Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xilaskar həkimlərə valideyn təşəkkürü

Xilaskar həkimlərə valideyn təşəkkürü

Ailədə azyaşlı uşağın anlaşılmayan xəstəlik üzündən qəfil kritik vəziyyətə düşməsi valideynləri həmişə çətin vəziyyətdə qoyur. Harasında problem olması və nədən ağrımasını yönlü anlada bilməyən 4 yaşlı Miray da belə bir duruma düşmüş və hamını çətin vəziyyətə salmışdı. Təcili yardım yerli-yataqlı bir izah verə bilməyən xəstə uşağı dərhal Kliniki Tibbi Mərkəzə çatdırmağı məsləhət bildi. Gecikmək olmazdı və itirilən hər dəqiqə balaca Mirayın həyatını təhlükə altında qoyurdu.

Mərkəzə çatdırılan uşağı şöbə müdiri İlqar Haqverdiyev özü qəbul etdi və təcrübəli həkim ilkin müayinədən dərhal sonra kor bağırsağın iltihab nəticəsində partlayıb ciddi fəsad törətdiyini aşkarlayaraq, xəstəni təcili əməliyyata almağa göstəriş verdi. Çox qısa bir zamanda cərrah Əkrəm Çodarov və onun assistenti Hikmət Alışanov Mirayı əməliyyata alıb təxirəsalınmaz tədbirlər görməyə başladılar.

Vaxt uzanır, əməliyyat otağından bir xəbər gəlmirdi deyə valideynlər dərin narahatlıq içində idilər. Nəhayət, iki saatdan sonra cərrah Ə.Çodarov əməliyyat otağının qapısında göründü. Çöhrəsindəki təbəssümdən görünürdü ki, Mirayın həyatı üçün  təhlükə sovuşub. “Əməliyyat uğurlu keçdi, bir necə dəqiqədən sonra Mirayı görə bilərsiniz”, - deyə həkim valideynlərə  şad xəbər verdi.

Redaksiyamıza üz tutan Mirayın valideynləri xahiş etdilər ki, onların xoş sözlər və minnətdarlıq dolu ürək sözlərini qəzetimiz vasitəsilə Klinik Tibbi Mərkəzə, şöbə müdiri İlqar Mehdiyevə, cərrah Əkrəm Çodarova və onun assistenti Hikmət Alışanova çatdıraq: “Onlar öz həkimlik vəzifələrini şərəflə yerinə yetirdilər, əlləri var olsun!” Biz də vətəndaşlarımızın bu xoş sözlər dolu təşəkkürlərinə qoşulub Azərbaycan səhiyyəsinin adını uca tutan xilaskar həkimlərimizə təşəkkürümüzü bildiririk. Əlləriniz var, başınız uca olsun, əziz həkimlər!

 

Səadət Rzayeva,
“Xalq qəzeti”

22 Oktyabr 2019 17:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə