edilib. Təhsilin inkişafı üçün tələb olunan şərtlərdən biri təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi, yüksək səviyyəli təhsil mühitinin yaradılmasıdır. Bu baxımdan ölkəmizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, ötən 10 il ərzində Binəqədi rayonunda 25 məktəbdə əsaslı təmir aparılıb. Bu il rayonumuzun orta məktəblərini bitirən 2150 məzundan 1256 nəfəri ali məktəblərə qəbul olunub. 600 və 600-dən yuxarı bal toplayanların sayı əvəllki illərlə nisbətdə xeyli artaraq, yüksələrək 113 nəfərə çatıb. 
Hesabat çıxışından sonra ali məktəblərə qəbul zamanı rekord nəticə – 700 bal toplayaraq tələbə adını qazanmış 297 nömrəli tam orta məktəbin məzunu Anar Abıyev, 115 nömrəli tam orta məktəbin məzunu Lamiyə Mahmudlu, 313 nömrəli tam orta məktəbin məzunu Ayxan Vəliyev, 135 nömrəli tam orta məktəbin məzunu Şəfiqə Şahbazlı əldə etdikləri təhsil uğurlarından danışıblar.
Daha sonra Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov öz çıxışlarında hazırda dünya standartlarına cavab verə biləcək yüksək keyfiyyətli təhsil almaq üçün Azərbaycanda dövlət tərəfindən hərtərəfli şəraitin yaradıldığını bildiriblər.
Çıxışlara yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından danışıb. O, ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü, inkişaf və tərəqqiyə, ölkəmizin milli maraqlarına söykənən siyasətin mühüm istiqamətlərindən birinin məhz təhsil siyasəti olduğunu vurğulayıb. Natiq Azərbaycanda təhsilin inkişafının birbaşa dövlət başçısının diqqət mərkəzində olduğunu bildirib.
Konfransın sonunda ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təltif olunublar.
Yekunda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanmış gənclərlə xatirə şəkli çəkdirilib.
Konfransa istedadli gənclərin ifasında “Azərbaycan anaların anası” mahnısı ilə yekun vurulub.

V. BAYRAMOV, 
“Xalq qəzeti”

17 2018 21:36 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
10 Dekabr 2018 | 21:10
B İ L D İ R İ Ş
10 Dekabr 2018 | 21:07
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin