Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin sədri Oqtay Əsədov Yaponiya İmperatoru Naruhitonun rəsmi taxtaçıxma mərasimində iştirak edib

Milli Məclisin sədri Oqtay Əsədov Yaponiya İmperatoru Naruhitonun rəsmi taxtaçıxma mərasimində iştirak edib

Oktyabrın 22-də Yaponiya İmperatoru Naruhito ölkə Konstitusiyasına və İmperator evinin qanunlarına uyğun olaraq rəsmi şəkildə taxta çıxdığını elan edib. 
AZƏRTAC xəbər verir ki, monarx bu barədə Tokionun mərkəzində yerləşən İmperator sarayında keçirilən rəsmi taxtaçıxma mərasimi zamanı bəyan edib. 
“Mən Konstitusiyaya və İmperator evinin qanunlarına uyğun olaraq taxta çıxdım. Taxtaçıxma mərasimini təşkil etməklə, biz bu barədə bütün ölkəyə və dünyaya bəyan edirik”, - deyə monarx bildirib.
Mərasimdə Azərbaycan Respublikasını Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı Xanlar Fətiyev və digər rəsmi şəxslər var. Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov da mərasimdə iştirak edib.
İmperator Naruhitonun taxtaçıxması ilə əlaqədar ən böyük rəsmi mərasim İmperator sarayının fəxri Matsu-no ma (Şam ağacı) zalında keçirilib. Burada hündürlüyü 6,5 metr, ağırlığı 8 ton olan nəhəng taxt – Takamikura yerləşir. Həmin taxt ötən əsrin əvvəllərində qədim nümunələr əsasında düzəldilib. İmperator Naruhito Yer kürəsinin ən qədim sülaləsinə məxsus olan taxta çıxdığını yapon xalqına və bütün dünyaya bu taxtdan elan edib. Bu zaman onun əynində yalnız monarxa məxsus Heyan dövrünün dəbinə uyğun geyim və uca qara papaq olub. İmperator taxtının yanında qismən kiçik ölçüdə olan taxta isə ilkin orta əsrlərə xas qat-qat kimono geyinmiş İmperatriçə Masako çıxıb. 
İmperatorun nitqindən sonra çıxış edən Baş Nazir Şinzo Abe onu yapon xalqı adından təbrik edərək uzun illər hakimiyyətdə olmasını arzulayıb. Baş Nazirin işarəsi ilə bütün zaldakılar üç dəfə “Banzay” qışqırıblar. 
Mərasimdə iştirak etmək üçün Yaponiyaya 174 ölkədən 400-dən çox rəsmi nümayəndə gəlib. Onların arasında 70-dən çox monarx və dövlət başçısı var. Bununla yanaşı, İmperatoru təbrik etmək üçün Yaponiya ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən 1600 qonaq da saraya toplaşıb. 
Milli Məclisin sədri Oqtay Əsədov, həmçinin həmin gün axşam İmperator və İmperatriçə tərəfindən verilən təntənəli ziyafətdə də iştirak edib.

23 Oktyabr 2019 10:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə