Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ənənələri və uğurları ilə tanınan qocaman təhsil məbədi

Bakı Xoreoqrafiya Akademiyası – 90

Ənənələri və uğurları ilə tanınan qocaman təhsil məbədi

Bu, bir həqiqətdir ki, təhsil hər bir xalqın inkişafını təmin edən, intellektual təfəkkürlü, vətənpərvər və yüksək ixtisaslı mütəxəssislərin hazırlığında mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyev demişdir: “Təhsil millətin gələcəyidir”. Prezident İlham Əliyev ölkəmizdə təhsilin tərəqqisi üçün bütün zəruri tədbirləri və layihələri uğurla həyata keçirir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və digər dövlət proqramları respublikamızda bu sahədə həlli vacib olan problemləri qısa zamanda aradan qaldırdı.

Dövlət başçısı dəfələrlə bildirmişdir ki, son illərdə ölkə iqtisadiyyatındakı mühüm keyfiyyət dəyişiklikləri milli təhsil konsepsiyasının Avropa standartlarına uyğun müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin mütərəqqi maarifçilik ənənələrinin, müasir informasiya və innovasiya texnologiyalarının mənimsənilməsini, mənəvi-intellektual yüksəlişə xidmət edən siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu ali təhsil müəssisələrində təhsilin inkişaf etdirilməsi və keyfiyyət səviyyəsinin yüksəldilməsi üçün fundamental bazadır.
Respublikamızın qabaqcıl ali məktəbləri sırasında özünə möhkəm yer tutmuş, təkcə ölkəmizdə deyil, onun sərhədlərindən kənarda da nüfuzu ilə seçilən Bakı Xoreoqrafiya Akademiyasının (BXA) 90 yaşı tamam olur. Zəngin tarixi ənənələrə malik olan bu təhsil ocağı 1929-cu ildə Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən açılıb. Xoreoqrafiya sənətinin inkişafında xüsusi rolu olan bu məktəb həm respublikamızda, həm də dünyanın bir çox ölkələrində tanınan balet artistləri və rəqs ustaları yetişdirib. Qəmər Almaszadə, Leyla Vəkilova, Xumar Zülfüqarova, Rəfiqə Axundova, Roza Cəlilova, Çimnaz Babayeva, Afaq Məlikova, Maqsud Məmmədov, Təranə Muradova kimi görkəmli səhnə ustalarının yetişməsində bu məktəbin böyük rolu olub. 
Azərbaycan Prezidenti İlham Əliyevin 30 aprel 2014-cü il tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradıldı. Klassik və milli rəqs üzrə yüksək peşəkarlığa malik mütəxəssis hazırlığı baxımından respublikanın müasir təhsil ocaqları ailəsində öncül mövqe tutan Bakı Xoreoqrafiya Akademiyası yüksək səviyyəli kadrların hazırlığı baxımından digər təhsil müəssisələrindən seçilir. Fəaliyyət göstərdiyi beş il ərzində Bakı Xoreoqrafiya Akademiyası bir sıra uğurlara imza atıb. Akademiyanın rektoru, professor Timuçin Əfəndiyevin rəhbərliyi ilə təhsil müəssisəsində miqyaslı təmir işləri görülmüş, maddi-texniki bazası yenilənmiş, istedadlı mütəxəssislər, peşəkar professor-müəllim heyəti tədris müəssisəsinə cəlb edilmişdir. Respublikada ilk dəfə olaraq Qəmər Almaszadə adına Beynəlxalq rəqs müsabiqəsinin təşkil olunması və müsabiqədə 2016, 2018-ci illərdə dünyanın 12 ölkəsindən 324 nümayəndənin iştirakı təkcə təhsil ocağının deyil, həm də ölkəmizin mədəniyyət tarixində mühüm hadisələrdən biri oldu.
Bu illərdə Akademiya Avropa İncəsənət Universitetləri Liqasına üzv seçilib. BXA-da “Sənət Akademiyası” beynəlxalq elmi-nəzəri jurnal nəşr edilir. Akademiyanın rektoru, professor T.Əfəndiyev Moskva Dövlət Xoreoqrafiya Akademiyası, Y.Vaqanova adına Rus Baleti Akademiyası, Moskva Dövlət Mədəniyyət İnstitutu, Qazaxıstan Dövlət Xoreoqrafiya Akademiyası, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Pekin Rəqs Akademiyası kimi təhsil müəssisələri ilə təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığa dair sazişlər imzalayıb. Təhsil müəssisəsində dünyanın məşhur balet ustası və xoreoqraflarının ustad dərsləri təşkil olunub. Onlardan Rusiya Federasiyasının Xalq artistləri D.Muzakayev, V.Vasiliyev, N.Tsiskaridze, Rusiya Federasiyasının Əməkdar artistləri P.Skirmantas, Sergey Moxnaç, Vitali Axundov, Yaponiyanın Tokio Balet Akademiyasının Beynəlxalq Əlaqələr Departamentinin müdiri, balet artisti və xoreoqraf Andrey Orlov və başqa sənətkarlar ustad dərsləri keçmişlər. 
Məşhur balet artisti A.Orlov təhsil müəssisəsi ilə tanış olandan sonra qeyd etmişdir ki, BXA-nın son abadlıq işləri, yaradılmış şərait və yaradıcılıq mühiti, eləcə də müəllimlərin peşəkarlığı qısa müddət ərzində Bakı Xoreoqrafiya Akademiyasının dünyanın ən aparıcı xoreoqrafiya akademiyaları ilə bir sırada dayanmasına şərait yaradacaqdır. Rusiya Federasiyasının Xalq artisti, Y.Vaqanova adına Rus Baleti Akademiyasının rektoru Nikolay Tsiskaridze akademiyanın fəxri professoru adına layiq görülüb.
Ali təhsil müəssisələri arasında qarşılıqlı yaradıcılıq əlaqələri yaratmaq məqsədilə akademiyanın rektoru 2016-cı ildə Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinin dəvəti ilə Minsk şəhərində olmuş, təhsil müəssisəsinin kollektivi və sənət adamları ilə görüşlər keçirmişdir. 2017-ci ilin noyabr ayında isə o, mədəniyyət və incəsənət xadimlərinin bir araya gəldiyi Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Fondunda Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi iştirak etmişdir. Əcnəbi xoreoqrafların müntəzəm şəkildə keçirilən ustad dərsləri akademiyada təhsilin keyfiyyətinə və səmərəliliyinə təsir etməklə, həm də ixtisas fənlərindən dərs deyən müəllimlərimizin nəzəri biliklərinin və peşəkarlığının artmasına, eləcə də beynəlxalq təcrübənin öyrənilməsinə böyük təsir göstərir. 
Fəaliyyəti dövründə akademiyada “Xoreoqrafiya sənətinin aktual problemləri”, “Heydər Əliyev və Azərbaycan incəsənəti”, “Multikulturalizmin Azərbaycan modeli: tarix, mədəniyyət və incəsənət”, “Azərbaycançılıq fəlsəfəsi və qloballaşma dövründə mədəniyyətlərin dialoqu” və s. mövzularında elmi-nəzəri konfranslar keçirilmişdir. Eyni zamanda, əlamətdar tarixi günlərlə bağlı -- 20 Yanvar hadisələrinə, Xocalı soyqırımına, 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə, Respublika Gününə, Qurtuluş Gününə, Milli Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olma və anım günləri ilə bağlı hər il konfranslar, “dəyirmi masa”lar və seminarlar keçirilmişdir. Həm ixtisas, həm də nəzəri kafedralar təhsilin keyfiyyətinin yüksəldilməsini özlərinin ən vacib vəzifələrindən biri hesab edir. Kafedranın müəllimləri öz fəaliyyətlərində müasir dərsə verilən tələbləri daim diqqət mərkəzində saxlayır, tələbələrin müstəqilliyini artıran, axtarıcılığa istiqamətləndirən fəal təlim metodlarından istifadə edirlər. Akademiyada Azərbaycan dili ilə yanaşı, ingilis və fransız dillərinin tədris edilməsi də prioritet istiqamətlərdən biridir.
Ölkəmizdə ali təhsil sistemində aparılan yeniləşmə və dəyişmə prosesi bir sıra dəyərlərə yeni yanaşma tələb etməklə yanaşı, dərsliklərin və dərs vəsaitlərinin təzələnməsini də zəruri etmişdir. Akademiyanın kafedralarında milli xoreoqrafiya sənəti tarixi və balet sənətinə aid yeni tədris proqramları, dərsliklər və metodik vəsaitlər yazılmış və çap edilmişdir. Akademiyada tədris, elm və yaradıcılıq sahələri üzrə keçirilən bütün tədbirlər mütəmadi olaraq mətbuatda işıqlandırılır. Bakı Xoreoqrafiya Akademiyasında yaradılmış demokratik mühit və abadlıq işləri barədə həm pedaqoji kollektiv, həm də tələbələr səmimi, xoş sözlər deyirlər. Təhsil məbədi bu gün inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Akademiyanın professor-müəllim heyəti, görkəmli sənət adamları, bütövlükdə bütün təhsil işçilərimiz BXA-nın 90 illik yubileyinə hazırlaşırlar. 

 

Vəfa XANOĞLAN,
Bakı Xoreoqrafiya Akademiyasının Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru 

 

23 Oktyabr 2019 10:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə