Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriyalılar Türkiyə–Rusiya və Türkiyə–ABŞ razılaşmalarını alqışlayırlar

Suriya müxalifəti hesab edir ki, Cenevrədə Suriya nizamlaması üzrə danışıqlar davam etdirilməli və Konstitusiya Komitəsinin iclasları ilə paralel aparılmalıdır. Bu barədə Suriya müxalifətinin Konstitusiya Komitəsindəki nümayəndə heyətinin rəhbəri Hadi Əlbəhr bildirib. Məlumatı RİA “Novosti” verib. 
“Biz ümid edirik ki, belə də olacaq. Çünki Konstitusiya Komitəsinin işi məsələnin yalnız bir hissəsidir”, – deyə Əlbəhr bu barədəki sualı cavablandırarkən deyib.
O xatırladıb ki, Suriya nümayəndə heyətləri Cenevrə danışıqları çərçivəsində aparılacaq diskussiyanın proqramını razılaşıblar. Danışıqlar dörd səbət üzrə getməlidir – konstitusiya, idarəetmə, seçkilər və terrorizmlə mübarizə. Əlbəhr deyib: “Ona görə də biz hesab edirik ki, ölkədə terrorizmə qarşı mübarizə davam etdirilməlidir. İdarəetmə və seçkilər məsələsində indiyədək heç bir irəliləyiş yoxdur. Biz istərdik ki, bu iki istiqamət və konstitusiya üzrə danışıqları irəli aparmaq üçün Cenevrə prosesi bərpa olunsun”.
Onun sözlərinə görə, Suriya müxalifətinin təmsilçiləri nizamlama ilə bağlı danışıqların bərpası məsələsini BMT-nin xüsusi nümayəndəsi Qeyr Pedersenlə müzakirə ediblər: “Cənab Pedersen də bizimlə eyni məqsədi bölüşür və ümid edirik ki, digər qruplar da bu mövqe ilə razılaşacaqlar”.  
“Biz Suriyanın şimal-şərqində problemin həlli ilə bağlı Türkiyə–Rusiya və Türkiyə–ABŞ razılaşmalarını alqışlayır və ümid edirik ki, ölkədəki başqa problemlər də beləcə həllini tapacaq. Silahlar nə qədər çox susarsa, siyasi meydanda bir o qədər nəticə əldə edilər”, – deyə müxalifət lideri bildirib. 
Əlbəhr deyib ki, Suriya danışıqlarının tərəfləri arasında etimadı möhkəmlətmək üçün məhbusların azad edilməsi və humanitar məsələlər üzrə də tədbirlər görülməlidir. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

30 Oktyabr 2019 13:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə