Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya liderləri Bakıda toplaşacaqlar

İki gündən sonra Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü keçiriləcək

Dünya liderləri Bakıda toplaşacaqlar

Bu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda XVIII Zirvə görüşü keçiriləcək və ölkəmiz qarşıdakı üç il ərzundə bu quruma sədrlik edəcək. Belə bir nüfuzlu tədbirin Bakıda keçirilməsi, dünya birliyinin Azərbaycan dövlətinə, xalqımızın lideri, görkəmli dövlət xadimi Prezident İlham Əliyevə olan dərin inam və etimaddan qaynaqlanır.
Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Zirvə görüşü “Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusuna həsr olunacaq. 
Məlumat üçün bildirək ki, “Bandunq prinsipləri” fundamental insan hüquqlarına, xalqların suverenliyi və ərazi bütövlüyünə hörməti, bütün irqlərin və xalqların bərabərliyinin tanınması, BMT Nizamnaməsinə uyğun olaraq hər bir xalqın özünü fərdi, yaxud kollektiv şəkildə müdafiə etmək hüququna malik olması, silahlı münaqişələrin sülh yolu ilə həlli və sair vacib məsələləri nəzərdə tutur. 
Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildən üzv qəbul olunmuşdur. Hərəkata üzv olduğu nisbətən qısa müddət ərzində Azərbaycan Respublikası özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanmışdır. 
Təsadüfi deyil ki, 2016-cı ilin sentyabrında Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunmuşdur.
Hərəkatın üzvü olan dövlətlərin xarici işlər nazirlərinin aralıq konfransı 2018-ci il aprelin 3-dən 6-dək ölkəmizdə keçirilmiş və nəticə olaraq Bakı Bəyannaməsi qəbul edilmişdir.
Bu il fevralın 11-də Azərbaycan Respublikası Prezidenti Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması və Azərbaycan Respublikasının 2019-2022-ci illərdə hərəkata sədrliyi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
Sənəddə qeyd olunur ki, əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə vermək olan Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından xüsusi əhəmiyyət kəsb edir.
Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə ölkəmizin daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaratmışdır.
Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin məqsədi üzv dövlətlərlə birlikdə hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa öz töhfəsini artırmaq olacaq.
Dövlət başçısının sərəncamı ilə XVIII Zirvə görüşünün təşkili və ölkəmizin hərəkata sədrliyi ilə bağlı məsələlərin həlli məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin başçılığı ilə Təşkilat Komitəsi yaradılmışdır. Məlumat üçün bildirək ki, Qoşulmama Hərəkatı 1961-ci ildə, “soyuq müharibə” dövründə dünyada gərginliyi azaltmaq məqsədilə yaradılıb. Hərəkat Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü təsisat kimi meydana çıxmışdır. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmurlar. 
Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, hərəkatda təmsil olunmağın Azərbaycan üçün əhəmiyyəti həm də odur ki, burada müzakirə olunan məsələlər sonradan BMT-nin müzakirəsinə çıxarılır. Deputat düşünür ki, hərəkatda üzvlük həm də Azərbaycanın öz ərazisində başqa dövlətlərin hərbi bazalarını yerləşdirməyi planlaşdırmadığına dair siqnaldır. 
R.Musabəyov sonra deyib: “Bu, vacibdir və Bakının NATO qüvvələrini öz ərazisinə dəvət etmək və Rusiya və İranı qıcıqlandırmaq niyyətində olmadığını nümayiş etdirir. Eyni zamanda, hərəkata üzvlük o demək deyil ki, Azərbaycan başqa dövlətlərlə hərbi müqavilələr bağlamamaq barədə öhdəlik götürür”. 
Azərbaycan Respublikası bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Azərbaycan QH-nin müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla hərəkatın məqsəd və prinsiplərinə öz töhfəsini verir. 
Hərəkata üzv olduğumuz nisbətən qısa müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə davamlı şəkildə dəstək əks olunmuşdur. 
Dünən Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında məlumat verib ki, Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qoşulacaqlar. Yeri gəlmişkən, Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib. Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin xarici işlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər. 
Nazir müavini bildirib ki, zirvə görüşündə 4 yekun sənədin qəbulu da gözlənilir. Bunlar Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, ev sahibliyi edən dövlətə təşəkkür və Fələstin üzrə sənəddir. İlk üç sənədə Dağlıq Qarabağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı maddələr də daxil edilib. 
Milli Məclisin deputatı Tahir Rzayev hesab edir ki, Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünə evsahibliyi üçün Azərbaycanın paytaxtının seçilməsi Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Bu siyasət Azərbaycan xalqının milli mənafeyinə, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqa, dünyada sülh və sabitliyin bərqərar olunmasına töhfə verməklə dövlətlərarası qarşılıqlı hörmət və anlaşmanın, habelə əməkdaşlığın təşviq edilməsi üzərində qurulub.
Qeyd edək ki, XVII  Zirvə görüşü müstəqillik dövründə Azərbaycanda keçirilən ən böyük beynəlxalq siyasi tədbirlərdən biri olacaq. Şübhə yoxdur ki, tədbir böyük uğurla başa çatacaq. 

 

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

23 Oktyabr 2019 10:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə