Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müasir oftalmologiyanın son nailiyyətləri müzakirə olunub

Müasir oftalmologiyanın son nailiyyətləri müzakirə olunub

Şəkidə Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə gənc oftalmoloqların “Müasir oftalmologiyanın son nailiyyətləri” mövzusunda XIII elmi-praktik konfransı keçirilib. “Marxal resort & spa” otelinin “Nuxa” konfrans zalında keçirilən tədbiri Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Elmar Qasımov açaraq, konfransın əsas məqsədinin gənc oftalmoloqların bilik və bacarıqlarını nümayiş etdirmək, oftalmologiya sahəsində əldə olunan son nailiyyətləri, yeni müayinə və müalicə metodlarını müzakirə etmək və öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaq olduğunu diqqətə çatdırıb.

Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri,  Ankaradan gəlmiş doktor Sunay Duman belə tədbirlərin gənc oftalmoloqlara yeni, müasir texnologiyaları öyrətmək baxımından olduqca faydalı olduğunu bildirib, konfransın işinə uğurlar arzulayıb.

Elmi-praktik konfransda Milli Oftalmologiya Mərkəzinin əməkdaşları Rəvanə Həsənova “Müxtəlif sindromlar zamanı retinitis piqmentozanın xüsusiyyətləri”, Aysel Əkbərova “Vaxtından əvvəl doğulmuşların retinopatiyasının müalicəsində ilkin nəticələrimiz”, tibb üzrə fəlsəfə doktoru Aygün Səfərova “40 yaşdan yuxarı pasiyentlərdə keratorefraktiv əməliyyatların xüsusiyyətləri”, (“Buynuz qişa ablyasiyasının incəlikləri”), tibb üzrə fəlsəfə doktoru Mirana Mirişova “Şübhəli topoqrafiyalı gözlərdə PRK üsulunu və CCL texnologiyasını istifadə edərək, miopiyanın və astiqmatizmin müalicəsi”, Dünyagöz Xəstəxanasının oftalmoloqu Nərgiz Bədəlova “İrrequlyar astiqmatizmin qeyri-cərrahi korreksiya üsulları” mövzularında məruzələrlə çıxış ediblər. Konfransda, həmçinin “Eksimer-lazer cərrahiyyədə “contoura vision” yeni texnologiyanın tətbiqi”, “Quru göz sindromunda invaziv müalicə üsulları”, Buynuz qişanın zədədən sonrakı xoralarının kliniki-laborator dəyərləndirilməsi” və digər mövzularda məruzələr dinlənilib.

Doktor Sunay Duman deyib: “İyirmi ilə yaxındır ki, Azərbaycanda oftalmologiya sahəsində keçirilən tədbirlərdə iştirak edirəm. Azərbaycan son illər oftalmologiya sahəsində çox sürətlə inkişaf edərək, ən yüksək zirvələrə gəlib çatıb. Azərbaycanlı oftalmoloqlar müasir oftalmologiya sahəsindəki yenilikləri çox yaxından izləyirlər. Xüsusilə, gənc oftalmoloqlar onlara bəslənilən inamı layiqincə doğruldaraq çox böyük uğurlar əldə ediblər”.

Cəmiyyətin türkdilli ölkələrdən 2600-dək oftalmoloq üzvünün olduğunu diqqətə çatdıran sədr bildirib ki, Azərbaycan bu qurumda 548 nəfərlə təmsil olunur. S.Duman qeyd edib ki, Azərbaycanda oftalmologiya sahəsində əldə edilən nailiyyətlər onu deməyə əsas verir ki, artıq ölkə vətəndaşlarının sağlamlıqlarına əlac tapmaları üçün başqa ölkələrə getmələrinə heç bir ehtiyac qalmayıb: “Oftalmologiya sahəsində olan yenilikləri bölüşmək, təcrübə mübadiləsi aparmaq üçün Azərbaycanda hər il 5-6 toplantı, konfrans keçirilir. Bu tədbirlərdə yeni müalicə və müayinə metodları barədə geniş fikir mübadiləsi aparılır, müasir dövrdə oftalmologiyanın qarşısında duran məsələlər müzakirə edilir. Bu tədbirlər gənc oftalmoloqlara yeni, müasir texnologiyaları öyrətmək baxımından olduqca faydalıdır. Biz hər zaman iki dövlət, bir millət olmağın sevincini, qürurunu yaşamışıq. Azərbaycanı hər zaman ikinci Vətənimiz bilirik. Qardaşlığımız, dostluğumuz bundan sonra da davam edəcək”.

Konfrans işini uğurla başa çatdırıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 Oktyabr 2019 15:16 - SƏHİYYƏ
SƏHİYYƏ
16 Noyabr 2019 | 11:57
Diabet: Ailənizi qoruyun!

Köhnə versiyamızdan xəbərləri izlə