Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanı dinamik inkişaf yolundan heç bir qüvvə yayındıra bilməz

Azərbaycanı dinamik inkişaf  yolundan  heç bir qüvvə yayındıra bilməz

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün möhtəşəm gələcəyə doğru inamla addımlayır. Təəssüf ki, bu inkişafa, tərəqqiyə həm xaricdə, həm də ölkə daxilində qısqanclıqla yanaşan bəzi qüvvələr respublikada iğtişaşlar yaratmağa, ölkədə sabitliyi pozmağa cəhd göstərirlər. Lakin Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin arxasında xalq dayandığından, respublikada xalq-iqtidar birliyi gündən-günə möhkəmləndiyindən onlar istəklərinə nail ola bilməyəcəklər.

Hazırda ölkəmizdə iqtisadi islahatlar sürətlə reallaşdırılır. Şübhəsiz ki, bu islahatlar dayanıqlı iqtisadi inkişafın sürətləndirilməsinə və bunun nəticəsində maliyyə imkanlarının genişlənməsinə müsbət təsir göstərir. Başqa sözlə, respublikada səmərəli iqtisadi tədbirlər görülməsi hesabına əlavə gəlirlərin əldə olunması və büdcənin güclənməsi sosial layihələrin gerçəkləşdirilməsinə əlverişli şərait yaradır.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların strateji hədəfləri sırasında məhz sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması təsadüfi deyil. Çünki son illər respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifahının təmini istiqamətində reallaşdırılan ardıcıl tədbirlər, imzalanan fərman və sərəncamlar insanların həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm rol oynayıb.

Prezident İlham Əliyevin fəaliyyətində ən çox diqqət yetirdiyi məsələlərdən biri də ictimai nəzarətin daim gücləndirilməsi ilə bağlıdır. Ölkə rəhbəri ayrı-ayrı vaxtlarda bu amili önə çəkib, vətəndaşlara belə bir əhəmiyyətli məqama xüsusi önəm vermələrini tövsiyə edib. Dövlət başçısı keçən ayın 15-də keçirilən iqtisadi müşavirədə deyib: “Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq”.

Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən də, bu məsələyə prioritet istiqamət kimi yanaşdığını bir daha diqqətə çatdırıb. Bildirib ki, ictimai nəzarət rayonlarda daha güclü olmalıdır. Buna nail olmaq üçün müvafiq təkliflər hazırlanmalıdır. İctimaiyyət ümumi işə cəlb olunmalı, dövlət orqanlarının işinə nəzarət etməlidirlər. Əgər bu, reallaşarsa, onda nəzərə çarpan hər hansı bir xoşagəlməz vəziyyət dərhal aradan qaldırılar.     

Bəli, bu gün Azərbaycan dinamik inkişaf  yolu ilə inamla irəliləyir. Bu yoldan, islahatlar  yolundan ölkəmizi heç bir qüvvə yayındıra bilməz. Çünki Prezident İlham Əliyevin vurğuladığı kimi,  “Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”. Deməli, belə bir şəraitdə dövlətin və xalqın maraqlarının müdafiəsi, gələcək inkişafı, təhlükəsiz, şəffaf Azərbaycan naminə hamımız dövlət başçısının yanında olmalı, respublikamızın firavanlığı üçün ortaya fəal mövqe və güclü iradə qoymalıyıq. Bu isə perspektivdə qüdrətli Azərbaycan, daha güclü dövlət deməkdir.

 

Faiq ƏHMƏDOV,
“Azərbaycanın səsi” İctimai Birliyinin sədri, yazıçı-publisist

2 Noyabr 2019 15:38 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə