Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri ABŞ Yəhudi İcmasının nümayəndələri ilə görüşüb

Mədəniyyət naziri ABŞ  Yəhudi İcmasının nümayəndələri ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan ABŞ Yəhudi İcmasının nümayəndələri – lobbiçilik xidməti üzrə fəaliyyət göstərən AJC təşkilatının Rusiya və Avrasiya məsələləri üzrə direktoru Sam Kliger və “Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektalovla görüşüb.

Qonaqları səmimiyyətlə salamlayan Əbülfəs Qarayev onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib.

Nazir Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətindən danışaraq, ölkə mədəniyyətinin təbliği istiqamətində görülən işlər haqqında qonaqlara məlumat verib. Qeyd edilib ki, Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan zəngin mədəniyyətə, tarixi və arxeoloji abidələrə sahibdir. Bu irsin qorunması, bərpası və təbliği sahəsində müxtəlif layihələr gerçəkləşdirilir.

Ə.Qarayev həmçinin Ermənistanın ölkəmizə hərbi təcavüzündən söz açaraq, işğal olunmuş torpaqlarımızda xalqımızın mədəni irsinin talan edildiyini, tarixi-mədəni abidələrin dağıdıldığını diqqətə çatdırıb.

Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı və tolerant ölkə kimi tanındığını vurğulayan Əbülfəs Qarayev qeyd edib ki, uzun illərdir yəhudilərlə azərbaycanlılar birlikdə, sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Quba rayonunda dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbə buna bariz nümunədir. Nazir Azərbaycan Prezidentinin dəstəyi ilə mədəniyyətlərarası dialoq istiqamətində həyata keçirilən qlobal əhəmiyyətli tədbirlər, “Bakı prosesi” çərçivəsində reallaşdırılan forumlar barədə qonaqları məlumatlandırıb. İki ildən bir Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışan Əbülfəs Qarayev  tədbirlərdə İsrail dövlətinin də fəal iştirak etdiyini bildirib.

Daha sonra vurğulayıb ki, belə beynəlxalq tədbirlər ölkələrə bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır.

Səmimi qəbula görə minnətdarlığını bildirən Sam Kliger Azərbaycan xalqı ilə  ABŞ Yəhudi İcması arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qonaq qeyd edib ki, bu əlaqələrin yalnız mədəniyyət  deyiul, bütün sahələrdə gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılması lazımdır.

Rafael Nektalov  Azərbaycan Mədəniyyət Nazirliyinin bir çox ölkələrlə mədəniyyət üzrə təcrübə mübadiləsi apardığını yüksək qiymətləndirərək, musiqi sahəsi üzrə təhsil alan azərbaycanlı tələbələrin ABŞ-da təcrübə keçməsi, eləcə də ölkəmizdə Yəhudi festivalının keçirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıb.

Tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 Noyabr 2019 12:45 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə