Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndər Heydər Əliyev parçalanma təhlükəsi qarşısında qalan bir ölkəni xilas etdi

Ulu öndər Heydər Əliyev parçalanma təhlükəsi qarşısında qalan bir ölkəni xilas etdi

Prezident İlham Əliyev Baş nazirin sabiq müavinlərini qəbul edən vaxt çox mühüm bir məsələyə toxundu. Cənab Prezident Azərbaycanda siyasətin ağsaqqallıqla necə uzlaşmasının ­bariz nümunəsini məhz ulu öndər Heydər Əliyevin timsalında ifadə etdi.

Politoloq Arzu Nağıyev bildirib ki, qəbul zamanı möhtərəm Prezidentimiz qeyd etdi ki, Bakıya ikinci dönüşündə Heydər Əliyevin 69 yaşı vardı və ovaxtkı hakimiyyət hər cür maneələrlə onun qarşısında sədlər yaradırdı. Heydər Əliyevin gələcək fəaliyyətini əngəlləmək üçün o vaxt partokrat hakimiyyət yaş senzi kimi çox cəfəng bir qaydanı tətbiq etmişdi. 65 yaşdan yuxarı olan şəxs Prezident ola bilməzdi: “Lakin bu, baş tutmadı, tuta da bilməzdi, çünki xalq başa düşürdü ki, anti-Azərbaycan qüvvələr milli-mənəvi dəyərləri məhv edərək ikinci məsələ kimi lidersizləşdirmə, bununla da böyüksüzləşdirmə, ağsaqqalsızlaşdırma kimi bir məsələni ortaya atacaqdılar. Bu da ki, xalqın uçuruma aparılması, siyasi dildə deyilsə, xaos, özbaşınalıq, parçalanma və dövlətçiliyin məhvi demək idi. Məhz bu baxımdan, Heydər Əliyev bir fenomen idi. Həm dərin siyasi biliklərə malik bir siyasətçi, həm də çətinliklərdən, hətta ölümdən belə qorxmayan, milli və mənəvi dəyərləri, xalqının tarixini bilən və gələcəyi proqnozlaşdırmağı bacaran bir lider, ağsaqqal idi. 
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hazırda özünü başbilən və ya ağsaqqal sayan bəzi “lider”lər öz ailəsinin, nəslinin, tayfasının belə qarşısına çıxa bilmir, o qədər nüfuzlarını itiriblər ki, xırda bir insidentin, baş verən məişət hadisələrinin qarşısını almağa qadir deyillər. Lakin ulu öndər tam fərqli bir şəxsiyyət, güclü təhlil qabiliyyəti olan müdrik bir rəhbər idi. Cənab Prezident də öz çıxışında vurğuladı ki, məhz buna görə də Azərbaycan xalqı Heydər Əliyevi bir lider kimi görürdü, inam, güvənc, ərk yeri bilirdi. Buna görə də bütün məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən bir rəhbər Azərbaycanı bir çox bəlalardan xilas etdi, bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu və bir əldə birləşdirdi. Ulu öndərin fərqli cəhəti məhz bunlar idi...”

 

 

23 Oktyabr 2019 10:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə