Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalının açılışı olub

Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalının açılışı olub

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalının açılışı olub.

Açılış mərasimində Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulan qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər olub.

Vurğulanıb ki, Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin tənzimlənməsində, musiqi sənətimizin inkişaf etdirilib dünya miqyasında tanıdılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olub. Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri ölkəmizin öz dövlət müstəqilliyini bərpa etməsindən sonrakı illərdə ümummilli lider Heydər Əliyevin yaradıcı şəxslərə xüsusi dəstəyi, müəlliflərin hüquqlarının qorunmasına, onların yaradıcılığı üçün əlverişli şəraitin yaradılmasına göstərdiyi böyük diqqət və qayğı sayəsində daha da artıb.

Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən F.Əlizadə deyib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrdə Azərbaycan Bəstəkarlar İttifaqı da yaxından iştirak edir.

Yubiley münasibətilə təşkil olunan musiqi festivalı barədə danışan Firəngiz Əlizadə qeyd edib ki, oktyabrın 28-də  festivala yekun vurulacaq.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrinin bu gün də uğurla davam etdirildiyini söyləyib. Nazir bildirib ki, Azərbaycanın müstəqilliyi dövründə bu qurumun özünün yaradıcılıq potensialını səfərbər edərək ölkənin mədəni həyatında layiqli bir yer tutması əlamətdar haldır. İttifaq Azərbaycan musiqisinin inkişafında mühüm rol oynayıb. Müxtəlif dövrlərdə bu quruma rəhbərlik edən Qara Qarayev, Tofiq Quliyev və digərləri Azərbaycan musiqisinin inkişafına dəyərli töhfələr veriblər.

Vurğulanıb ki, bu gün Azərbaycan musiqisi ölkəmizin hüdudlarından kənara çıxıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə Azərbaycan mədəniyyətinin təqdimatları keçirilir. Sözsüz ki, bu təqdimatlar çərçivəsində musiqimiz ən əsas qüvvədir.

Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətini yüksək qiymətləndirən nazir musiqimizin tanınmasında və daha geniş təbliğ olunmasında, yeni əsərlərin ərsəyə gəlməsində, müxtəlif layihələrin həyata keçirilməsində qurumun böyük rolu olduğunu söyləyib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 Oktyabr 2019 12:22 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə