Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Firəngiz Əlizadə yaradıcılığında təşkilatçılıq bacarığı

 Firəngiz Əlizadə yaradıcılığında təşkilatçılıq bacarığı

                                                                     (Azərbaycan Bəstəkarlar İttifaqının 85-illiyi münasibətilə)

 

Azərbaycan musiqisinin bünövrəsi dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş milli bəstəkarlıq məktəbimizin bu günkü müvəffəqiyyətlərində bir çox bəstəkarların böyük payı vardır. Ü.Hacıbəylidən başlayaraq bəstəkarların bir neçə nəslinin istetadlı nümayəndələri XX əsrdə Azərbaycan musiqisinin yüksələn xətlə inkişafını və ümümdünya miqyasında tanınıb nüfuz qazanmasını təmin etmişlər. Milli bəstəkarlıq məktəbimizin təşəkkül tapdığı zamandan indiyə kimi inkişaf edən gözəl ənənələrini bu gün, XXI əsrdə yaşadan və davam etdirən bəstəkarlar içərisində də müxtəlif nəsillərin nümayəndələri vardır. Bəstəkarlarımızın yaşlı nəsli də, orta və gənc nəsilləri də bu gün həmin sağlam ənənələri hifz edərək, bunları inkişaf etdirir, dövrün tələblərini nəzərə alaraq, yeni cəhətlərlə zənginləşdirirlər.

Azərbaycan Respublikasının xalq artisti, professor, YUNESKO-nun “Sülh artisti” (2007), "Uğur" (2010), "Zirvə" (2011), "Üzeyir Hacıbəyli" (2016), "The First" (2017)  mükafatlarının, “Aga Khan Music Award” (2019) beynəlxalq mükafatının qalibi, “Şöhrət”  və  “Şərəf” (2017) ordenli, AMEA-nın müxbir üzvü (2017) Firəngiz Əlizadə çox cəhətli fəaliyyəti ilə nəinki milli musiqi mədəniyyətimizdə, dünya musiqi tarixində öz yerini tutmuş görkəmli musiqiçilərdən biridir. 

Firəngiz Əlizadənin yarım əsrə bərabər bir müddətdə davam edən yaradıcılığı çox maraqlı və rəngarəng əsərlərlə zəngindir. Həm təcəssüm etdirdiyi mövzu və obrazlar dairəsi, həm janr müxtəlifliyi, həm dəst–xəttinin xüsusiyyətləri baxımından F.Əlizadə yaradıcılığı tədqiqatçı üçün maraqlı bir sahədir. Onun bu günə kimi qələmindən çıxmış əsərlər külliyatının həm obrazlı məzmun cəhətdən, həm janr rəngarəngliyi baxımından zəngin və maraqlı olması, başlıcası isə bu əsərlərdə bəstəkarın artıq təşəkkül tapıb inkişaf etmiş dəst-xəttinin təzahür etməsi onun yaradıcılığı barədə ümumiləşdirilmiş müddəaların irəli sürülməsi zərurətini yaradır.

Musiqinin demək olar ki, elə bir sahəsi yoxdur ki,  Firəngiz Əlizadə burada qələmini sınamasın; operalar, baletlər, vokal-simfonik əsərlər, kamera orkestri üçün əsərlər və s.

F.Əlizadə 1974-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1979-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin katibi olmuşdur. Onun yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilərək 1990-cı ildə əməkdar incəsənət xadimi", 2000-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür. Q.Qarayev məktəbinin ən parlaq nümayəndələrindən biri olan F.Əlizadə 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilmiş və bu günə kimi həmin vəzifədə fəaliyyətini uğurla davam etdirir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında digər müəssisələrin, təhsil və elm ocaqlarının müstəsna xidmətləri olduğu kimi, Azərbaycan Bəstəkarlar İttifaqının da böyük rolu vardır. Bildiyimiz kimi Azərbaycan Bəstəkarlar İttifaqı 30 iyun 1934-cü ildə yaranıb. 1936-cı ildən bura dahi Üzeyir Hacıbəyli (1936-1948) rəhbərlik etmişdir. Ü.Hacıbəylinin vəfatından sonra İttifaqın sədri vəzifəsinə Səid Rüstəmov (1948-1952) seçilir. Azərbaycan Bəstəkarlar İttifaqı tarixində 30 illik böyük bir mərhələ məhz Qara Qarayevin (1953-1982) adı ilə bağlıdır, daha sonralar Aqşin Əlizadə (1985-1990), ondan sonra İttifaqın sədri bəstəkar Tofiq Quliyev (1990-2000), daha sonralar isə bəstəkar Firəngiz Əlizadə olmuşdur. Əsirlər keçsə, nəsillər dəyişsə də, növbəti gələn davamçılar sənət aləmindəki böyüklərin ənənələrinə sadiq qalır,  bu ənənələri yaşadıb, davam və zəmanəyə uyğun inkişaf etdirirlər.

Bəstəkar və musiqişünasları bir yerə cəmləyən Azərbaycan Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi olaraq, ölkəmizin mədəni həyatında fəal iştirak edir, yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli dəstək verir, özünün rəngarəng, əhəmiyyətli tədbirləri ilə musiqi həyatında daim canlanma yaradır, neçə-neçə nəsillərin fərdi istedad və bacarığını qeyd etməklə bərabər bu insanları doğma, isti bir ocaq kimi öz ətrafında cəmləyən Azərbaycan Bəstəkarlar İttifaqının müstəsna rolu danılmazdır. Məlum olduğu kimi, 1964-cü ildən 1991-ci ilin avqustuna kimi Bəstəkarlar İttifaqının istifadəsində olan bu bina Xalq artisti, professor Firəngiz xanım Əlizadənin İttifaqa sədr seçilməsindən sonra Azərbaycan Bəstəkarlar İttifaqına qaytarılması məsələsi gündəmə gəlmiş və öz müsbət həllini tapmışdır. Belə ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin 2008-ci il 14 aprel tarixli Sərəncamına əsasən bina Bəstəkarlar İttifaqının istifadəsinə verilmişdir. 2009-cu ilin dekabrında Azərbaycan musiqi mədəniyyəti хаdimləri, bəstəkаrlаr və musiqişünаslаr əlamətdar bir tarixi hаdisəni - Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 75 illiyini (1934-2009) qeyd etmişdir.

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında bir sıra təntənəli tədbirlərlə qeyd olunan bu yubiley Azərbaycan Bəstəkarlar İttifaqının respublikanın musiqi həyatındakı əhəmiyyətli rolunu bir daha təsdiq etdi. “Azərbaycan Bəstəkarlar İttifaqı – 75” Beynəlxalq Musiqi Festivalı respublikanın musiqi həyatında parlaq və yaddaqalan hadisələrdən biri oldu. Azərbaycan Bəstəkarlar İttifaqının keçirdiyi 9 qurultaydan hər biri respublikanın mədəni və ictimai həyatında böyük bir hadisə olmuşdur. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər olub. Onlar həmişə bu təşkilata məhz yaradıcılıq proseslərinə təkan verən, bəstəkarlara dayaq olan, onların problemlərinin həllində kömək olan bir təşkilat kimi rəhbərlik ediblər. Azərbaycan Bəstəkarlar İttifaqı Respublikanın musiqi həyatında fəal iştirak edir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrdə Azərbaycan Bəstəkarlar İttifaqının əməkdaşlığı önəmlidir. Xüsusilə «Üzeyir Dünyası», «Muğam ensiklopediyası» layihələrinin, «Muğam Aləmi» Beynəlxalq Musiqi Festivallarının bədii rəhbəri kimi Firəngiz Əlizadənin fəaliyyəti qeyd olunmalıdır.

              Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi və geniş vüsət aldığı “İpək yolu” Beynəlxalq Musiqi Festivalı qədim tarixə və zəngin musiqi ənənələrinə malik olan Şəki şəhərində artıq 8 dəfə böyük müvəffəqiyyətlə keçirilib (2010-2017). Fəaliyyət göstərdiyi böyük hadisələrlə zəngin zaman kəsiyində Azərbaycan bəstəkarlarını və musiqişünaslarını öz sıralarında birləşdirən Azərbaycan Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi kimi ölkəmizin mədəni həyatında fəal iştirak edir, yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli dəstək verir, özünün rəngarəng, əhəmiyyətli tədbirləri ilə musiqi həyatında daim canlanma yaradır.      

               Yarandığı vaxtdan bu günədək ənənəvi hal alan Azərbaycan Bəstəkarlar İttifaqında neçə-neçə yubiley tədbirlərin, mərasimlərin, konsertlərin, festivalların, elmi-praktik konfransların, plenumların, simpoziumların, kitab təqdimatların keçirilməsi uğurla davam edir. 2007-ci ildən bu İttifaqa sədrlik edən bəstəkar, xalq artisti, professor Firəngiz Əlizadənin vaxtından bu tədbirlərin sayı artır. Belə ki, İttifaqın sədri Firəngiz Əlizadə təşəbüskarı olmuş kitab təqdimatlarının bir neçəsini misal olaraq qeyd etmək istərdim. Musiqişünas-alimlər Ramiz Zöhrabovun, Zemfira Səfərovanın, Lətifəxanım Əliyevanın, Babək Qurbanovun, Zemfira Qafarova  ilə həmmüəllif olmuş musiqişünas Nərgiz Qulamovanın və digərlərinin təqdimatlarını böyük sevgi ilə yüksək səviyyədə təşkil etmişdir.

               Bəstəkarlar İttifaqının “Müasirlərlə dialoq” adlı yeni layihəsinin ilk qonağı Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar olmuşdur. Bu silsilədən olan sonrakı tədbirlərdə tanınmış kinorejissor, xalq artisti Eldar Quliyev, Əməkdar Elm Xadimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, Azərbaycan Memarlar İttifaqının katibi, əməkdar memar, professor Gülçöhrə Məmmədova, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, tanınmış dövlət xadimi və yazıçı, Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Kamal Abdulla, Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qənirə Paşayeva və digər ziyalılar Azərbaycan Bəstəkarlar İttifaqının qonağı olmuşlar.

      

          Azərbaycan Bəstəkarlar İttifaqı öz fəaliyyəti ilə sənət adamlarına daim diqqət ayırmışdır. Elm adamlarına  bu ocaqın həmişə böyük rolu, dəstəyi olub və bu günkü gündə də bu davam etməkdədir. Bəstəkar, pianoçu, dirijor, musiqi-ictimai xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadəni və bütün kollektivi Azərbaycan Bəstəkarlar İttifaqının yubiley  münasibətlə təbrik edir, yaradıcılıq uğurları, gözəl tədbirlərin davamlı olmasını arzulayıram.

 

Nərgiz  QULAMOVA,

Üzeyir Hacıbəyli  adına Bakı  Musiqi  Akademiyasının dissertantı

 

 

 

24 Oktyabr 2019 10:51 -

Köhnə versiyamızdan xəbərləri izlə