Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi növbəti uğurlara yol açacaqdır

Paytaxtımız oktyabrın 25-26-da dünyanın ən böyük siyasi toplantılarından biri hesab edilən XVIII Zirvə Görüşünə evsahibliyi etdi. 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı görüş bir sıra mühüm hadisələrlə yadda qaldı. Yüksək səviyyədə keçirilməsi ilə xatırlanacaq zirvə görüşündə, həmçinin Azərbaycanın milli maraqlarına cavab verən yekun sənəd qəbul edildi, ölkəmizin həqiqətləri beynəlxalq platformada bir daha səsləndirildi. Şübhəsiz, Azərbaycanın növbəti 3 il ərzində Qoşulmama Hərəkatında sədrliyi Cənubi Qafqaz regionunda mövqeyinin güclənməsinə əlavə təkan verəcək və beynəlxalq siyasətdə mühüm aktor kimi rolunun daha da artmasına imkan yaradacaq.

Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən biri hesab olunur. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Xüsusilə ərazisi işğal olunmuş Azərbaycan üçün bu prinsiplərin böyük əhəmiyyəti var. Rəsmi Bakı torpaq bütünlüyü, milli suverenlik və digər bəşəri dəyərlərin üstünlük verildiyi təşkilatlarla sıx əməkdaşlıq edir. Tarixi zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev bu mühüm məqamlara toxunaraq Qoşulmama Hərəkatının bəşəri dəyərlərin təbliğinə xidmət etdiyini bildirmiş və bütün ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirdiyini nəzərə çatdırmışdır. Dövlət başçısı Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunduğunu ­xatırlatmış və QH-də olduğu qısa müddət ərzində ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazandığını vurğulamışdır. 
Qeyd etmək yerinə düşər ki, Azərbaycan QH-nin müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini möhkəmləndirməklə hərəkatın məqsəd və prinsiplərinə öz töhfəsini verir. 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmasını ölkəmizin QH-də fəaliyyətinin uğurlu nəticəsi kimi dəyərləndirmək olar. Prezident İlham Əliyev çıxışında sədrliyin Azərbaycana həvalə edilməsini ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü kimi qiymətləndirmişdir: “Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizlərə təşəkkürümü bildirirəm”. 

 

Ölkə başçısı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracağını xüsusilə vurğulamışdır. Xatırladaq ki, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilən və tarixə “Bandunq prinsipləri” kimi düşən prinsiplər BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etməkdən, sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaqdan, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinməkdən, BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etməkdən, böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinməyi nəzərdə tutur. Bu prinsiplər, həmçinin digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və hədələməkdən imtina etməkdən, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etməkdən, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etməkdən və ədalət və beynəlxalq öhdəliklərə hörmət etməkdən ibarətdir. 
Prezident İlham Əliyev çıxışında bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsiplərinin Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşdüyünü diqqətə çatdırmışdır. 
Təəssüf ki, yeni əsrdə hələ də işğalçılıq faktları mövcuddur və Azərbaycan uzun illərdir Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir. Ancaq bütün çətinliklərə baxmayaraq, xarici və daxili inkişaf prioritetlərini düzgün müəyyənləşdirən dövlətimiz qısa müddət ərzində atdığı addımlar sayəsində beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilmiş və Ermənistanın işğalçılıq siyasətinə qarşı barışmaz mövqe tutmuşdur. Bütün beynəlxalq təşkilatlarda və nüfuzlu müzakirə platformalarında rəsmi Bakı erməni işğalının doğurduğu acı nəticələri işıqlandırmış, İrəvan rejiminin işğalçı mahiyyətini ifşa etmişdir. Bu mənada Qoşulmama Hərəkatı Azərbaycanın ağrılı Dağlıq Qarabağ probleminin müzakirəsi və ölkəmizin haqlı mövqeyinin dəstəklənməsi baxımından böyük strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, QH-yə üzv olduğumuz müddət ərzində Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur. 
Prezident İlham Əliyev nitqində beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərin artırılmasına çağırış etmişdir. Onun sözlərinə görə, bunun üçün BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur: “Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”. Əlamətdar haldır ki, indiyədək iki dəfə – 2012-ci ilin mayında və avqustunda yekun sənədlərdə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş maddə qəbul olunmuşdu. Həmin maddələr münaqişənin məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində həllini nəzərdə tutur. 
Azərbaycanın fəal diplomatik uğuru QH tərəfindən qəbul olunmuş son iki sənədlə yekunlaşmır. Belə ki, XVIII Zirvə Görüşünün sonunda qəbul olunmuş yekun sənəd ölkəmizin xarici siyasətinin növbəti qələbəsi kimi də tarixə düşəcək. Bütün bu uğurlar, əlbəttə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan çevik və fəal xarici siyasət nəticəsində əldə olunmuşdur. Ərazi və əhali sayına görə, həmçinin inkişaf dinamikliyinə görə dünyanın aparıcı ölkələrinin birləşdiyi QH-də Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın işğalçılıq siyasətinə vurulan növbəti sarsıdıcı zərbədir. Dövlət başçısı zirvə görüşündəki nitqində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altında olduğunu, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını və nəticədə bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bir daha xatırlatmışdır. Prezident İlham Əliyev Ermənistanın azərbaycanlılara qarşı Xocalı soyqırımını törətdiyini və bu qətliam nəticəsində 613 günahsız insanın, o cümlədən 106 qadın və 63 uşağın yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirildiyini görüş iştirakçılarının diqqətinə çatdırmışdır. Böyük sayda ölkənin əməkdaşlıq etdiyi QH-də Ermənistanın işğalçı dövlət olduğunun vurğulanması və Dağlıq Qarabağ və ətraf yeddi rayonun Azərbaycanın əzəli torpaqları olmasının xatırladılması, Yekun sənəddə də ərazi bütövlüyünün qorunmasının əhəmiyyətinin dəstəklənməsi rəsmi Bakının haqlı mübarizəsinə verilən çox güclü dəstəkdir. Azərbaycanın belə mötəbər hərəkatdan güclü dəstək aldığını işğalçı Ermənistan da dərk edir və bu, ölkədə ciddi narahatlıqla qarşılanır. Rəsmi İrəvanın hərəkatın yekun sənədində əks olunmuş reallıqdan hürkməsi və zirvə görüşünün yekun sənədi ilə bağlı bəyanatla çıxış etməsi işğalçı rejimin təlaşından xəbər verir. 
Bir sözlə, yüksək səviyyədə keçirilən XVIII Zirvə Görüşü və QH-yə sədrliyin 3 il müddətinə Azərbaycana verilməsi rəsmi Bakıya bir sıra siyasi dividendlər gətirəcək və beynəlxalq əlaqələrini genişləndirməyə təkan verəcək. Bundan başqa, ölkəmizin 2019-2022-ci illərdə təşkilata sədrlik etmək kimi statusa malik olması etibarlı tərəfdaş kimi onun mövqeyini daha da gücləndirəcək, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsinə səbəb olacaq.
Məlum olduğu kimi, Qoşulmama Hərəkatının daimi orqanı və mənzil qərargahı yoxdur. Lakin təşkilat BMT-nin Mənzil Qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə sədr və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur. Yəni, bu, o deməkdir ki, Azərbaycan qarşıdakı üç il ərzində BMT Mənzil Qərargahında Qoşulmama Hərəkatının sədri kimi diplomatik təmsilçilik həyata keçirəcək, bu zaman həm üzv dövlətlər, həm də BMT-dəki digər ölkələrlə yaxından iş apara biləcək. Xüsusən də BMT-də və digər beynəlxalq qurumlarda qərarların qəbulunda Azərbaycanın daha ciddi təsir imkanları və lobbi gücü yaranacaq. 
Ən əsası, Azərbaycanın sözügedən təşkilata 3 illik sədrliyi zamanı bizi narahat edən, maraqlandıran bir sıra məsələlər qaldırıla bilər. Bu baxımdan Azərbaycanın nüfuzlu hərəkata 3 il müddətinə sədrlik etməsi diplomatik və siyasi cəbhələrdə növbəti uğurlara yol açacaq. Ölkə başçısı nitqində məhz bu məqama belə toxunmuşdur: “Azərbaycan hərəkata sədrlik edəcəyi müddətdə öz prioritetlərini üzv dövlətlərlə birgə həyata keçirmək üçün ardıcıl səylər göstərəcəkdir”.

 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

 

30 Oktyabr 2019 14:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə