Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq rəssamı Arif Hüseynovun “Kitab qrafikası” adlı fərdi sərgisi açılıb

Xalq rəssamı Arif Hüseynovun “Kitab qrafikası” adlı fərdi sərgisi açılıb

 “Azərkitab” kitab mərkəzində Xalq rəssamı Arif Hüseynovun böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Kitab qrafikası” adlı fərdi sərgisi və “Arif Hüseynov-qrafika” kitabının təqdimatı olub.

Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, “Azərkitab” kitab mərkəzinin təşəbbüsü ilə reallaşıb.

Tədbiri giriş sözü ilə açan mərkəzin layihə rəhbəri Sabir Həsənov qədim dövrlərdən başlayaraq xalqımızın qürurdoğurucu tarixini şərəfləndirən və onu dünyada məşhurlaşdıran kitab mədəniyyətimiz barədə məlumat verib. Qeyd edib ki, “Azərkitab” kitab mərkəzi və onun ayrılmaz tərkib hissəsi olan kitab qrafikası qalereyası bu yöndə müxtəlif məzmunlu nəşrlərin estetikasına əlavə çalar qatan təsviri sənət əsərlərinin təqdimatını və təbliğini özünün önəmli vəzifələrindən hesab edir. “Kitab qrafikası qalereyası”nın yeni məkanda fəaliyyətinin görkəmli qrafika ustası, Xalq rəssamı Arif Hüseynovun sərgisinin təşkili ilə davam etdirməsi də təsadüfi deyildir.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev,  Əməkdar incəsənət xadimi İlham Rəhimli, Xalq artisti İlham Namiq Kamal, Xalq rəssamı Fərhad Xəlilov, Xalq yazıçısı Natiq Rəsulzadə və başqaları çıxış edərək Arif Hüseynovun yaradıcılığının özünəməxsusluğundan söhbət açıblar.

Sonda Xalq rəssamı Arif Hüseynov çıxış edərkən kitabın insan həyatında əhəmiyyətli rol oynadığını, illüstrasiya etdiyi hər kitabla təklikdə qalanda onu dərindən hiss etdiyini qeyd edib. “Göyərçin” jurnalı ilə əməkdaşlığa başlayandan sonra ədəbiyyata münasibətinin gündən-günə atdığını deyən Arif Hüseynov qeyd edib ki, hər bir mətnin mahiyyətinə, müəllifin sənət qayəsinə dərindən nüfuz etməklə, oxucuya onun oxuduqlarını duymaqda yardımçı ola biləcək illüstrasiyalar etmək mümkündür. O, bu mənada yaradıcılığında İmadəddin Nəsimi, Mirzə Ələkbər Sabir və Rəsul Rzaya münasibətində rəmzi ifadə və düşündürücülüyün daha qabarıq duyulduğunu vurğulayıb.

Qeyd edək ki, sərgidə rəssamın İmadəddin Nəsimiyə həsr olunmuş eklibris və rəsm əsərləri nümayiş edilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

1 Noyabr 2019 11:40 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə