Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda keçirilmiş beynəlxalq tədbir Ermənistan rəhbərlərini təşvişə salıb

Biz səbir, dözümlülük, konstruktivlik göstəririk. Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz ­haqqımızı tələb edirik.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə sənədə imza atması İrəvanda gözlənilən effekti verdi. İşğalçı ölkənin rəsmiləri artıq ağlını itirmiş adam kimi danışırlar. Hətta Bakıda yüksək səviyyədə keçirilmiş Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşünün Yekun sənədi ilə bağlı bəyanat verən Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi də özünü gülünc vəziyyətə salıb. Ekspertlər yazırlar ki, qurumun 28 oktyabr 2019-cu il tarixli bəyanatı uğursuz erməni xarici siyasətinin acizliyinin və çarəsizliyinin növbəti göstəricisidir.

Özü işğalla, soyqırımı törətməklə bədnam olan Ermənistan rəhbərliyi Qoşulmama Hərəkatının üzv dövlələtini məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə ittiham etmişdir. Utanmasan, oynamağa nə var? Bu boyda qaniçənlikləri törətmiş İrəvan rəhbərliyi dünya ölkələrindən özünə hörmət gözləyir. Ermənistan rəhbərliyinin Qoşulmama Hərəkatının üzv dövlətlərinə qarşı bu kimi qeyri-etik və qeyri-diplomatik ifadələrdən istifadə etməsi həmin ölkənin indiki rəhbərliyinin səviyyəsini tam şəkildə ortaya qoyur.
 Fakt ondan ibarətdir ki, “saman çöpündən yapışmaq” istəyirlər. Bu isə çarəsizliyin və təlaş içərisində olmanın göstəricisidir. Həm çarəsizlikdən, həm də səviyyəsizlikdən yaranan faktdır ki, İrəvan rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq münasibətlərdə sivil davranışa hörmətsiz və məsuliyyətsizcəsinə yanaşır. 
Politoloqların fikrincə, Bakı Zirvəsinin Yekun sənədində əks olunmuş müddəalar təcavüzkar və işğalçı Ermənistanın beynəlxalq təcridinin artmasını bir daha nümayiş etdirmişdir. Qoşulmama Hərəkatının üzv dövlətləri daxil olmaqla dünya ictimaiyyətinin Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının mövqeyini dəstəkləməsi yalnız bu mövqenin haqlı və ədalətli olmasından irəli gəlir. Ermənistan xarici işlər nazirliyinin cəfəng bəyanatına münasibət bildirən ekspertlər yazırlar ki, 120 dövlətin səhv mövqe tutmasını, tək Ermənistanın düzgün addım atmasını söyləmək cəfəngiyyatdan başqa bir şey deyil.
Təkcə Bakıda keçirilən beynəlxalq tədbirlərdə deyil, ümumiyyətlə, BMT başda olmaqla bütün beynəlxalq təşkilatların tribunasından deyilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və həmin torpaqlar dərhal işğaldan azad edilməlidir. Hamı görür ki, Azərbaycan Respublikası beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə qlobal və regional səylərə daim fəal dəstək verir, dövlətlərarası və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verməkdə davam edir. Bakıda mütəmadi olaraq təşkil olunan müxtəlif beynəlxalq tədbirlər, mötəbər beynəlxalq təşkilatlarda sədrliyin Azərbaycana etimad olunması dünya ictimaiyyətinin ölkəmizə verdiyi yüksək qiymətin təzahürüdür.
Bəs Ermənistan neyləyir? Ermənistanın neylədiyini 2016-cı il aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev bu şəkildə ifadə etmişdir: “ Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə, onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik... Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm”.
Dövlət başçımız özü bütün beynəlxalq normaları pozan, sonra isə dünyanın 120 dövlətinin rəsmisinə diplomatiya dərsi vermək istəyən Ermənistan rəhbərlərinə hələ o vaxt – məlum Aprel döyüşləri davam edən günlərdə başa salmışdı ki, Ermənistan bütün beynəlxalq normaları pozubdur: “BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, digər təşkilatların qərar və qətnamələrini saymır. İşğal edilmiş torpaqlarda bütün binaları, tarixi, dini abidələrimizi vəhşi kimi dağıdıb. ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş torpaqlarda iki dəfə olmuşdur. Onların məlumatları bizdə var. Bizim məscidlərimiz, qəbirlərimiz, tarixi abidələrimiz, binalarımız, muzeylərimiz dağıdılıb. Bütün qiymətli əşyalar talan edilib. Bu, misli görünməmiş vəhşilikdir. Bu gün İrəvanda ən yüksək kabinetlərdə oturan cəlladlar vəhşicəsinə Xocalı soyqırımını törətmişlər. Onlar bunun cavabını verməlidirlər, yoxsa yox?!”
Bəli, onlar bunun cavabını verəcəklər, cənab Ali Baş Komandan. O gün uzaqda deyil!

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

30 Oktyabr 2019 14:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 İyun 2020 | 17:05
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə