Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlillər üçün yeni "Reabilitasiya Konsepsiyası” layihəsi hazırlanır

“Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı reabilitasiya işinin mütərəqqi dünya təcrübələri əsasında yenidən qurulması məqsədilə yeni “Reabilitasiya Konsepsiyası” sənədinin layihəsi üzərində iş gedir. Hazırda Almaniyanın Bədbəxt Hadisələrdən Sığorta Agentliyi ilə bu istiqamətdə əməkdaşlıq həyata keçirilir”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Finlandiyanın Azərbaycandakı səfirinin ofisi və Azərbaycan Əlillər Təşkilatları İttifaqının birgə təşkil etdiyi “Əlilliyi olan şəxslərin hüquqları” mövzusunda seminarda çıxışı zamanı deyib.

Nazir müavini Azərbaycanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqda Konvensiyası”nı ratifikasiya edən ilk ölkələrdən olduğunu bildirib. Qeyd edib ki, milli qanunvericiliyin bu Konvensiyanın prinsiplərinə və mütərəqqi beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun tətbiqi ilə əlaqədar 20-ə yaxın yeni normativ hüquqi akt hazırlanıb.

Bildirilib ki, əlilliyin qiymətləndirilməsi üzrə Azərbaycanın e-sistemi Beynəlxalq Sosial Təminat Assosiasiyasının  xüsusi mükafatına layiq görülüb. Eyni zamanda, Azərbaycanın bu təcrübəsi Qazaxıstan Respublikası tərəfindən öyrənilərək tətbiq edilir. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yeni yaradılan “Reabilitasiya” altsisteminin də önəmini diqqətə çatdırılıb.  Həmçinin bildirilib ki, hazırda nazirliyin 14 reabilitasiya mərkəzindən 8- nin (Mərdəkan Pansionatının, Yevlax, Naftalan, Xaçmaz, Şəki, Lənkəran və Sumqayıt bərpa mərkəzlərinin, eləcə də Protez Ortopedik Bərpa Mərkəzinin) əsaslı təmir və bərpadan sonra cari ilin sonuna qədər istifadəyə verilməsi, respublikanın bölgələrində yeni reabilitasiya mərkəzlərinin tikintisi nəzərdə tutulub.

A.Kərimov əlilliyi olan şəxslərin turizm, internet xidmətlərindən cəmiyyətin digər üzvləri ilə bərabər şəraitdə faydalanması, onlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısının, işarət dilinin (jestika) istifadəsinin genişləndirilməsi,  əlillərin reyestrinin formalaşdırılması, yeni peşə-sosial reabilitasiya mərkəzlərinin yaradılması və s. istiqamətlərdə aparılan işlər barədə də ətraflı məlumat verib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 Oktyabr 2019 13:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə