Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümid edirəm ki, bu roman Azərbaycanda maraqla qarşılanacaq

Son zamanlar türk dünyası ilə bağlı bədii və tarixi əsərlərin işıq üzü görməsi, bu cür kitabların maraqla qarşılanması təqdirəlayiq haldır. Tanınmış türk jurnalist, araşdırmaçı, “Türkiyə” qəzetinin köşə yazarı Məryəm Aybikə Sinanın qələmə aldığı romanlar da türk tarixinin tanınmış şəxsiyyətlərinə həsr edilmişdir. Keçən ay Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəvəti ilə Bakıya gəlmiş yazarın “Azərkitab” Kitab Təbliğatı Mərkəzində oxucularla görüşü və imza günü keçirildi. Yazıçının Azərbaycan Xalq Cümhuriyyətinin Baş Naziri, görkəmli şəxsiyyət Nəsib bəy Yusifbəylinin həyatına həsr edilmiş roman yazdığını bildirməsi söhbətimizin əsas mövzusu oldu.

– Məryəm xanım, tədbirdə yeni romanınızın qəhrəmanının Nəsib bəy Yusifbəyli olduğunu söylədiniz. İstərdik ki, yeni əsəriniz barədə oxuculara daha geniş məlumat verəsiniz. Öncə özünüzü oxucularımıza təqdim edin.
– On iki-on üç ildir ki, köşə yazarlığı ilə məşğulam. “Kanal 7” media qrupunda işləmişəm, son iki ildə “Türkiyə” qəzetində köşə yazıram. İndiyə kimi, 11 kitabım işıq üzü görüb.
– Əsərlərinizin bir çoxu tarixi mövzudadır, türk dünyası tarixi şəxsiyyətlərini qəhrəman olaraq seçirsiniz? Tarixi mövzulara marağınız haradan yaranıb?
– İxtisasca türkoloqam. Uşaqlıqdan türk dünyasına olan sevgim məni türkologiyaya gətirib. Türk olduğuma görə hər zaman qürur duyuram. Tarixini bilməyən insan yaxşı vətəndaş ola bilməz. Çünki cəmiyyətinə faydalı olmaq üçün hər kəs öz keçmişini, tarixini yaxşı bilməlidir. Bu günə qədər çap olunan əsərlərimin bir çoxunu tarixi romanlar təşkil edir. Və bunu sevərək edirəm. Əsas məqsədim gənc nəsillərə tariximizdə böyük işlər görmüş şəxsiyyətlərimizin fəaliyyətini bədii əsərlərin dili ilə çatdırmaqdır. Romanlarımda son zamanlar daha çox türk tarixində mühüm rol oynamış qadınları əsas qəhrəman kimi seçmişəm. XV əsrdə yaşamış türk ədəbiyyatının ilk qadın şairi Mehri Xatunla bağlı bir roman yazmışam. Sonra Hindistanda 4 il hakimiyyətdə olmuş Dehli sultanı Raziyə bəyim Sultanın həyatına bir roman həsr etdim. Bir gün Şəfiqə Qaspıralı haqqında kitab oxuyurdum. Diqqətimi çəkdi, gördüm ki, son 100 ildə türk dünyasının ən önəmli qadınlarından biri də əslən Krım tatarı olan İsmayıl bəy Qaspıralının qızı Şəfiqə xanım Qaspıralıdır. O, istər Krımda, Tatarıstanda, istərsə də Azərbaycanda yaxşı tanınır. Onun fəaliyyətini qələmə almaq üçün yola çıxdım. Lakin bir müddət sonra gördüm ki, mən daha çox Şəfiqə xanım Qaspıralının həyat yoldaşı, Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri, dəyərli ziyalı Nəsib bəy Yusifbəylinin fəaliyyətini qələmə alıram. Açığını deyim ki, Şəfiqə xanımı araşdırarkən Nəsib bəyi o qədər dərindən tanımırdım. Apardığım araşdırmalar, oxuduğum kitablar və Azərbaycana gəliş-gedişlərimin nəticəsində onun Azərbaycan tarixi baxımından çox önəmli ictimai xadim olduğunu bildim. Və bu məqamda qeyd edim ki, onun özünün layiq olduğu şəkildə araşdırılıb ictimaiyyətə çatdırılmadığını düşünürəm. Çünki o, 101 il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından biri olub. Dövlətin əsas qanun və layihələri həm də onun əməyi sayəsində hazırlanıb. Nəsib bəy başda olmaqla AXC qəhrəmanlarından bir çoxu erməni terrorçuları tərəfindən qətlə yetirilmişdir. Fətəli xan Xoyskinin məzarı Gürcüstanda olsa da, Nəsib bəyin bir anıt məzarı belə yoxdur. Mən çox istərdim ki, bu dəyərli insanın xatirəsinin əbədiləşdirilməsi üçün bir nişanəsi olsun. 
– Romanın məzmunu barədə bir az danışmağınızı istərdim.
– Romanda baş verən hadisələr Bakı, Gəncə, Krımda, eləcə də İstanbulda cərəyan edir. Nəsib bəy Odessada tələbə olarkən tez-tez Krıma gedir, İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzeti ilə əməkdaşlıq edirdi. Nəsib bəyin fəaliyyəti çoxşaxəlidir. O, təkcə dövlət adamı deyil, həm də bir işıqlı ziyalı, yazar və pedaqoq idi. Bu baxımdan onun bu fəaliyyətini gənclər mütləq bilməli, araşdırmalıdır. Əgər gənclik dəyərli şəxsiyyətlərini tanımasa, gələcəyə əmin addımlarla gedə bilməz, güclü olmaz. Nəsib bəyin mülki əhalini silahlı daşnaklardan qorumaq üçün “Difai” təşkilatındakı fəaliyyəti, “Qeyrət” təşkilatını qurması, insanları milli amallar uğrunda təşkilatlandırması, “Türk Ademi Mərkəziyyət Firqəsi” təşkilatını yaratması kimi məsələlərin hər biri ayrıca araşdırma mövzusu ola bilər. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında onun alın təri çoxdur. Romanı yazarkən Nəsib bəyin məktublarından çox yararlandım, onun axıcı dilinin, gözəl qələminin şahidi oldum. Onun, həmçinin türk ədəbiyyatının tanınmış simalarından olan Ahmet Haşimlə türk dili ilə bağlı fikir mübadiləsi də çox əhəmiyyətlidir. O, ortaq türk dili ilə bağlı yazdığı məqalədə deyir ki, siz ərəb və fars sözlərini çox istifadə etməyin, sadə anlaşıqlı türkcəni məsləhət görün, biz də ortaq bir dil formalaşdıraq. Əlbəttə ki, bu fikirlərin formalaşmasında türk dünyasının dəyərli fikir adamı İsmayıl bəy Qaspıralının da təsiri var. Nəsib bəy haqqında araşdırma apararkən az məlumat tapdım. Tapdığım məlumatların heç birinin də əsaslı elmi mənbələri yox idi. 
Türkiyədə Nəcib Əbdülhəmidoğlu və Ayşegül Əbdülhəmidoğlunun doktorluq dissertasiyası zamanı Şəfiqə xanımın verdiyi müsahibədə və Nəsib bəyin yazdığı məktublarda olan məlumatlardan daha çox yararlanmışam. Şəfiqə xanım öz xatirələrində Nəsib bəy haqqında zəngin məlumatları bölüşüb ki, bu da mənim romanım üçün çox önəmli idi. Romanda, həmçinin Nəsib bəy və Şəfiqə xanım arasında olan məhəbbətə də özəlliklə yer ayırmışam. Şəfiqə xanımın Krımda, Bakıda və İstanbuldakı həyatı, onun Nəsib bəyə olan sevgisi və incikliyi romanda yer alıb. AXC süquta uğradıqdan sonra Şəfiqə xanım iki uşaqla təkbaşına qalır. Atatürkün Bakıya böyükelçi olaraq göndərdiyi tanınmış ədəbiyyat xadimi Memnu Şefket Esendal onların gizlicə Türkiyəyə qaçmalarına kömək edir.
Şəfiqə xanımın sonrakı həyatı da hüznlü və çətinliklə keçir. Bir daha Krıma dönə bilmir. Həzin bir eşq hekayəsini çalışdım ki, romanımda əks etdirim. İnanıram ki, bu romanla Nəsib bəy Yusifbəylinin həyat və fəaliyyətinə yenidən baxış olacaq, digər araşdırmaçılar da bu dəyərli ziyalının fəaliyyətinin kölgədə qalan hissəsini araşdıracaqlar. Kitab “Ötükən” Yayın Evinə təqdim edilib. İnanıram ki, onun vətənsevərliyi, türk dünyasına bağlılığı Azərbaycan gəncliyi üçün də örnək olacaq. Nəsib bəy deyird: “Kim demiş ki, biz Azərbaycan türkləri müstəqilliyimizi qazana bilmərik, biz böyük millətik”. 
Sevindrici haldır ki, 70 il sonra Azərbaycan xalqı yenidən öz müstəqilliyini bərpa etdi və bu gün uğurla gələcəyə doğru irəliləyir. Nəsib bəyin Azərbaycan gəncliyinə ünvanladığı bir xitabından söz açmaq istəyirəm. Qafqaz İslam ordusunun Nuru paşanın komandanlığı altında Bakıya gəlməsi zamanı o, gənclərə müraciət edərək Vətəni müdafiəyə çağırırdı. O dövrün qəzetlərində bu çağırış işıqlandırılıb. O xitabı oxuyarkən Atatürkün gəncliyə xitabını xatırladım və duyğulandım. Tezliklə romanın Azərbaycan oxucusuna təqdim olunmasını gözləyirəm. İnanıram ki, Nəsib bəy Yusifbəylinin əziz xatirəsinə həsr etdiyim bu əsər onu Azərbaycan gəncliyinə daha yaxından tanıdacaq.

 

Söhbətləşdi:
Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

 

 

30 Oktyabr 2019 13:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə