Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsiminin qəzəlləri on beş dildə nəşr olunub

Nəsiminin qəzəlləri on beş dildə nəşr olunub

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması və 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizlə yanaşı, həm də dünyanın bir çox yerlərində silsilə tədbirlər keçirilir, kitablar nəşr edilir. Türk xalqlarının bir-birinə yaxınlaşması və onların ortaq mədəniyyətinin təbliği missiyasını üzərinə götürən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY da 2019-cu ili türk dünyasında İmadəddin Nəsimi ili elan edib.

TÜRKSOY şairin qəzəllərini 15 dildə tərcümədə Ankarada nəfis tərtibatla və yüksək poliqrafik səviyyədə nəşr etdirib. "İmadəddin Nəsimi dünya dillərində” adlı bu kitab əlamətdar yubileyə dəyərli töhfədir.

Kitabın tərtibçisi və redaktoru Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlıdır. Kitabda Nəsiminin şeirləri Azərbaycan, qazax, qırğız, özbək, türk, türkmən, alman, rus, fransız, ingilis, ispan, italyan, rumın, tacik və Ukrayna dillərində verilib. Şeirlərin tərcüməsinə həmin ölkələrdən təcrübəli mütəxəssislər cəlb olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin kitaba yazdığı "Ön söz”də deyilir: "Humanist ənənələrə söykənən XIV yüzillikdə əfsanəvi səməndər quşu kimi xarabalıqların və yanğın küllərinin altından baş qaldıran İslam filosof və şairləri insanların sınmış ümidlərini özlərinə qaytarmağa, onların taleyin əlində köməksiz oyuncaq olmadıqlarını, əksinə, öz talelərinin qüdrətli hakimi olduqlarını təlqin etməyə və inandırmağa başladılar. İslam şərqinin hər üç hakim dilində- ərəb, fars və türk dillərində bu cür humanist ruhlu əsrlər qələmə alan ən böyük sənətkarlardan bir də XIV yüzilliyin sonu, XV yüzilliyin əvvəllərində yaşayıb-yaratmış böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsimi oldu”.

Akademik qeyd edir ki, Nəsimi humanizmi insana böyük məhəbbət duyğuları ilə yoğurulub. Bu məhəbbət təkcə onun əsərlərinin məna və mahiyyətində, məzmununda deyil, forma xüsusiyyətlərində, daha doğrusu ritmikasında, oynaqlığında, ahəngində, alliterasiyasında da özünü göstərir. Nəsimi qəzəllərinin də bir çoxunda ritmika sanki oxucunun ürəyini oynadır, ona həyat eşqi, sevinc aşılayır. İnsana daxili mənəvi rahatlıq gətirir. Bunun kökündə isə, şübhəsiz ki, şairin özünün böyük insan sevgisi dayanmaqdadır.

On beş dildə iyirmidən çox qəzəlin yer aldığı kitab Nəsiminin böyük bir ədəbi məktəb yaratdığını göstərir. TÜRKSOY-un Nəsimi irsinin təbliğinə çox böyük töhfə olan bu kitab müxtəlif dillərdə danışan insanları İmadəddin Nəsimi irsi ilə yaxından tanış etmək və böyük söz ustadının yaradıcılığı haqqında dolğun fikir formalaşdırmaqda qiymətli mənbə rolu oynayacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 Oktyabr 2019 12:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə