Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Putin və Makron Suriyadakı vəziyyəti telefonla müzakirə ediblər

Putin və Makron Suriyadakı vəziyyəti telefonla müzakirə ediblər

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı telefonla fikir mübadiləsi aparıblar. “Anadolu” agentliyi bu barədə məlumatı Kremlin mətbuat xidmətinə istinadən yayıb. 
Xəbərdə deyilir ki, Vladimir Putin qarşı tərəfi Yaxın Şərq regionunda, o cümlədən Suriyada vəziyyətin sabitləşməsi üçün Rusiya hökuməti tərəfindən atılan addımlarla bağlı məlumatlandırıb. Bildirib ki, Kreml regiondakı bütün maraqlı etnik və dini qruplar arasında əlaqələrin qurulmasına yardım etməyə çalışır. 
Xatırladaq ki, Suriyada münaqişənin siyasi yolla nizamlanması üçün bu il oktyabrın sonlarında Cenevrədə BMT-nin himayəsi altında Süriya üzrə Konstitusiya Komitəsinin iclası keçirilməlidir. Fransa Prezidenti həmin tədbirin səmərəli olacağına ümid etdiyini bildirib.  
Telefon bağlantısı rəsmi Parisin təşəbbüsü ilə baş tutub.
Yeri gəlmişkən, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfər edib. Prezidentlər Soçidə görüşərək Suriyadakı vəziyyəti, bütövlükdə bir sıra qlobal və regional məsələləri müzakirə ediblər. 
Soçidə dövlət başçılarının təkbətək görüşü ilə bərabər, nümayəndə heyətlərinin geniş tərkibdə də görüşü olub. Tərəflər iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi yollarını araşdırıblar.    
Rusiya və Türkiyə liderlərinin Soçi görüşü qlobal medianın diqqət mərkəzindədir. Bu mövzuda beynəlxalq KİV-də çox sayda məqalə və şərhlər yer alır. Bir çox nüfuzlu siyasi təhlilçilər hesab edirlər ki, məhz həmin görüşdə bölgənin gələcək taleyi həll oluna bilər. 

 

M.HACIXANLI, “Xalq qəzeti”   

23 Oktyabr 2019 10:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə