Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş

Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun  başçılıq etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində keçirilən görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp, Böyük Britaniyanın Enerji və Ticarət məsələləri üzrə departamentin müdiri Stiven Smit və Beynəlxalq Ticarət Departamentinin İxrac Strategiyası Proqramı üzrə meneceri Raşel Pouvel, ticarət məsələləri üzrə əlaqələndirici şəxs Rəna Zeynalova iştirak ediblər.

Nümayəndə heyəti Agentliyin və DOST mərkəzinin fəaliyyəti, burada pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi ekspertiza və reabilitasiya vasitələri ilə təminat, sosial sığorta, əmək münasibətləri, məşğulluq, sosial-hüquqi, övladlığagötürmə, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. üzrə 132 növdə xidmətlərin göstərilməsi prosesi ilə tanış olublar. Onlar DOST layihəsi barədə müsbət təəssüratlarını bölüşüblər.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri barədə ətraflı məlumat verib. Nazir ölkəmizdə sosial sahədə aparılan geniş miqyaslı islahatları diqqətə çatdırıb. O, Azərbaycan--Böyük Britaniya arasında müxtəlif sahələri əhatə edən  tərəfdaşlıq əlaqələrinin inkişafından bəhs edərək, BP və British Council ilə birlikdə “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın əhəmiyyətini qeyd edib. Əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində tədqiqatların aparılması və kadr potensialının formalaşdırılması sahəsində də BP ilə əməkdaşlıq nəzərdə tutulub.

B.Nikolson ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edib. O, gələcəkdə bu əlaqələrin əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial reabilitasiya sahələrində də davam etməsi üçün imkanların mövcud olduğunu qeyd edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 Noyabr 2019 10:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə