Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Texniki Universitetdə Cəfər Cabbarlının 120 illik yubileyi keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) XX əsrin görkəmli yazıçı-dramaturqu və şairi Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib. 
Prezidenti İlham Əliyevin böyük ədibin yubileyinin ölkəmizdə təntənə ilə qeyd edilməsi ilə bağlı sərəncamına uyğun olaraq, keçirilən məclisi giriş sözü ilə açan AzTU-nun rektoru, professor Vilayət Vəliyev dahi yazıçının mənalı həyat yoluna və zəngin yaradıcılığına nəzər salaraq bildirib ki, AzTU-nun sələfləri sırasında olan Bakı Politexnikumunun məzunu olan ədəbi klassikin vətənpərvərlik, qəhrəmanlıq və sevgi mövzusunda ölməz əsərləri bu gün də gənc nəslin milli ruhda və sivil dəyərlər əsasında tərbiyələnməsində təsirli rol oynayır.
Mərasim ulu öndər Heydər Əliyevin C.Cabbarlının heykəlinin ucaldılması ilə bağlı tarixi açıqlaması və ədib barədə fikirlərinin yer aldığı videoçarxın nümayişi ilə davam etdirilib.
Cəfər Cabbarlı yaradıcılığının tanınmış tədqiqatçısı, professor Tahirə Məmməd geniş çıxışında böyük sənətkarın həyatı və ictimai-siyasi fəaliyyəti ilə bağlı son zamanlar aşkar edilən maraqlı faktları iştirakçıların diqqətinə çatdırıb.
Sonra tələbələrin ifasında Cəfər Cabbarlının şeirləri və onlara qoşulmuş mahnılar səsləndirilib, “Oqtay Eloğlu” əsərindən bir parça və gənc Cəfərin Nuru Paşa ilə görüşünü əks etdirən səhnəcik nümayiş etdirilib.
Respublikanın Əməkdar artisti Fehruz Səxavətin ifasında “Azad bir quşdum”, AzTV-nin solisti Nicat Cəfərzadənin ifasında “Tellər oynadı” və tanınmış müğənni Vüsal Hacıyevin ifasında “Gərək Günəş dağları aşıb sönməyəydi” mahnıları mərasimə təntənə və xoş ovqat gətirib. Gənc müğənnilər Aydan və Fidan Süleymanzadələrin ifasında sözlərini və musiqisini Cəfər Cabbarlının ərsəyə gətirdiyi “Zalım yar” mahnısı isə xüsusi maraqla qarşılanıb. 
Unudulmaz sənətkarın nəvəsi, Cəfər Cabbarlı Ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı yubiley mərasiminin təşkilinə, babasının xatirəsinə göstərilən dərin ehtirama görə minnətdarlığını bildirib.
Yubiley məclisi AzTU tələbəsinin ifasında “Çırpınırdı Qara dəniz...” mahnısının sədaları altında yekunlaşıb.

 

R.TAHİR, 
“Xalq qəzeti”

3 Noyabr 2019 09:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə