Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Prezidenti: Suriyada atəşkəsin müddəti uzadıla bilər

ABŞ Prezidenti: Suriyada atəşkəsin müddəti uzadıla bilər

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, lazım gələrsə, Suriyanın şimalında beş günlük atəşkəs rejiminin müddəti uzadıla bilər. Bu barədə o, Ağ evdə kabinetin iclasında bildirib. Məlumatı “Lenta.ru” verib. 

Prezidentin sözlərinə görə, vitse-prezident Maykl Pens və dövlət katibi Mayk Pompeo Ankarada danışıqlar zamanı 120 saat müddətinə atəşkəs barədə yaxşı razılaşma əldə ediblər. “Əgər bizə müddəti bir az da uzatmaq lazım gəlsə, bu da olacaq”, – deyə dövlət başçısı qeyd edib. 
Dövlət katibi Mayk Pompeo isə bir qədər də qabağa gedərək bildirib ki, Birləşmiş Ştatlar lazım gələrsə, Türkiyəyə qarşı hərbi güc tətbiq edə bilər. Bu barədə o, CNBC telekanalının efirində bəyan edib.
“Əgər dinamika, yaxud hərbi aksiya tələb olunarsa, bilmək gərəkdir ki, Prezident Tramp buna tam hazırdır”, – Pompeo deyib və əlavə edib ki, ABŞ müharibəyə deyil, sülhə üstünlük verir. 
Ancaq dövlət katibi deməyib ki, Ankaranın hansı hərəkəti Vaşinqtonu hərb variantına əl atmağa vadar edər. O, bunu ABŞ Prezidenti Trampın hərbi gücə əl atmaqla “irəli getmək” arzusunda olmaması ilə izah edib.
Dövlət katibinin sözlərinə görə, ABŞ həm də iqtisadi gücündən və diplomatik səlahiyyətlərindən istifadə etməklə cavab verə bilər. “Biz buna daha çox üstünlük veririk”. 
Xatırladaq ki, oktyabrın 17-da ABŞ və Türkiyə arasında gərgin danışıq aparılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın atəşi daimi deyil, müvəqqəti olaraq dayandırmaq barədə tələbi danışıqlar prosesində dönüş yaradıb. Bununla da Suriyanın şimalında aparılan “Sülh çeşməsi” hərbi əməliyyatının beş gün müddətinə dayandırılması barədə razılaşma əldə olunub. Bu müddət ərzində türk ordusu hücum etməməli, kürdlərin “xalq özünü müdafiə” (YPG) qüvvələri isə 30 kilometrlik neytral zonadan çıxmalıdır.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

23 Oktyabr 2019 10:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə