Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə nümayəndə heyəti Cənubi Koreyada səfərdədir

Niyazi Bayramov “2019–CICA şəhər merlərinin Zirvə Toplantısı”nda iştirak edir

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Cənubi Koreyanın Qvanqju şəhərində keçirilən “2019 – CICA şəhər merlərinin Zirvə Toplantısı”nda iştirak edir. “Kreativ, innovativ şəhər inşa etməkdə yerli icra strukturlarının rolu” mövzusunda təşkil olunan zirvə toplantısında Avropa və Asiyanın 15 müxtəlif şəhərindən dəvət olunmuş nümayəndələr iştirak edirlər. Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov və səfirliyin əməkdaşları da toplantıya qatılıblar.
Zirvə toplantısının açılışında çıxış edən Niyazi Bayramov Gəncənin tarixi, mədəniyyəti, iqtisadiyyatı və əldə edilən nailiyyətləri barədə geniş məlumat verib. Toplantının əhəmiyyətindən söz açan Gəncə şəhər rəhbəri bildirib ki, bu kimi tədbirlər “ağıllı” şəhərlərin yaradılması üçün ideya və fikir mübadilələrinin aparılması, qarşılıqlı yardım, tərəfdaşlıq və əməkdaşlıq imkanlarının təhlil edilməsi baxımından olduqca faydalıdır. Həmçinin Niyazi Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət müstəvisində bir çox dövlətlərlə və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıqların qurulduğunu qeyd edib. Sonra Gəncə haqqında video-çarx nümayiş olunub.
Səfər çərçivəsində Niyazi Bayramovun Qvanqju şəhərinin meri Li Yonqsapla görüşü olub. Görüş zamanı Azərbaycanla Koreya arasındakı dostluq əlaqələrindən söhbət açılıb, Gəncə və Qvanqju şəhərlərinin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşün sonunda Niyazi Bayramov Gəncə şəhərinin nümayəndə heyəti adından Qarabağ xalçasını hədiyyə olaraq merə təqdim edib.
Zirvə toplantısı işini davam etdirir.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

30 Oktyabr 2019 14:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə