Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2-ci Bakı Elektron Ticarət Forumu

2-ci Bakı Elektron Ticarət Forumu

Forum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa İttifaqının təşkilatçılığı ilə "İnnoWeek - İnnovasiya həftəsi” çərçivəsində keçirilir.

Forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startaplar iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan nazir Ramin Quluzadə Azərbaycanda elektron ticarətin inkişafı üçün müvafiq mühitin mövcud olduğunu qeyd edib. “Məqsədimiz daha çox daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir”,- deyən nazir, ölkəmizdə elektron ticarətin inkişaf dinamikasının yüksək olduğunu xüsusi qeyd edib.

Elektron ticarət infrastrukturunda yeni texnoloji trendlər: perspektivlər və təhdidlər, adlanan forumun 2-ci panelində Məlumat Hesablama Mərkəzinin direktorunun müşaviri, beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Arif Mailov çıxış edib. Elektron ticarətin elektron sənədlə bağlılığını və bu sənədlərin etibarlılığını təmin etməyin çox vacib olduğunu vurğulayan Arif Mailov MHM-nin  etibarlı elektron xidmətlərlə bağlı apardığı son işlərdən danışıb. Həmçinin A.Mailov Azərbaycanın elektron ticarət qovşağına çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyan elektron imzaların qarşılıqlı tanınması haqqında da forum iştirakçılarına məlumat verib. Hazırda Türkiyə və Belarus  ilə elektron imzaların qarşılıqlı tanınması istiqamətində fikir mübadiləsi aparıldığını, texniki işlər görüldüyünü qeyd edib.

Forum çərçivəsində e-ticarətin müxtəlif istiqamətləri üzrə sessiyalar təşkil olunub, həmçinin, e-ticarət sahəsində liderlər, tanınmış e-ticarət və onlayn ödəniş platformalarının mütəxəssisləri, ekspertlər bir araya gələrək, bu istiqamətdə son trendləri və qabaqçıl təcrübələri müzakirə ediblər.

İki gün davam edəcək Forumda iştirakçılara "SmartPay” ödəniş sistemi haqqında məlumat almaq imkanı da yaradılıb. Belə ki, "SmartPay” guşəsində, MHM-nin mütəxəssisləri forum iştirakçılarını ödəniş sistemi haqqında məlumatlandırmışlar. Həmçinin, iştirakçılar üçün həm sayt üzərindən, həm də ödəmə terminalı vasitəsilə ödəniş etmək imkanı yaradılıb.

Bu ödəmə sisteminin xidmətlərindən istifadə etməklə dövlət qurumu xidmətlərini, sığorta xidmətlərini, kommunal xidmətləri, TV və internet provayderləri, bank xidmətləri və digər xidmətlər üzrə ödəmələri həyata keçirmək mümkündür. 

Qeyd edək ki, Bakı Elektron Ticarət Forumu ölkəmizdə ikinci dəfə keçirilir. 2018-ci ildə keçirilən ilk E-ticarət Forumu böyük maraqla qarşılanmış və Forumda 300-dən çox yerli və xarici nümayəndə iştirak etmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 Oktyabr 2019 12:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə