Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Kitabi Dədə Qorqud”un üçüncü əlyazması işıq üzü görüb

Ən dəyərli ümumtürk ədəbi abidəsi sayılan “Kitabi Dədə Qorqud”  yüzillərdir, yaşadılaraq dövrümüzə gəlib çıxıb. İndiyə kimi ictimaiyyətə  dastanın Drezden və Vatikan nüsxələri məlum olsa da, bu yaxınlarda  kitabın üçüncü əlyazmasının tapılması ədəbi ictimaiyyətdə ciddi maraq doğurub.
Əlyazmanı İranın Gülüstan ostanlığının (Əski Xorasan vilayəti) Günbət şəhərindən tanınmış mühəndis Vəli Məhəmməd Xoca Tehranda olarkən həmişə baş çəkdiyi bukinist dükanında  rast gəldiyi  kiçik bir əlyazma diqqətini cəlb edib. Onun elektron variantlarını hazırlayıb Türkiyədə tanıdığı tədqiqatçılara göndərib. İstanbulda Yusuf Azmun, İzmirdə Mətin Əkici mətni tədqiq ediblər.  Bundan başqa, əlyazmanı tədqiq edən  Nasir Şahgöli, Vəliyullah Yaqubi, Şahruz Ağabatay və Sara Behzaddan ibarət qrup bu barədə  məlumatı  elmi jurnalda nəşr etdirib. Mətin Əkinci əlyazmanı ayrıca kitab halında çap edib. Qısa müddətdə elmi ictimaiyyətdə maraq doğuran materiala bir sıra elmi məqalələr həsr edilib.
Türkologiya, qorqudşunaslıq, xüsusilə də Azərbaycan folklorşunaslığı üçün mühüm əhəmiyyət daşıyan yeni əlyazma tanınmış azərbaycanlı türkoloq alim, professor Ramiz Əskər tərəfindən nəşrə hazırlanaraq AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə TÜRKSOY kitabxanası seriyasından olan 38-ci nəşr kimi oxucuların ixtiyarına verilib. Nəşrin elmi redaktoru akademik  Muxtar İmanov, redaktorları Əli Şamil, Nailə Əskərdir.
Kitabda əlyazmanın məzmunu, dili  barədə ətraflı məlumat verilir. Bildirilir ki, əlyazma 61 səhifədən ibarətdir.  Professor Ramiz Əskər əlyazmanın oğuz türkcəsində, daha dəqiq desək, Azərbaycan dilinin Təbriz və Ərdəbil şivəsində  yazıldığını qeyd edir. 
Əsərdə cərəyan edən  hadisələr bir sıra coğrafi məkanları əhatə edir ki, onlar arasında Azərbaycan coğrafiyasına aid ərazilər də yer alır. Təbriz, Ərdəbil, Şamaxı, Naxçıvan, İrəvan, Dəmir Qapı Dərbənd, Xalxal, Qəzvin kimi şəhərlər, Kür, Araz, Qarasu, Samur kimi çaylar, Şahdağ, Savalan, Qaplantu, Surxab kimi dağlar, Ağca qala, Sürməli və Qars qalalarının adlarının əlyazmada çəkilməsi bir daha “Kitabi Dədə Qorqud” dastanının ümumtürk abidəsi kimi coğrafi arealının daha çox Azərbaycanla bağlılığını ortaya qoyur. 
Düzdür, tapılmış əlyazmanın süjetində  “Dədə Qorqud”un  əvvəlki nüsxələrindən fərqli epizodlar da var. Mələsən,  Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsi mifik xarakter daşısa da, milli ədəbi abidəmiz “Kitabi Dədə Qorqud”un bir parçası kimi, xüsusi əhəmiyyət daşıyır.
Qorqudşunaslıq üçün xüsusi mənbə olan bu kitabda işıq üzü görmüş əlyazmanın ölkəmizdə  geniş şəkildə araşdırılması çox önəmlidir. Bu kitab ali məktəblərin filologiya fakültələrinin müəllimləri və tələbələri, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

3 Noyabr 2019 09:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə