Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici İşlər Nazirliyində mətbuat konfransı

Xarici İşlər Nazirliyində mətbuat konfransı

Oktyabrın 25-26-da Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə–Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə görüşünə  evsahibliyi edəcək. Tədbirdə  ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, eləcə də  beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcəklər. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyində keçirilmiş mətbuat konfransında bildirilib. 
Konfransda  Azərbaycan xarici işlər nazirinin müavini  Ramiz Həsənov bildirib ki, artıq   tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib, eləcə də  158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib.
Ölkəmizin Qoşulmama Hərəkatına 2011-ci ildən üzv olduğunu xatırladan nazir müavini qeyd edib ki, bu təşkilat  BMT-nin Baş Assambleyasından sonra dövlətlərin təmsil olunduğu  ən böyük siyasi təsisatdır: “ Təşkilatın əsas məqsədi beynəlxalq hüququn norma və prinipləri əsasında  dünyada sülhün və təhlükəsizliyin qorunmasına və  tərəqqiyə töhfə verməkdən ibarətdir. Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduğu qısa müddətdə ölkəmiz uğurlu xarici siyasət  nəticəsində təsisat daxilində böyük nüfuz və etimad qazanıb.  Belə ki, 2016-cı ilin sentyabrında hərəkata üzv dövlət başçıları və hökümət rəhbərlərinin iştirak etdiyi XVII Zirvə görüşündə növbəti tədbirin Bakıda keçirilməsi və həmçinin Azərbaycanın   2019-2022-ci illərdə  təşkilata sədrlik etməsi qərarı qəbul edildi. Sözsüz ki, bu ölkəmiz üçün növbəti uğur və etimaddır.” 
Tədbir barədə ətraflı məlumat verən Ramiz Həsənov  vurğulayıb  ki, zirvə görüşündə 4 yekun sənədin imzalanması gözlənilir: “Zirvə görüşündə Bakı Bəyannaməsi, Bakı Siyasi Bəyannaməsi, Təşkilatçı ölkəyə təşəkkür sənədi və Fələstin üzrə sənədin imzalanması gözlənilir. İlk 3 sənədə Qarabağ münaqişəsi ilə bağlı bəndlər  də salınıb”.
Ermənistanın Qoşulmama Hərəkatı yanında müşahidəçi statusu olmasına da toxunulub.  Qeyd edilib ki,  Azərbaycan tərəfi bütün ölkələrin bu zirvə toplantısında iştirak edə biləcəyini bəyan edib. Nazir müavini qeyd edib ki, Ermənistan bugünədək iştirakla bağlı niyyətini bildirməyib və qeydiyyatdan keçməyib.
O, həmçinin Azərbaycanın növbəti üç il ərzində  Qoşulmama Hərəkatına sədrlik edəcəyini vurğulayıb və  ölkəmizin sədrlik dövründəki prioritetlərini açıqlayıb.
Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək.  Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin xarici işlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər. 

 

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

23 Oktyabr 2019 10:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə