Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tale onu Vətənə xilaskar kimi qaytarmışdı

Tale onu Vətənə xilaskar kimi qaytarmışdı

Mən Bakıya gəlməyə hazırlaşırdım, may ayının sonuna bilet almışdım və bu barədə qardaşım Cəlala telefonla xəbər vermişdim. May ayının 30-da təxminən saat 12-də Xanbabayev zəng etdi və bildirdi ki, mənim Bakıya gəlməyimi eşidib. Soruşdum ki, haradan eşidib? O cavab verdi ki, Cəlal deyib. Xanbabayev dedi ki, bəs Sizi qarşılamağa hazırlaşırıq. Xalq, ziyalılar Sizi qarşılayacaq. Bu sözləri o böyük sevinc və həyəcanla bildirdi. Eyni zamanda, Xanbabayev bildirdi ki, Bəxtiyar Vahabzadə ilə də, başqaları ilə də danışıblar, məni qarşılayacaqlar...
Heydər ƏLİYEV
Ümummilli lider


Heydər Əliyevin Azərbaycana qayıtmasını heç kim əngəlləyə bilmədi. Bütün təhlükələrə baxmayaraq, o, Bakıya gəldi, öz sözünü dedi. İndiki bəzi dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, o, hər bir təhlükəyə, hər bir məhrumiyyətə getməyə hazır idi. Onun böyüklüyü bundadır… Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi çox böyük fəlakətdən qorudu.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Zaman sübut edir ki, həqiqəti əks etdirən, xalqın mənafeyini, dövlətçilik maraqlarını ifadə edən istənilən söhbət ­maraqlı yazı mövzusuna çevrilir. Oktyabrın 21-də də əsl qəzet materialına çevriləcək söhbətlərin şahidi olduq. Bu söhbətlər bizə vaxt baxımından kiçik görünsə də, Azərbaycan tarixinin çox mühüm mərhələsini əhatə etdiyinə, eləcə də bir əsrdə ikinci dəfə dövlət müstəqilliyinə qovuşmağımızın ərəfəsi barədə həqiqətləri eşitdiyimizə görə xüsusilə maraqlı idi. 
Həmin gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş Nazirinin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu onların vəzifədən azad edilmək üçün verdikləri ərizələri ilə əlaqədar qəbul edirdi. Bu qəbullar tanınmış dövlət xadimlərimizin Azərbaycanda aparılan kadr islahatlarına töhfə vermək məqsədilə öz vəzifə postlarının daha gənc nəslə ötürülməsi ənənəsi yaratdığına görə də əhəmiyyətli idi, dövlət başçısının uzun illər iqtidar komandasında çalışmış şəxslərin səmərəli xidmətinə yüksək qiymət verən fikirlər səsləndirməsinə görə də. 
Ancaq burada başqa bir məqam da var idi ki, həmin məqam istefa ərizəsi yazan məmurların mənəvi böyüklüyünü ortaya qoyurdu. Belə ki, həm Əli Həsənov, həm də Hacıbala Abutalıbov müasir tariximizin Heydər Əliyev dövrünü məhz tarixi həqiqət kimi, qədirbilənliklə, xoş məramla, səmimiyyətlə dilə gətirdilər. Fikrimizcə, Hacıbala Abutalıbovun söhbətində tarixi faktlar daha çox idi. 
Prezident İlham Əliyev Hacıbala Abutalıbovun məmur postunda xalqa və dövlətə göstərdiyi xidməti yada salmazdan qabaq onun vətəndaş kimi, Azərbaycanın sabahı üçün çalışan ziyalı olaraq oryaya qoyduğu mövqeyindən danışdı: 
“Bilirəm ki, siz həmişə ulu öndər Heydər Əliyevə sadiq olmusunuz. Heydər Əliyev üçün ən ağır dövrlərdə siz öz sözünüzü demisiniz. Bəzi gənclər, əlbəttə ki, bunu bilmir və bəzi adamlar bunu yaddan çıxarır. Amma mən heç vaxt bunu unutmuram ki, o vaxt süni şəkildə ortalığa atılmış yaş senzi məsələsinə qarşı siz qəti etiraz bildirmisiniz. O vaxt ulu öndər Heydər Əliyevin xalq qarşısında nüfuzu çox yüksək idi və xalq ondan başqa heç kimi rəhbər vəzifəsində görmürdü. Onun gələcək fəaliyyətini əngəlləmək üçün o vaxt partokrat hakimiyyət yaş senzi kimi çox cəfəng bir qaydanı tətbiq etmişdi. Səhv etmirəmsə, 65 yaşdan yuxarı olan şəxs Prezident ola bilməzdi. Ulu öndərin də o vaxt 69 yaşı vardı və yadımdadır, siz parlamentin qarşısında kütləvi etiraz aksiyaları təşkil etmisiniz, öz sözünüzü demisiniz, heç kimdən qorxmamısınız”. 
Dövlət başçımız xatırladır ki, o vaxt repressiya təhlükəsi çox böyük idi və Heydər Əliyevin hakimiyyətə gəlməsini əngəlləmək istəyənlər müxtəlif çirkin əməllərə əl atırdılar. Heydər Əliyevin yaxın silahdaşı Əjdər Xanbabayevi vəhşicəsinə qətlə yetirdilər, özü də nə vaxt? Həmin gün ki, Heydər Əliyev Moskvadan Bakıya gəlməli idi. Mən ondan bir gün qabaq Bakıya gəlmişdim ki, onu qarşılayım. Onun gəlişini əngəlləmək, ona hədə-qorxu gəlmək üçün günahsız bir insanı, ziyalını – Əjdər Xanbabayevi həmin o dəstə qətlə yetirdi. 
Hacıbala Abutalıbovun “Heydər Əliyevi hakimiyyətə xalq gətirdi” – ifadəsi tarixi bir həqiqətin dildə səsləndirilməsi idisə, onun “Heydər Əliyev Azərbaycan dövlətini yaradıb, dövlətçiliyin banisidir, Siz isə inkişaf etmiş Azərbaycanın banisisiniz. Azərbaycandakı sabitliyin qiyməti yoxdur” – fikirləri də ziyalı qədirbilənliyinin nümunəsi idi.
Yeri gəlmişkən, cənab Prezidentin xatırlatdığı məqam – Əjdər Xanbabayevin qətlə yetirildiyi gün müasir tariximizin ən qanlı səhifələrindən biri olduğuna görə heç kəsin yadından çıxmır. Çünki 20 Yanvar faciəsini, Xocalı soyqırımını bilavasitə düşmənlərimiz təşkil etmişdisə, Əjdər Xanbabayevin qətlini Azərbaycandakı vəzifə düşkünləri, Heydər Əliyevin kölgəsindən belə qorxan mənfur insanlar törətmişdilər. 
Məşhur naşirin qızı Afət Xanbabayeva atasının 80 illiyi ilə bağlı mətbuata verdiyi müsahibədə bir sıra məsələlərə aydınlıq gətirib: “1987-1989-cu illər Azərbaycanın həyatında ağır illər hesab olunurdu... Hələ 1987-1988-ci illərdən atam deyirdi ki, hakimiyyətə Heydər Əliyev gəlməlidir. Heç kəsin ağlına gəlmirdi ki, Heydər Əliyev ağır xəstəlikdən sonra qayıdıb Azərbaycana rəhbərlik edə bilər. Amma Əjdər Xanbabayev böyük inamla deyirdi ki, Heydər Əliyev mütləq Azərbaycana qayıdacaq. Ən azından, məsləhətçi kimi olsa da, xalqı idarə etməyin yolunu göstərməlidir. 
1989-cu ildə onların Moskvada görüşü baş tutur... Moskvaya olan səfərlərin birində Əliyevlə görüşərək onu Azərbaycana gəlməli olduğuna inandırmağa çalışır. O da razılıq verir. Bundan sonra 20 Yanvar hadisələri baş verir. Xalq daha pis vəziyyətə düşür... Mayın 30-da atamı qətlə yetirdilər… Məlum idi ki, qətl Əliyevin gəlişinin qarşısını almaq üçün yuxarıdan sifariş əsasında törədilmişdi. Heydər Əliyev gələndən sonra, nəhayət, qətlin üstü açıldı. Buna görə ona minnətdarıq. Qətlə Hacı Seyfəl adlı şəxs başçılıq edib. Qətli isə Tarix Quliyev adında maştağalı törətmişdi”.
Ulu öndər Heydər Əliyevin də Əjdər Xanbabayevlə bağlı fikirləri də müxtəlif mətbuat vasitələrində və kitablarda işıq üzü görüb. Fəxrəddin Ağamirzəyevin 1999-cu ildə nəşr olunan “Gələcəyi görən insan” kitabında Heydər Əliyevin Əjdər Xanbabayev haqqında söylədiyi fikirlərə də yer ayrılıb: “Əjdər Xanbabayevlə ilk telefon söhbətimiz 1989-cu ilin ikinci yarısında olmuşdu… Əjdər Xanbabayev bildirdi ki, Moskvadadır və mənimlə görüşmək istəyir. Mən etiraz etmədim və ev ünvanımı verdim. Həmin gün və ya ertəsi gün o bizə gəldi, söhbət etdik. O mənim vəziyyətimlə maraqlandı, necə yaşadığımı soruşdu. Azərbaycanda vaxtilə bir yerdə işlədiyim adamların, qohumların gəlib-getmədiyi, məni yada salıb-salmadığı ilə maraqlandı. Mən gördüm ki, Xanbabayev mənim təcrid olunmuş vəziyyətdə, bəlkə də müəyyən qədər mühacirətdə, təzyiqlər altında yaşadığım dövrdə bir xeyirxah, qədirbilən insan kimi mənimlə maraqlanır, danışıb bəzi şeyləri aydınlaşdırmaq istəyir.
Mən onun bəzi suallarına cavab verəndə gördüm ki, təəccüb edir. Məsələn, mən ona deyəndə ki, uzun illər bir yerdə işlədiyim adamlar mən istefaya çıxdıqdan sonra hətta xəstə olduğum vaxtlarda belə mənimlə maraqlanmayıb, məni arayıb-axtarmayıb, o çox təəccübləndi, dəhşətə gəldi... Xanbabayevlə bizim görüşümüz, yaxın tanışlığımız belə başladı. Mənə elə gəlir ki, ondan sonra da Xanbabayev Moskvaya yolu düşəndə bir dəfə də bizə gəlib mənimlə maraqlanmışdı...”
Ulu öndər əlavə edir: “Mən mayın 30-da, təxminən gecə saat 12-də qardaşıma zəng vurdum... Cəlal cavab verdi ki, bura dəhşətdir. Mən soruşdum ki, nə dəhşətdir, nə olub? O cavab verdi ki, Əjdəri öldürdülər. Mən soruşdum: -- Necə Əjdəri öldürdülər, nə üçün öldürdülər?”... Cəlal dedi ki, kitab nəşrilə əlaqədar onun evinə zəng vurub, telefonda səs-küy, ağlaşma eşidib, ona “Əjdər ölüb” deyə cavab verərək telefonun dəstəyini qoyublar. Bundan sonra Cəlal Bəxtiyar Vahabzadəyə zəng edib, lakin o bir şey bilməyib və deyib ki, tez məsələni aydınlaşdırar. 10-15 dəqiqə sonra Bəxtiyar Vahabzadə Cəlala zəng edərək bildirib ki, həqiqətən Xanbabayevi yolda güllə ilə vurublar... 
Tamamilə günahsız bir adam, Azərbaycan xalqının ziyalıları içərisində dərin hörmət qazanmış bir adam, xalq qarşısında və uzun illər mədəniyyətimizin mühüm bir sahəsi olan nəşriyyat işində böyük xidmətləri olan bir adam amansız surətdə öldürülüb, qətlə yetirilib… Mən belə güman edirəm ki, Xanbabayev, məhz məni qorxudub Azərbaycana gəlməyimin qarşısını almağa görə öldürülmüşdür”. 
Ancaq Heydər Əliyev heç nədən qorxmadı, Azərbaycana qayıtdı. Əvvəlcə Naxçıvanı məhrumiyyətlərdən xilas etdi, sonra isə bütövlükdə ölkəmizi ağ günə çıxartdı. Bu gün gənc müstəqil Azərbaycan dövlətinin qazandığı çoxsaylı uğurların hamısının təməlində məhz ulu öndərin qətiyyəti, prinsipiallığı və heç kəsdən, heç nədən qorxmaması, comərdliyi dayanır. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

 

23 Oktyabr 2019 10:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə