Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş festival başa çatdı

Heydər Əliyev Sarayında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – F.Kərimov), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – G.İmanova) və Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına Xorunun (bədii rəhbər və dirijor Ş.Ələkbərova) iştirak etdiyi konsert proqramı ilə  festivala yekun vurulub.

Tədbirdə tanınmış bəstəkarlar --Oqtay Rəcəbovun “Zəfər himni” kantatası, Sərdar Fərəcovun  “Sonsuzluq karvanı” oratoriyası,  Ceyhun Allahverdiyevin “Əbədi sevgimsən” kantatası, Tural Məmmədlinin “Təbrizim”  kantatası, Pikə Axundovanın “Məhsəti” operasından Məhsəti və Əmir Əhmədin dueti, Firəngiz Əlizadənin  “Nəsimi ilahiləri” və Qara Qarayev “Zamanın bayraqdarı” -kantatası səslənib.

Qeyd edək ki, festival çərçivəsində Kamera və orqan musiqisi zalında orqan musiqisi və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti, Azərbaycan Bəstəkarlar İttifaqında “Son illərdə Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri və perspektivləri” mövzusunda elmi konfrans, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında kamera konserti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Sevil” operasının tamaşası, R.Behbudov adına Dövlət Mahnı Teatrında Zabitlər Evinin “Sərhədçi” İnstrumental Ansamblının konserti və Azərbaycan Bəstəkarlar İttifaqında kamera-instrumental və vokal musiqisindən ibarət konsert təqdim edilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

30 Oktyabr 2019 13:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə