Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qadınlara və məişət zorakılığına qarşı mübarizəyə çağırış

Qadınlara və məişət zorakılığına qarşı mübarizəyə çağırış

Milli Məclisdə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qənirə Paşayeva bu konvensiyaya qoşulmağımızın, bununla bağlı qanunun qəbul olunmasının vacibliyi haqqında geniş fikirlərini bölüşüb.

Q.Paşayeva 18 yaşına çatmamış uşaqlarımızı qorumaq üçün bütün vacib qanun və qərarları qəbul etməli və onların yerinə yetirilməsi istiqamətində müvafiq qurumlar ciddi addımlar atmalıdır deyib və bir sıra təkliflərlə çıxış edib. Deputat hökümət və parlamenti  digər vacib bir konvensiyanı -- qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasını (İstanbul Konvensiyasını) da imzalamağa və ratifikasiya etməyə çağırıb.

Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması istiqamətində ölkəmizin birinci vitse prezidenti Mehriban xanım Əliyevanın deputat kimi fəaliyyət göstərdiyi dövrdə qanunvericilik sahəsində önəmli addımlar atıldığını vurğulayan Q.Paşayeva “ölkəmizin bu konvensiyanı imzalaması və ratifikasiya etməsi dövlətimizin beynəlxalq imici üçün də vacib bir məsələdir, amma ən əsası bu ilk növbədə bizim insanlarımız üçün lazımdır” - deyib. “Öncə  zorakılıq qurbanı olan qadınlarımızın, məişət zorakılığının qurbanı olan insanlarımızın hüquqlarının daha yaxşı qoruna bilməsi üçün lazımdır” -deyən Q. Paşayeva bildirib ki, qadınlara qarşı zorakılığın, məişət zorakılığının artması hamımızı ciddi narahat etməlidir və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi bu cür ciddi narahatlıq doğuran problemlə mübarizə istiqamətində fəaliyyətimizi daha da gücləndirməliyik. “Ona görə də mən qısa zaman da bu konvensiyanın da imzalanıb, ratifikasiya edilməsinə və ümumiyyətlə qadınlara qarşı zorakılıq, məişət zorakılığı ilə daha fəal və sərt mübarizəyə çağırıram”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti"

25 Oktyabr 2019 11:34 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə