Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın xarici ticarət əlaqələri genişlənir

Azərbaycanın xarici ticarət əlaqələri genişlənir

Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Son 16 ildə Azərbaycanın iqtisadi potensialının güclənməsi, reallaşdırılan diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkəmizin xarici iqtisadi əlaqələrində də müsbət meyillərə təkan verib. Belə ki, xarici ticarət əlaqələrin coğrafiyası genişlənib, ticarətin əmtəə strukturu təkmilləşib. 

Son illərdə mütəmadi olaraq qeyri-neft məhsulları ixracının stimullaşdırılması məqsədilə “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı dəstək tədbirləri həyata keçirilir, dövlət vəsaiti hesabına sahibkarlar ixrac missiyalarında, beynəlxalq sərgilərdə iştirak edirlər. Bu il ərzində ixracatçıların Almaniyada keçirilən “Beynəlxalq yaşıl həftə”, “Fruit logistika” və “Prowein”, Rusiyada “Prodexpo” və “Mosbuild”, Birləşmiş Ərəb Əmirliklərində “Qulfood”, Çində “Sial China” dünya miqyaslı beynəlxalq sərgilərinə sahibkarlarımız vahid ölkə stendi ilə qoşulublar. İlin sonuna kimi növbəti 4 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak nəzərdə tutulur. Bununla yanaşı, cari ilin ötən ayları ərzində ixracatçıların 17 beynəlxalq sərgidə fərdi qaydada iştirakına dəstək göstərilib.
Həmçinin ixracatçıların potensial müştərilərlə, xüsusilə idxalçı və distribüterlərlə əlaqələrinin qurulması məqsədilə bu dövr ərzində Çin, Polşa, Latviya, Qətər, İsveçrə və Rusiyaya ixrac missiyaları təşkil olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar və sifarişlər əldə edilib, müqavilələr imzalanıb. Eyni zamanda, bir sıra məhsulların ixracatçılarına ixrac təşviqi ödənilib. Qeyd edək ki, 2016-cı ilin mart ayından bu günədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib. Bu mexanizm çərçivəsində Almaniya, Rusiya, Çin, Polşa, İtaliya, Qazaxıstan, Litva, Cənubi Koreya, Yunanıstan, Kanada, Avstraliya, Malayziya, ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı və digər ölkələrə 210 milyon ABŞ dollarından çox qeyri-neft məhsulunun ixracı stimullaşdırılıb.
İxracın stimullaşdırılması tədbirləri çərçivəsində prosedurlar sadələşdirilir, yerli məhsullarımızın ixrac potensialı yüksək olan ölkələrdə ticarət nümayəndələri fəaliyyət göstərir, ticarət və şərab evlərinin yaradılması ilə bağlı işlər davam etdirilir. 
İndiyədək Azərbaycanın xarici ölkələrdə 10 ticarət və şərab evi açılıb, ­Rusiya, Qazaxıstan və digər ölkələrdə ticarət evlərinin açılması ilə bağlı işlər görülür. Həmçinin Rusiyanın Moskva şəhərində 15 Azərbaycan şirkəti tərəfindən istehsal olunan 200-dən çox çeşiddə məhsulun təqdim olunduğu “Azərbaycan nemətləri” mağazası fəaliyyətə başlayıb, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində də bu cür mağazaların açılması istiqamətində işlər aparılır.
Görülən işlər qeyri-neft ixracının göstəricilərində də əksini tapır. Belə ki, son 3 il ərzində qeyri-neft ixracı ümumilikdə 36,5 faiz artaraq 1,7 milyard ABŞ dolları təşkil edib, 167 yeni növ məhsulun ixracına başlanıb, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 3 mini ötüb. Qeyri-neft ixracında 452 milyon dollarlıq artımın 60 milyon dollarlıq hissəsi yeni məhsulların ixracı hesabına formalaşıb. Qeyd edilməlidir ki, ixracın şaxələndirilməsi ilə yanaşı, sahibkarlara yaradılmış imkanlar xarici ticarətlə məşğul olan biznes subyektlərinin sayında əhəmiyyətli artıma gətirib çıxarıb və 79 faizlik artım müşahidə olunub. Bu, artan iqtisadi fəallığın və şəffaflığın əyani göstəricisidir. 
İstehsalın təşviqi istiqamətində görülmüş işlər ixracın artımı ilə nəticələnir. Belə ki, sahibkarlığın güzəştli kreditləşdirilməsi, istehsalatda müasir texnologiyaların tətbiqi digər sahələrlə yanaşı, aqrar sahədə də ixrac imkanlarını genişləndirir. Sənaye sahəsinə gəlincə polimer, polietilen, metanol və gübrə kimi kimyəvi məhsullar, qablaşdırma məhsulları, konteynerlər, toxuculuq məhsulları, tikinti və quraşdırmada istifadə olunan polad laylar, borular, transformatorlar, elektrik naqilləri və digər elektrik avadanlıqları, mis və alüminium məmulatları ixracı artan əsas məhsullar sırasındadırlar.
Azərbaycanın xarici ticarət sahəsindəki uğurunun bəzi səbəbləri Dünya Bankı tərəfindən hazırlanan “Doing Business-2019” hesabatında aydın şəkildə ifadə edilib. Burada ticarət sahəsi üzrə ölkəmizdə ciddi islahatlar aparıldığı, həmin islahatlar sayəsində xarici ticarət təşkilatları üçün daha əlverişli biznes mühitinin formalaşdığı, gömrük nəzarəti və rəsmiləşdirilməsinin daha operativ, şəffaf tətbiq olunması ilə fiziki gömrük yoxlamalarının minimuma endiyi, biznesin dövlət tənzimləmə mexanizminin səmərəliliyinin artdığı, mövcud resurslardan daha optimal yararlandığı diqqətə çatdırılıb. 
Bütün bunlar hökumətin ölkədə investisiya fəaliyyətinin genişləndirilməsini, biznes mühitinin yaxşılaşdırılmasını, sənaye istehsalının artırılmasını və qeyri-neft sektorunun inkişaf etdirilməsini daim diqqətdə saxlamasından xəbər verir. Bununla bağlı qarşıya qoyulan əsas vəzifələr isə sahibkarların ixrac potensialının gücləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir. Məhz bunun nəticəsidir ki, hazırda respublikada qeyri-neft sektorunun şaxələndirilməsi, qeyri-neft sənayesinin inkişafı, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir, xarici ölkələrə ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur.
Azərbaycanın xarici ticarət əlaqələrinin genişlənməsini əks etdirən bəzi statistik göstəricilərə nəzər salsaq, bu sahəyə xüsusi əhəmiyyət verilməsini aydın görə bilərik. Belə ki, cari ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8 faiz artaraq 25,3 milyard ABŞ dolları, xarici ticarət saldosu müsbət 4,5 milyard dollar təşkil edib. Qeyri-neft ixracı 15,5 faiz artmaqla 1,4 milyard dollara çatıb, sənaye məhsullarının ixracında 13,1 faiz, kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6 faiz artıma nail olunub. Bu dövrdə 186 ölkə ilə ticarət əlaqələri aparılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çoxdur. Xarici iqtisadi fəaliyyətlə məşğul olanların sayında 81,4 faiz artım müşahidə olunub, ixrac məhsul çeşidlərinin sayı artaraq 2780-ə çatıb. Gələn isə qeyri-neft ixracının 20 faiz artımı proqnozlaşdırılır.
Ölkəmizin xarici ticarət əlaqələrinin, idxal və ixrac əməliyyatlarının genişlənməsi məqsədilə reallaşdırılan tədbirlər sırasında “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi də mühüm önəm daşıyır. Xatırladaq ki, bu sistem sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, könüllü riayət mədəniyyətinin formalaşması, şəffaflığın təmin olunması və ölkənin ixrac potensialının artırılması məqsədi daşıyır. Qeyd edək ki, cari ilin fevral ayının 1-dən etibarən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sisteminin hazırda idxaldakı payı 23 faiz, ixracda isə 27 faizdir. Başqa sözlə, bu gün idxal əməliyyatları üzrə 288, ixrac əməliyyatları üzrə 182 xarici ticarət iştirakçısı olmaqla, ümumilikdə 470 xarici ticarət iştirakçısına sözügedən sistemdən daimi istifadə hüququ verilib. 
“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması nəticəsində aparılan xarici iqtisadi fəaliyyət əsasən qeyri-neft sektorunun payına düşüb. İndiyədək 5 mindən çox biznes subyektin nümayəndələri ilə görüşlər keçirilib ki, həmin görüşlərdə səsləndirilən rəy və təkliflər sistemin təkmilləşdirilməsi məqsədilə nəzərə alınıb.

 

V. BAYRAMOV,
“Xalq qəzeti”

 

23 Oktyabr 2019 11:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə