Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəyanətkar və satqınlar həmişə uduzublar

Xəyanətkar və satqınlar həmişə uduzublar

“Milli Şura” adlı  saxta qurumun təşəbbüsü və rəhbərliyi, eləcə də, ölkəmizi gözü götürməyən qüvvələrin sifarişi ilə oktyabrın 19-da  qeyri-qanuni aksiya keçirmək cəhdi baş tutmadı. Çünki bu aksiyanı təşkil edənlər müxalifətin çox cüzi hissəsidir və onların da əsas məqsədlərinin iğtişaş törətmək, qarşıdurma yaratmaq olduğu artıq hamıya bəllidir.  Qeyri-qanuni aksiyanın təşkilatçıları və sifarişçiləri ölkəmizin inkişafını, dünya birliyinə inteqrasiyasını  həzm edə bilməyənlərdir.  Erməni lobbisinin və xarici havadarlarının əlində alətə çevrilmiş AXCP və “Milli Şura”  ölkədə yaradılmış  sabitliyi pozmaq, həyata keçirilən və nəzərdə tutulan  islahatlara kölgə salmaqdan ötrü  müvafiq icra hakimiyyəti tərəfindən ayrılmış yerdə deyil, şəhərin mərkəzində, xüsusilə, metro stansiyalarının qarşısında mitinq keçirməyə cəhd etməklə, beynəlxalq ictimaiyyətin diqqətini  respublikamıza yönəltmək istəyirdilər.

Son illər Azərbaycan dünya birliyinin diqqət mərkəzindədir. Təbii ki, sürətli inkişafı, islahatları, qeyri-neft sahəsində yaradılmış əsaslı dönüşü və sabitlik adasına çevrilməsi ilə. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının tədbirlərinin, həmçinin, beynəlxalq miqyaslı idman yarışlarının, musiqi festivallarının ölkəmizdə keçirilməsi bədxahlarımızı çox narahat edirdi. Onlar xarici havadarlarının çirkli pulları hesabına ölkədə qarşıdurma törətmək və beynəlxalq aləmdə respublikamız haqqında xof yaratmaq üçün ən çirkin vasitələrə əl atırdılar. 
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşünün keçirilməsi, bu tədbirdə ölkəmizin inkişafı, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi, sosial layihələrin uğurla reallaşdırılması və qarşıda daha uğurlu layihələrin olması barədə tədbir iştirakçılarına məlumat verilməsi anti- Azərbaycan qüvvələrin narahatlığını daha da artırdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı, Türk Şurasının VII Zirvə görüşü ilə əlaqədar “Odlar Yurdu” can Azərbaycanın paytaxtı Bakıda olmaqdan böyük məmnunluq duyduğunu bildirməsi, “milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur” -- fikrini səsləndirməsi, “Biz bir millət -- iki dövlət idik, indi isə bir millət -- beş dövlət, Türkmənistanın iştirakı ilə də, bəli, altı dövlət -- bir millət olmağı arzu edirik” -- fikri türk dünyasının daha da möhkəmlənməsinin bariz nümunəsi idi. Bu da anti-Azərbaycan qüvvələrin kürkünə birə salmışdı. 
Düşmənlərimizin bu birlikdən qorxuya düşmələri təbii haldır. Axı, bu birlikdə ulduz kimi parıldayanlardan biri də Azərbaycandır. Ona görə də respublikamızda qarşıdurma yaratmaq, ölkəmizi iğtişaşlar məkanı kimi tanıtmaq üçün radikal müxalifətin qeyri-qanuni aksiyasına böyük zərurət yaranmışdı. 
Unutmamalıyıq ki, bir neçə gündən sonra ölkəmiz daha əhəmiyyətli bir beynəlxalq tədbirə --Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünə evsahibliyi edəcək. Xatırladaq ki, respublikamız 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rolu olan çoxtərəfli platformadır. 120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi qurumdur. Belə bir nüfuzlu təşkilatın öz tədbirini Bakıda keçirməsi böyük əhəmiyyət kəsb edir və bu, ölkəmizə dünya birliyində verilən yüksək dəyərin təsdiqidir. Belə bir tədbir ərəfəsində ölkəmizin inkişafını gözü götürməyənlərin və ermənipərəst qüvvələrin qarşıdurma yaratması gözlənilən idi. Təəssüf ki, bu xəyanətdə “sapı özümüzdən olan baltalar” anti- Azərbaycan qüvvələrə dəstək verdilər. Təbii ki, bu “xidmətin” əvəzində qrant almaqla.
Qabaqcadan planlaşdırıldığı kimi, özlərini cəmiyyətə Demokratik Qüvvələrin Milli Şurası kimi təqdim edən saxta qurumun üzvləri mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. “Milli Şura”nın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən, şəhər icra hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif edilib. Lakin buna baxmayaraq təşkilatçılar həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni metropolitenin qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə məlumatlar paylaşıblar.
Yaxşı bilirdilər ki, icazəli mitinqdə xarici havadarlarının sifarişlərini yerinə yetirə bilməyəcəkdilər. Əvvəla, icazə verilən ərazidə çox az görünəcəkdilər. Çünki artıq bu pozucu dairələrə inanan yoxdur. Ona görə də səslərinə səs verib mitinqdə iştirak etməyəcəkdilər. Digər tərəfdən, özlərinin də etiraf etdikləri kimi, icazəli mitinq bir o qədər də maraqlı olmur. Həmişə olduğu kimi, eyni ­adamlar hər dəfə dediklərini təkrarlayırlar, ağlasığmaz vədlər verir, hakimiyyət əleyhinə çağırışlar edir və son anda qaçıb aradan çıxırlar. Bundan əlavə, metro stansiyalarının qarşısı həmişə əhalinin gur olduğu yerlərdir. Ona görə də bu stansiyalardan birinin qarşısını seçmək, orada vay-şüvən salıb ətrafdan keçənlərin də diqqətini cəlb etmək, xarici ağalarına tərəfdarlarının çox olduğunu “sübut etmək” lazım idi. Bu səbəbdən də radikal müxalifət oktyabrın 19-da qeyri-qanuni aksiya üçün metronun 28 May stansiyasının qarşısını seçdi. Onlar polislə qarşıdurma yaratmaq üçün minbir hiyləyə, təxribata əl atdılar. Ancaq Azərbaycan polisinin ayıq-sayıqlığı, səbr və təmkini, dözümü bu qarşıdurmanın qarşısını aldı. 
Radikal müxalifətin qanunsuz aksiya cəhdi bəzi siyasi partiyaların vasitəçiliyi ilə ölkənin daxili işlərinə xarici müdaxilə niyyətlərini reallaşdırdı. Aksiyanın gedişi də təsdiqlədi ki, radikal müxalifətin planlarının və hərəkətlərinin qabaqcadan bəzi xarici dairələrin nümayəndələri ilə razılaşdırıldığına hər hansı şübhə yeri qoymur. Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini -- icra katibi Əli Əhmədovun təbirincə desək, mitinqdən sonra haqqında söhbət gedən ünvanlara kütləvi aksiya cəhdi ilə əlaqədar hesabat verildiyini də əlavə etsək, mənzərə tam aydın olar: “Görünən odur ki, 19 oktyabr mitinqinin Azərbaycanın və onun vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi yoxdur, ictimai zərurət yükünə malik deyil və bu səbəbdən də insanların diqqətini cəlb edə bilməyib. Belə olan halda, razılaşdırılmamış mitinqin keçirilməsinin əsl səbəbinin bəzi xarici dairələrin maraqlarından qaynaqlandığına inanmamaq mümkün deyil. Bunun başqa adı Azərbaycanın dövlətçilik və milli mənafelərinin maraqlı xarici dairələrə qurban verilməsi, sadə dildə desək, satılmasıdır. Dərk etmək nə qədər üzücü olsa da, Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun ətrafında toplaşanlar bəzi xarici dairələrin əlində Azərbaycana qarşı istifadə olunan təhlükəli vasitəyə çevrilib. Hesab edirəm ki, cəmiyyətimiz buna biganə qalmamalı, dövlətin müvafiq orqanları xarici maraqlara xidmət göstərən siyasi təşkilatın fəaliyyətinə qanunauyğun hüquqi qiymət verməlidir”.
Ə. Əhmədovun qeyd etdiyi kimi, artıq radikal müxalifət xarici havadarları qarşısında qeyri-qanuni aksiyada tapşırıqları necə yerinə yetirmələri barədə hesabat verirlər. Məsələn, AXCP sədri Əli Kərimli başını sarımaqla, sonra sarğını çıxarıb yerinə yod sürtüb qızartmaqla və digər vasitələrlə özünü şil-küt hala salınmış formada təqdim etmək üçün pozalar verir. Onun qoluna girənlər ağızlarını geniş açmaqla şəkil çəkdiriblər . Guya, kimlərsə onlara zor tətbiq edir və bunlar da dözməyib bağırırlar. Halbuki, ətraflarında öz adamlarından başqa kimsə yoxdur. Belə pozalar verən radikal müxalifət, guya Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, sərbəst fikrin ifadəsinə şərait yaradılmaması barədə beynəlxalq ictimaiyyətdə rəy formalaşdırmaq, qarşıdan gələn əhəmiyyətli tədbir ərəfəsində qorxu yaratmaq istəyirlər. Nə yaxşı ki, Avropa ölkələrində, məsələn, Almaniya, Fransa, İspaniya, İtaliya və digərlərində olduğu kimi radikal müxalifət nümayəndələrinə gözyaşardıcı qaz buraxılmayıb. Nə yaxşı ki, onların aksiyaları atlarla, xüsusi hazırlanmış itlərlərlə, üfunət iyi verən su şırnaqları və ya rezin güllələrlə dağıdılmayıb. Axı, bizim ölkəmizdə indiyə qədər belə hallar baş verməyib. Görünür, radikal müxalifətin ürəyindən bunlar da keçir. 
Əlbəttə, bütün bunlar keçərli deyil. Çünki Azərbaycan müəyyənləşdirdiyi yolla-- müstəqillik yolu ilə inamla irəliləyir. Bu müddət ərzində belə “kartlarla ” çox oyunlar oynayıblar. Hamısında da uduzublar. Xəyanətkarlar və satqınlar həmişə məğlub olublar.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

23 Oktyabr 2019 10:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə