Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koreya Dongduk Qadınlar Universitetinin rəhbəri Azərbaycan dövləti tərəfindən təltif edilib

Cənubi Koreyanın Seul şəhərində yerləşən Dongduk Qadınlar Universitetində Azərbaycanın diplomatik xidmət orqanlarının yubileyi münasibətilə mükafatının təqdim olunma mərasimi keçirilib. Azərbaycanın Seuldakı səfirinin də iştirak etdiyi tədbirdə Koreya və Azərbaycan dövlətlərinin diplomatik münasibətlərinin yaranmasından, bu iki ölkə arasında ictimai-siyasi əlaqələrin yüksək səviyyədə olmasından söhbət açılıb. 

Vurğulanıb ki, iki ölkə arasında əlaqələr ədəbi-mədəni müstəvidə də uğurla davam edir. Bunun nəticəsidir ki, koreyalı mütəxəssislər Azərbaycanı daha yaxından öyrənir, araşdırmalar apararaq Azərbaycanı Koreya ictimaiyyətinə tanıdırlar. Bu mənada Dongduk Qadınlar Universitetinin nəzdində Avrasiya Türk Araşdırmaları İnstitutunun gördüyü işlər təqdirəlayiqdir. Azərbaycan Respublikasının Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov görüşdə iki ölkə arasında olan dostluq əlaqələrinin möhkəmlənməsində araşdırmaçıların fəaliyyətini yüksək qiymətləndirdi. 
Dongduk Qadınlar Universitetinin Qəyyumlar Şurasının sədri Cho Wonyoung rəhbəri olduğu universitet barədə məlumat verib. Qeyd edib ki, Dongduk Qadınlar Universitetinin əsası 1908-ci ildə qoyulub. Bu universitetin banisi cəmiyyətdə qadınların təhsilinin önəmli olduğunu daim vurğulayan elmlər doktoru Cho Dongshik (Cho Wonyoungun babası) olub. Bir əsrlik tarixi olan Dongduk Qadınlar Universiteti müasir dövrdə də qadınların təhsilində əhəmiyyətli rol oynayır.  Universitetin Qəyyumlar Şurasının sədri Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi medalı ilə təltif olunduğuna görə, Azərbaycan dövlətinə təşəkkür etdi.
Koreyada bu mükafata ilk dəfə Dongduk Qadınlar Universitetinin Qəyyumlar Şurasının sədri layiq görülüb.  Mükafatı Azərbaycan Respublikasının Cənubi Koreyadakı  səfiri Rəmzi Teymurov təqdim edib.
Avrasiya Türk Araşdırmaları İnstitutunun əsası 2016-cı ildə türkoloq alim, professor Oh Eunkyung tərəfindən qoyulub. Bu institut türk dövlətləri və xalqları  ilə  Koreya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi baxımından çox önəmlidir.
Türkoloq Oh Eunkyung Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Elmlər Akademiyasının Folklor İnstitutu, Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu kimi bir neçə qurumla təhsil və akademik sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə sazişlər imzalayıb. O, həmçinin oktyabr ayının 3-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Naxçıvan Müqaviləsinin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə həsr olunmuş “Türk Dünyası Həftəsi”ndə iştirak edib.  “Türk Dünyası Həftəsi”-ndə Koreyanın Türk Şurasına üzv olmasının vacibliyi haqqında danışan alim Azərbaycanla bağlı araşdırmaların davam etdiyini vurğulayıb. Bildirib ki,  Koreya–Azərbaycan diplomatik əlaqələrinin yaranması münasibətilə tanınmış şair Bəxtiyar Vahabzadənin şeirlərinin toplusunu tərcümə edib nəşr edəcək Avrasiya Türk Araşdırmaları İnstitutu bundan sonra da Azərbaycanın Koreya ictimaiyyətinə tanıdılması ilə bağlı layihələrini davam etdirəcək.

 

Əfsanə BAYRAMQIZI,  
“Xalq qəzeti” 

 

3 Noyabr 2019 09:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə