Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadi müşavirə ilə bağlı görüləcək işlər müzakirə olunub

İqtisadi müşavirə ilə bağlı görüləcək işlər müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində transfert məbləğinin payı 2017-ci ildəki 39 faizdən ötən il 35,6 faizə, bu il isə 32,8 faizə enib. Əhaliyə sosial ödənişlərin ciddi şəkildə artdığı şəraitdə transfert məbləği azalmaqdadır. Bunu Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsi məqsədilə ƏƏSMN-də keçirilən kollegiya iclasında nazir Sahil Babayev bildirib.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, qarşıdakı dövrdə də sosial sahədə islahatlar uğurla davam etdirilməklə və daha da genişləndirilməklə, idarəetmə və xidmət sahələrində şəffaflığın, vətəndaş məmnunluğu prinsipinin yüksək səviyyədə təminatı olacaq.  Ölkədə ilk proaktiv xidmət kimi, 2019-cu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Bu günlərdə növbəti addım kimi, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı da elektronlaşdırılıb və ilin sonunadək 10-dək müavinət və təqaüd növü üzrə də təyinat mexanizmi  elektronlaşacaq.

Ünvanlı sosial yardım sisteminin də təkmilləşdirildiyini deyən S.Babayev ümumilikdə bu proqramın aztəminatlı ailələrə daha əlçatan olmasının təmin edilməsi  işlərinin aparıldığını və proqramın əhatə dairəsinin genişlənəcəyini bildirib. O, həmçinin 2500-dək yalnış əlillik təyinatının da aparılan araşdırmalar nəticəsində aşkar edilərək ləğv olunduğunu, yeni əlillik təyinatlarının aparılmasına da ciddi nəzarətin həyata keçirilməsini tapşırıb. Aktiv məşğulluq tədbirlərinin ildən-ilə gücləndirildiyini deyən S.Babayev bildirib ki, bu ilin 9 ayında  62 minə yaxın şəxs məşğulluq orqanları tərəfindən işlə təmin edilib. Bununla belə, bağlanan əmək müqavilələrinin sayında məşğulluq orqanları tərəfindən işlə təmin edilənlərin payının artırılması üçün səylər gücləndirilməlidir.  S.Babayev vurğulayıb ki, DOST xidmətləri, eyni zamanda, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasında da bir nümunə formalaşdırıb. DOST mərkəzində xidmətlərin vətəndaşa tam çatdırılma müddəti 15 dəqiqəyə enib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda və Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsində də müasir tələblərə uyğun Qəbul Mərkəzləri fəaliyyət göstərir. Nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Əzizov vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülən işlər, müraciətlərdə əksini tapan məsələlərlə bağlı aparılmış təhlillərin nəticələri barədə məlumat verib.

İclasda vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülən işlər, həmçinin vətəndaşların müraciətlərində əksini tapan məsələlərlə bağlı aparılan təhlillərin nəticələri də ətraflı müzakirə olunmaqla, aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

26 Oktyabr 2019 12:38 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə