Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həkim məsləhəti

Arterial hipertoniya

Həkim məsləhəti

Ürək-damar sistemi xəstəlikləri  riskinin ən mühüm faktorlarından biri hipertoniya – yüksək qan təzyiqidir. Dünyada 1 milyarddan artıq insan hazırda  hipertoniyadan əziyyət çəkir. Yüksək qan təzyiqi ürək tutmalarının və insultların əsas səbəbidir. Bəs bu xəstəlikdən necə qorunmalı? Nə etməliyik ki,  qan təzyiqimiz qalxmasın, normada olsun? Onu necə tənzimləyə bilərik?

Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Emin Hacıbalayev “Həkim məsləhəti” rubrikasında Arterial hipertoniya – yüksək arterial təzyiq xəstəliyi ilə bağlı sualları cavablandırır.

-Arterial hipertenziya nədir ?

-Arterial hipertenziya – arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir. Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-nin qalxmasıdır.

Hipertoniya xəstəliyinin yaranma səbəbi nədir?

-Hipertoniya xəstəliyi birincili və ikincili ola bilər. Xəstəliyin yaranma səbəbi 85 faiz hallarda ideopatikdir, yəni səbəbi məlum deyil. Buna baxmayaraq irsi-genetik amillərin və sağlam həyat tərzinin olmaması xəstəliyə gətirib çıxaran risk faktorlarındandır.

-   Hipertoniya zamanı hansı əlamətlər müşahidə olunur?

-.Arterial təzyiqin qalxması çox zaman əlamətsiz olur və yalnız təsadüfən ölçmə zamanı aşkarlanır. Əlamətlər olduqda isə bu adətən özünü baş ağrıları, başgicəllənmə, ürəkdöyünmə, ümumi halsızlıq şəklində göstərir. Bundan başqa, arterial təzyiqin qalxması göz, böyrəklər, beyin, ürək və s. orqanların fəaliyyətinə mənfi təsir göstərir və onları zədələyir. Simptomatik hipertoniyanın digər əlamətləri əsas xəstəlikdən asılıdır. Belə ki, böyrək mənşəli hipertenziyada beldə ağrılar, nikturiya (gecələr sidiyə getmə), İtsenko-Kuşinq sindromunda piylənmə, feoxromositomada arıqlama və s. müşahidə olunur.

-  Normal təzyiq nə qədər olmalıdır?

-Arterial Təzyiq - sistolik və diastolik olmaqla iki qrupa bölünür. Normal arterial təzyiq 120/70 mm.civə sütunu olmalıdır.

-    Hipertoniyanın fəsadları nədir ?

- Uzun müddət müalicə olunmayan yüksək təzyiq miokard infarktına, insulta, ürək çatışmazlığına, qulaqcıqların səyrici aritmiyasına, aşağı ətraf damarlarının xəstəliklərinə, görmə qabiliyyətinin itirilməsinə və böyrək çatışmazlığı kimi fəsadlara yol aça bilər. Bu baxımdan il ərzində 2 dəfə check-up müayinəsindən keçmək tövsiyə olunur.

-Hipertoniya necə müalicə olunur?

-Hipertoniya əsasən xroniki xəstəlik sayıldığına görə daimi gündəlik dərmanların qəbuluna ehtiyac duyulur. Müalicədə istifadə olunan dərmanların böyük hissəsi həblər formasında olur. Hipertoniyanın müalicəsində həmçinin, zərərli vərdişlərdən uzaq durmaq, nikotin, alkoqollu və energetik içkilər və hər hansı kimyəvi toksik maddələr qəbulundan imtina etmək lazımdır.Eyni zamanda  fiziki aktiv həyat sürmək, artıq çəkidən azad olmaq, açıq havada çox vaxt keçirmək, bədəndə günəş şüalarının normal dərəcədə təsirindən yaranan D vitamininin səviyyəsini artırmaq, duzun qəbulunu azaltmaq, stresdən uzaq durmaq, yuxu rejimini normaya salmaq müsbət nəticəyə nail olunmasında mühüm əhəmiyyət kəsb edir.

 

Dilarə Zamanova,
Planlaşdırma və Marketinq şöbəsi,
PR üzrə mütəxəssis

23 Oktyabr 2019 17:04 - SƏHİYYƏ
SƏHİYYƏ
25 Oktyabr 2019 | 16:40
Həkimlərimizi tanıyın

Köhnə versiyamızdan xəbərləri izlə