Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kosmos təhlükədədirmi?

Son zamanlar KİV–də dünyanın  fövqəldövlətlərinin kosmosda öz hərbi arsenalını artırmasından tez-tez danışılır. Redaksiyamız dünyada sülhə və əmin-amanlığa ciddi təhlükə kimi dəyərləndirilən bu addım barədə kosmik və ekoloji məsələlər üzrə ekspert, Beynəlxalq Ekoenergetika Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının, Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar mühəndisi, texnika elmləri doktoru, professor Fuad Hacızadəyə müraciət edib. 

– Fuad müəllim,  “kosmos və müharibə” terminləri necə yaranır?

– Hələ 1967-ci ildə qəbul edilmiş  sazişdə  kosmik məkan “bütün bəşəriyyət üçün sahə” kimi müəyyən edilib. Bu sənəd ABŞ, Rusiya (əvvəllər SSRİ) və Çin də daxil olmaqla 100-dən çox ölkə tərəfindən imzalanıb. Keçən əsrin 1950-ci illərində ABŞ Prezidenti Duayt Eyzenhauerin təşəbbüsü ilə  iki kosmik proqram – Mülki kosmik proqram (sonradan NASA) və Hərbi-kosmik proqram yaranmışdır. Hərbi-kosmik proqrama əsasən, ölkənin Hərbi-Hava Qüvvələri (HHQ) rəhbərlik edirdi.1960-cı illərdə hərbçilər orbitdə HHQ-nin Kosmik Stansiyasının yaradılmasını təklif ediblər, lakin Prezident Riçard Nikson Administrasiyası bu ideyadan yan keçib.

Bu yaxınlarda  ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin beş qoşun növünün  kifayət olmadığını bəyan etdi. O, Müdafiə Departamentinə əmr edib ki, ABŞ ordusunun altıncı qolu kimi kosmik qüvvələr yaradılsın. Həmçinin  əlavə edib: “Bizdə Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələr ayrı-ayrı, lakin bərabər qüvvələr olacaq”. Ötən ilin  mart ayında Donald Tramp Miramar  aviasiya bazasında (MCAS Miramar)  çıxış edərək elan etmişdi: “Kosmos döyüş meydanıdır, quru torpaq, göy və ya dəniz kimidir”. “Bu, dəhşətli qərardır”, – deyə beynəlxalq hüquq məsləhətçisi Peter Vismer “Vaşinqton Post” qəzetində yazıb. Müəllif qeyd edib ki, Prezident Tramp müharibə haqqında çox şey bilən və kosmos haqqında heç nə bilməyənlərin fikirlərini bu şəkildə təkrarladı. Amerika Universitetinin kosmos üzrə eksperti Hovard Makkerdi Trampın təklifini şərh edərkən bildirib ki, bu, həqiqətən, amerikalıların artıq etdikləri şeydir, lakin bu, missiyaya daha yüksək status verir. ABŞ HHQ Qərargahının rəisi Devid Qoldfeyn isə 2018-ci il fevralın sonunda bildirib ki, kosmosda müharibə bir neçə ilə baş verə bilər, ona görə də  ABŞ bu sahədə üstün olmalıdır.

– Belə çıxır ki, Donald Tramp kosmosu Yerdə olduğu kimi, döyüş əməliyyatları zonası hesab edir.

–  Elədir. “Диалог.UA”  Amerika mətbuatına istinadla   qeyd edib ki, D.Tramp ABŞ-ın yeni hərbi qüvvələrinin yaradılmasını planlaşdırır. Əvvəlcə kosmik qoşunların yaradılması ideyası ona o qədər də ciddi görünməmişdi, lakin tezliklə  həmin fikrin əla olduğunu qət edib. San-Dieqoda dəniz piyadaları bazasında çıxış edərkən o, ABŞ-ın Hərbi-Hava Qüvvələrinə malik olduğunu deyərək, kosmik qüvvələr yaradacağını bildirib: Biz bunu etməliyik. Amerikalı ekspertlərin fikrincə, soyuq müharibədən sonra ABŞ-da hərbçilər yalnız son illərdə ilk dəfə kosmosa ciddi yanaşmağa başlayıblar. ABŞ öz kosmik infrastrukturunu və peyklərini düşmənin xarici təsirlərinə qarşı hazır və əks hərəkət edə biləcək görmək istəyir. Məqsəd zərbələrə tab gətirmək, manevr etmək, zərbələrdən qaçmaq və hətta cavab zərbələrini endirməkdir. Bu, 20 ilə yaxın vaxt apara bilər, lakin əsas odur ki, bu proses artıq başlayıb. 2016-cı ildə ABŞ Silahlı Qüvvələrinin dayanıqlı kosmik infrastrukturunu yaratmaq məqsədilə 2030-cu ilə qədər  yeni kosmik konsepsiya (Space Enterprise Vision) müəyyən olunub.

– Bu sahədə bəs Rusiya, Çin, eləcə də digər kosmik ölkələrin fəaliyyəti  necədir?

– Amerikalı hərbi analitiklər qeyd edirlər ki, Çin və Rusiya da bu istiqamətdə fəaliyyət göstərir və növbəti onillikdə kosmosa iki məsələnin həlli üçün nəzərdə tutulan xüsusi peyklərin–nəzarətçilərin çıxarılmasına çalışırlar. Onlar orbitin kosmik zibildən təmizlənməsi ilə məşğul olmaq və orbitdə artıq mövcud olan kosmik aparatların təmirini, yanacaqdoldurma məntəqələrini və modernləşdirilməsini həyata keçirmək əzmindədirlər. Deyilən vəzifələr bu peyklərin digər peyklərlə birbaşa əlaqəyə girə biləcəyini və kosmosda fəal şəkildə manevr imkanı qazanacağını nəzərdə tutur. Çünki bu cür xüsusi mütəxəssislər ehtimal olunan düşmənin peyklərini ələ keçirə və ya məhv edə, həmçinin onların davranış və kommunikasiya kanallarını izləyə biləcəklər. ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun dediyinə görə,  Rusiya və Çin peyklərlə ən müasir orbital əməliyyatları davam etdirirlər. O hesab edir ki, bu addımların bir hissəsi antipeyk mübarizəsində istifadə edilə bilən ikili təyinatlı texnikanın sınaqdan keçirilməsi məqsədilə həyata keçirilir. Belə sistemlər gələcəkdə böyük problemlər yaradacaq və  ABŞ-a kosmik məkanda vəziyyəti qiymətləndirməsinə, kosmosda düşmənin niyyətlərini başa düşməsinə və təhdidlərə əvvəlcədən xəbərdarlıq etməsinə mane olacaq.

– ABŞ, şübhəsiz ki, bundan narahatdır.

–  Əlbəttə. ABŞ-ı iki məsələ narahat edir: rəqib tərəfindən peyk siqnallarının “söndürülməsi” və ya onların dəyişdirilməsi, həmçinin peyklərin bu ölkənin çəkiliş aparan pilotsuz təyyarələrinə xidmət etmək üçün texniki  qabiliyyəti. GPS-in sıradan çıxması ABŞ Silahlı Qüvvələri tərəfindən “ağıllı döyüş sursatlarının” istifadəsini qeyri-mümkün edəcək, oriyentasiya və manevr hərəkətlərini çətinləşdirəcək. Belə hallarda smartfonlar, təyyarələrin, yük maşınlarının, gəmilərin naviqasiya sistemləri də asinxronlaşdırılacaq, təcili yardım xidmətləri qeyri - işlək vəziyyətdə olacaq. Siqnalın rəqib tərəfindən “söndürülməsi-pozulması”  və ya onun dəyişdirilməsi ona gətirib çıxara bilər ki, hədəf sistemi, erkən xəbərdarlıq, zərbələrin vurulması dəqiqliyi və s. sistemlər sıradan çıxacaq, bununla da ölkənin bütün müasir hərbi maşını, əslində, fəaliyyətini dayandıracaq.

KİV-də Çinin kosmosda kosmik zibilin və peyklərin parçalarının orbitlərində toplanması üçün nəzərdə tutulmuş lazerləri yerləşdirmək planları barədə materiallar getdikcə daha çox yer alır. Əlbəttə, bu lazerlərin kosmosa çıxması dərhal hərbi istifadə düşüncəsinə gətirib çıxaracaq. Kosmosda “intihar peykləri” və lazer haqqında  çoxsaylı gurultulu məqalələrin fonunda başqa bir prosesin də şahidi oluruq – kosmos yer kürəsinin izlənməsi və hava texnikasının yerdəyişməsi sahəsində arenaya çevrilir. Bu yarışda Çin və ABŞ xüsusilə fəaldırlar. “China Military Online” resursu yazır ki, ölkədə “Haynan” layihəsinə bu ildən start verilir. Bu layihə çərçivəsində 4-5 il ərzində orbitə altı məsafədən zondlama peyki çıxarılacaq, daha sonra isə “Sanya” layihəsi çərçivəsində daha iki hiperspektral çəkiliş peyki və iki radiolokasiya zondlama peyki buraxılacaq. Ümumi qruplaşma səkkiz peyk təşkil edən kimi Çin hava şəraitindən asılı olmayaraq, sutkada 24 saat Cənubi Çin dənizini izləyə biləcək. Peyklər İpək Yolunu da izləyəcək, Cənubi Çin dənizində “hər ada və gəmiyə” nəzarət edəcək.

2018-ci ildə Çində qruplaşmanın fəaliyyəti üçün yerüstü infrastrukturun yaradılması işlərinə başlanılıb. Aviation Week isə, öz növbəsində, 2022-ci ildə Çinin kosmosa 700-dən çox nano və mikro-peykləri buraxacağını, Yerin çəkilişini yüksək  ayırdetmə səviyyədə apara biləcəyini bəyan edib. Onların mülki və hərbi məqsədli olacağı bəyan edilib.

– Məlumatlardan belə anlaşılır ki, kosmosda “əl-qol açmaq”  Çinə daha çox müyəssər olur.

– 2017-ci il dekabrın 27-də Çin növbəti “Yaoqan” kəşfiyyat peyklərinin seriyasını işə salıb. Analitiklərin sözlərinə görə, doqquz peykdən ibarət bu seriya ABŞ və digər ölkələrin hərbi dəniz qüvvələrinin hərəkətini izləmək üçün Çinin Yeni radioelektron avadanlığını sınaqdan keçirmək məqsədini daşıyır. Çinli mütəxəssislər bəyan ediblər ki, 2020-ci ildə ölkələrində kvant kosmik kameranın prototipi yaradılacaq, 2025-ci ildə kosmosda sınaqlar keçiriləcək, 2030-cu ildə isə texnologiyanın irimiqyaslı tətbiqini gözləmək olar. Bu, Çinə Yer üzərində və kosmosda müxtəlif obyektlərin, hətta  onların materialının kimyəvi tərkibini müəyyən etməyə imkan verəcəkdir. Bununla da döyüş maşınlarının radiolokasiya, infraqırmızı və spektrinin digər sahələrində gizlətmə (maskalanma) texnologiyalarının səmərəliliyi heçə enəcək.

– Bu bəhsləşmə göstərir ki, Çin ilə ABŞ arasında,  əslində, kosmosa sahib olmaq uğrunda mübarizə gedir.

– Belə demək də mümkündür. Ötən il ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri, general Con Hayten CNN-ə verdiyi müsahibədə vurğulamışdı ki, Çin açıq şəkildə ABŞ-a və müttəfiqlərinə qarşı çıxmaq və kosmosda lazer, siqnalların susdurulması alətləri və digər texnologiyaları yerləşdirmək niyyətindədir. ABŞ xəbərdarlıq edir ki, Çin bu istiqamətdə ikili təyinatlı məhsullar arxasında gizlənərək irəli gedir. Bu barədə onlar   2007-ci ilin yanvar ayında Çinin 800 kilometrdə – aşağı orbitdə köhnə meteoroloji peykini raketlə vurduqdan sonra tam əmin oldular. Bundan əlavə, 2010, 2013 və 2014-cü illərdə raketlərin digər sınaqları keçirilib və bu sınaqları, həmçinin peyklərin əleyhinə silahların hazırlanması hesab etmək olar.

Yeri gəlmişkən, Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun keçmiş müavini Con Maklaflinin sözlərinə görə, 2008-ci ildə ABŞ da SM-3 raketin köməyi ilə 247 kilometr yüksəklikdə yerləşən nasaz ğeykini orbitdən çıxarıb. Pentaqon hesab edir ki, əslində, bu, 36 min kilometr yüksəklikdə hədəfləri vurmaq üçün peyk əleyhinə silahın sınağı idi.

– Bu problemlərin həlli perspektivlərini necə qiymətləndirirsiniz?

–  Hazırda bəşəriyyətin taleyi   kosmosun istifadəsindən çox asılıdır. Burada söhbət təkcə kosmonavtların və astronavtların göndərilməsindən getmir. Hətta pilotlu kosmik layihələr də prioritet deyil. Kosmik məkan Yer kürəsini kosmik aparatlardan müşahidə etmək üçün istifadə olunur və ətraf mühitin mühafizəsi, bütövlükdə, ekoloji problemlərinin həllinə kömək edir. Aşağı orbitlərdə bir çox meteoroloji və naviqasiya peykləri fəaliyyət göstərir. Hərbi kəşfiyyat təyinatlı çoxlu sayda peyklər də bu orbitlərdə yerləşdirilib. Geostasionar orbitlərdə telekommunikasiya və naviqasiya məsələlərinin həyata keçirilməsi üçün yüzlərlə aparat vardır.

– Bəşəriyyət isə bütün bu vəzifələrə adi bir şey kimi yanaşır, eləmi?

– Məsələ burasındadır ki, bu peyklərin insanların fəaliyyətində və həyat təminatında nə qədər böyük rol oynadığı barədə çox az adam axıra qədər düşünür. Əgər belə peyk sistemləri qısa müddət olmasa, belə hallar elektrik təchizatı xətlərinin, naviqasiya sistemlərinin kəsilməsinə, nəqliyyatın iflic olmasına, qlobal bank sisteminin, internetin və digər həyati əhəmiyyətli sistemlərin dayanmasına gətirib çıxaracaq. Bütün bunlar müasir cəmiyyəti xaosa sürükləyə bilər, Yer üzündə həyatı dramatik şəkildə poza bilər. Kosmosda müharibə, xüsusilə, təhlükəlidir. Ona görə ki, bu məkan çirkləndirmələrə son dərəcə həssasdır. Yəni kosmos nə qədər çox çirklənsə, ondan istifadə etmək bir o qədər çətin olacaq.

– “Şər deməsən, xeyir gəlməz” – deyiblər. Kosmosda silahlı münaqişə olarsa, nəticə barədə nə demək olar?

–  Bu, ilk növbədə, peyklərin məhv edilməsinə və bir çox onilliklər ərzində orbitdə qalacaq dağıntıların yığılmasına gətirib çıxaracaq. ABŞ-Çin kosmik müharibəsini təsəvvür edək. Belə bir münaqişə sarsıdıcı olacaq və yalnız Çin və ABŞ əhalisinə deyil, həm də Yer əhalisinin qalan 7,6 milyardına ziyan  vuracaq. Bu texniki savaş bütün planetə təsir edəcək və hər kəs öz üzərində bu ziyanı hiss edəcək. Amma o da yəqindir ki, ABŞ daha çox ziyanda olacaq, çünki bu ölkənin kosmosdan asılılığı digər ölkələrə nisbətən daha çoxdur. Yəni orbitdə ABŞ peykləri çoxluq təşkil edir. Nə qədər gec deyil, kosmosun fəthi ilə yanaşı, onun heç vaxt müharibə meydanı olmayacağına təminat verəcək razılaşma əldə edilməlidir.  Həmçinin kosmosda gedən müharibənin beynəlxalq cinayət sayılacağı təsdiqini tapmalıdır.

– Yaxın 10-20 ildə baş verə biləcək hadisələr indidən bir çox hüquqi və siyasi suallar doğurur.

– Doğrudur, suallar çoxdur və onların hamısı aktualdır: Kosmosdakı peyk hücuma məruz qalıbsa, ölkələrə necə reaksiya verməlidirlər; kosmosda müharibə başlayarsa, peyklərə silahlı qüvvələr üçün kritik hücum olmayacaq, amma özlüyündə cavab tədbirləri və zərbələri baş verəcək və s.

–Fuad müəllim, kosmik dövlətlərin bizə məlum olan hansı strategiyaları var?

– Əslində, iki strategiyası var: rəqibin xüsusi məruzəçilərinin preventiv şəkildə məhv edilməsi və bununla da kosmik təcavüzkar rolunda olmaq və ya heç bir şey etməmək. Hər bir ölkə üçün orbitdə xüsusi nümayəndələrin sayını və “kinetik” və ya peyklərə başqa təsir zamanı addımları əks etdirən beynəlxalq müqavilələrin variantı da var.

– Belə çıxır ki, kosmos gec-tez hərbləşdiriləcək.

–Hadisələrin gedişi vəziyyəti ora aparır. ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri, general Con Xayten kosmosda mümkün müharibə haqqında danışarkən xatırladıb: “İnsanlar üfüqləri genişləndirəndə həmişə münaqişə baş verir. Hər dəfə insanlıq əhatə genişliyinə nail olanda münaqişə baş verir. Belə olduqda biz də hazır olmalıyıq”.

– Kosmik məkanda müharibə qaydaları hazırlanırmı?

– Ekspertlər iddia edirlər ki, kosmosda gec-tez hərbi əməliyyatlar başlayacaq, buna görə də interstellar məkanında silah tətbiqini tənzimləyən beynəlxalq müqavilənin əsasını təşkil edəcək qaydalar yaradılmalıdır. Yer üzündə fəlakətin qarşısını almaq üçün dünya elmi ictimaiyyəti 2020-ci ilədək Birləşmiş Millətlər Təşkilatında öz layihəsini təqdim etməyi planlaşdırır. Sənəd kosmosda müharibənin növləri və vasitələrini tənzimləyəcək, qarşı-qarşıya duran tərəflərin hüquqi statusunu müəyyən edəcək, eləcə də digər aspektləri və mümkün problemləri həll edəcək bir sərəncam olacaq.

Müsahibəni qələmə aldı:
Şirməmməd NƏZƏRLİ

 

3 Noyabr 2019 09:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə