Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən xainlərindən hər şey gözləmək olar

Vətən xainlərindən hər şey gözləmək olar

Bəzi radikal müxalif qüvvələr tərəfindən icazəsiz keçirilən küçə yürüşləri, asayişi pozmaq, qarşıdurma yaratmaq cəhdləri və sosial şəbəkələrdən Konstitusiyaya zidd çağırışlar edilməsi kimi təxribat addımları heç də təsadüfi deyil. Azərbaycanın inkişafında maraqlı olmayan, ölkəmiz əleyhinə fəaliyyət göstərən bəzi xarici dairələr daha da azğınlaşıb və daxildəki radikal müxalifət tərəfdarları ilə vəziyyəti gərginləşdirməyə cəhd edirlər. Niyə?– Çünki Azərbaycan gündən-günə inkişaf edir, uğurlar əldə olunur, aparılan islahatlar öz nəticəsini göstərir. Əhalinin rifahı yaxşılaşır. Ölkəmiz müstəqil siyasət yürüdür, onun öz yolu var. Bu yol xalqı firavanlığa aparır. Əslində, belə bir vaxtda siyasi düşüncələrimizdən asılı olmayaraq, bu gün hamımız dövlətimizin, Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik. Çünki biz torpaqlarımızı işğaldan azad etməliyik.

Düşmənin dəyirmanına su tökən addımlardan hər bir azərbaycanlı uzaq olmalıdır. Oktyabrın 19-da məqsədi iğtişaş törətməyə yönəlmiş piket və yürüş icazə verilən yerdə keçirilməli idi. Şəhərin mərkəzində, əhalinin sıx olduğu yerlərdə qanunsuz küçə yürüşünə cəhdin arxasında dayanan marağı anlamaq çətin deyil. Məqsəd şəhərdə dinc həyat sürən insanların sayını da piketçilərin sayına əlavə edib müəyyən dairələrə ötürmək idi. O aksiyaya toplaşanların əksəriyyəti oraya nəyə görə gəldiklərini bəlkə də heç anlamırdı.  Əgər onların məqsədi dinc mitinq keçirmək və haqlı tələblər irəli sürmək idisə, onda şəhərin insanların gur olduğu, ağız deyənin qulaq eşitmədiyi məkana niyə gəlirdilər? Sakit, onlara təklif edilən geniş ərazidə tələblərini səsləndirə bilərdilər.

Bu hərəkətləri azmış kimi, yürüşə mane olan polisi “cəllad” gözündə görənlər oldu. Azərbaycan polisini xarici ölkələrdə baş verən icazəsiz küçə yürüşlərin dağıdan polislərin atdığı addımlarla müqayisə edək. Aksiya zamanı polis nə gözyaşardıcı qazdan istifadə etdi, nə rezin dəyənəklərdən, nə də su şırnağından. Nə kiminsə başı yarıldı, nə də kimsə xərəyə qoyuldu. Azərbaycan polisi əmrə tabe olmayanları hadisə yerindən qanunun imkan verdiyi şəkildə uzaqlaşdıraraq,  iğtişaşa cəhdin qarşısını humanistcəsinə aldı.

Biz dinc insanların günahı nədir ki, bu qışqırtıların, haqsız iddiaların, yersiz tələblərin hay-harayla səsləndirilməsini eşidək. Evində körpəsi, ahılı,  xəstəsi olan var. Bunu düşünməkdən çox uzaq olan Əli Kərimli və başına topladığı bir qrup  Vətən xaini xalqa nə verə bilər? Xalqı, Vətəni düşünməyənlərdən hər şey gözləmək olar.

Amma insanlarımızın əksəriyyəti bu gün cənab Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin inkişafı üçün ona dəstəyini yüksək səslə ifadə edir və heç bir xarici qüvvə və onların daxildəki tərəfdarları bu kimi qanunsuz addımlarla istədiklərinə nail ola bilməzlər.

 

Aydın Əhmədov,
Sabunçu rayonu, 22 saylı şəhər poliklinikasının baş həkimi 

23 Oktyabr 2019 16:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə