Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tərtərdə Uşaq Günərzi Qayğı və Regional Peşə Təlimi mərkəzləri fəaliyyət göstərir

Tərtərdə Uşaq Günərzi Qayğı və Regional Peşə Təlimi mərkəzləri fəaliyyət göstərir

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla Tərtər rayonundakı Uşaq Günərzi Qayğı Mərkəzinə, burada xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün yaradılmış şəraitə və  göstərilən xidmətlərə  baxış keçiriblər.

S.Babayev mərkəzin əməkdaşları ilə söhbətində vurğulayıb ki, Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli sərəncamının icrası olaraq, ölkəmizdə reabilitasiya yönümlü sosial xidmətlərin əhatə dairəsi dəfələrlə genişlənib. Bu xidmətləri göstərən mərkəzlərin sayı 3 dəfədən çox artıb və xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər sosial xidmət layihələri ilə əhatə olunublar. Onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi də daim diqqətdə saxlanılır.

“Gələcəyə Qayğı” Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İB tərəfindən yaradılmış mərkəzdə uşaqların yarımstasionar şəraitdə təlim-tərbiyəsi, qidalanmaları, eləcə də müxtəlif dərnəklər vasitəsilə bacarıqlarının inkişaf etdirilməsi üçün pedaqoqlar, tərbiyəçilər, sosial işçilər, psixoloqlar, musiqi müəllimi və b. tərəfindən işlər aparılır. Uşaqların asudə vaxtının maraqlı keçməsi üçün ekskursiyalar, müxtəlif gəzintilər də təşkil edilir.

Nazir göstərilən reabilitasiya yönümlü sosial xidmətlərlə bağlı mərkəzin kollektivinə müvafiq tapşırıqlar verib.

S.Babayev, həmçinin Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər Regional Peşə Təlimi Mərkəzi ilə də tanış olub. Fondun sədri, Nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev Mərkəzin fəaliyyəti barədə məlumat verib. Peşə Təlimi Mərkəzində həssas qruplardan olan insanların cəlb edildiyi peşə kurslarında aparılan tədris prosesi nəzərdən keçirilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

29 Oktyabr 2019 12:23 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə