Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həssas qrupların kiçik biznesə çıxışında özünüməşğulluq proqramının rolu

Həssas qrupların kiçik biznesə çıxışında özünüməşğulluq proqramının rolu

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri və nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev Tərtər rayonunda “Sosial yardım asılılığından özünüməşğulluğa doğru” mövzusunda keçirilən ictimai müzakirədə iştirak ediblər.

Tədbir nazirliyin sosial sifarişi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən icra edilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində, nazirlik yanında İctimai Şuranın əmək və  sosial hüquqların müdafiəsi və  məşğulluq məsələləri üzrə işçi qrupu ilə birgə təşkil edilib.

BAMF-ın Tərtər rayonundakı Regional Peşə Təlim Mərkəzində keçirilən tədbirdə nazirliyin müvafiq bölgə üzrə yerli qurumlarının əməkdaşları, İctimai Şuranın ayrı-ayrı üzvləri, layihə iştirakçıları, özünüməşğulluq proqramına müraciət edən həssas qrupların nümayəndələri və b. iştirak ediblər. İctimai müzakirədən əvvəl tədbir iştirakçıları Regional Peşə Təlim Mərkəzinin fəaliyyəti, burada hazırlanan əl işləri ilə tanış olublar.

İctimai müzakirədə iştirak edən S.Babayev aparılan sosial islahatlar barədə maarifləndirmə işlərinin əhəmiyyətini, bu kimi tədbirlərin davam etdirilməsinin önəmini qeyd edib. O, nazirliyin müvafiq fəaliyyət sahələri üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq həyata keçirdiyini və tez-tez onlarla görüşlərin təşkil edildiyini, bu əməkdaşlıq müstəvisində qeyri-hökumət təşkilatlarından gələn rəy və təkliflərin daim diqqətdə saxlandığını  qeyd edib.

Nazir digər aktiv məşğulluq proqramlarının da genişləndirildiyini deyib. O, işsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarına yiyələnməsində onların əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığına cəlb edilməsinin əməmiyyətini qeyd edib. Qarşıdakı dövrdə bu sahədə işlərin miqyasının daha da artacağını və peşə tədrisi mərkəzləri şəbəkəsinin genişlənəcəyini bildirib.

U.Mirzəyev həssas qruplardan olan şəxslərin kiçik ailə biznesinə malik olmaları üçün nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramının əhali tərəfindən rəğbətlə qarşılandığını və bu proqramın mühüm sosial-iqtisadi önəm kəsb etdiyini deyib. O, həmçinin həssas qruplardan olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə hazırlığının təşkilinin əhəmiyyətindən bəhs edib.

Tədbirdə BAMF-ın vitse-prezidenti Ramil Əzizov, İctimai Şuranın işçi qrupunun rəhbəri Zaur Quliyev və digərləri çıxış ediblər. Özünüməşğulluq proqramı, onun əhəmiyyəti, proqramın icrasının müsbət nəticələri, proqrama müraciət qaydaları, özünüməşğulluq proqramının həssas qrupların sosial yardımdan asılılığının aradan qaldırılmasında rolu, proqramın perspektivləri və s. bəhs olunub. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarla işləyən QHT-lərin, tədbir iştirakçılarının rəy,  təklif və tövsiyələri dinlənilib. Bu təkliflərin, tövsiyələrin aidiyyəti üzrə  təqdim ediləcəyi və diqqətdə saxlanılacağı bildirilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 Oktyabr 2019 15:01 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə