Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Doqquz ayın yekunları sosial-iqtisadi islahatların uğurlu nəticələrindən xəbər verir

Doqquz ayın yekunları sosial-iqtisadi islahatların uğurlu nəticələrindən xəbər verir

Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə 2019-cu ilin doqquz ayında əldə edilən uğurlar, eyni zamanda, qarşıdakı dövrdə nəzərdə tutulan vəzifələr diqqətə çatdırılıb. Bildirilib ki, hesabat dövründə qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox olub. Qeyri-neft sənayesi 15 faizdən, kənd təsərrüfatı 7 faizdən çox artıb. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edib. “Doing Business” hesabatına görə, Azərbaycan 20 ən islahatçı ölkə sırasında yer alıb. Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 130 milyon manat güzəştli şərtlərlə kreditlər verilib. Minimum əmək pensiyası 200 manata çatdırılıb ki, bununla da ölkəmiz MDB məkanında alıcılıq qabiliyyəti indeksi üzrə birinci yerdə qərarlaşıb. Eyni zamanda, mövcud potensialın ili daha yüksək nailiyyətlərlə yekunlaşdırmağa imkan verəcəyi xüsusi vurğulanıb. 

Yuxarıdakı uğurlu nəticələri Dövlət Statistika Komitəsinin hesabat dövrünün yekunlarını əks etdirən göstəricilərlə də davam etdirə bilərik. Belə ki, ilin doqquz ayı ərzində 58,4 milyard manatlıqdan çox ÜDM istehsal edilib. İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 1,1 faiz artıb. 
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu dövrdə tikinti sektoru istisna olmaqla iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. İnformasiya və rabitədə əlavə dəyər 16,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 7,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 4,9 faiz, ticarətdə 3, sənayedə 2,5 faiz, nəqliyyatda 1,3 faiz, digər xidmət sahələrində 2,2 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 5910,1 manata bərabər olub. 
Cari il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 1 milyon 611,1 min nəfər təşkil edib. Onlardan 899 min nəfəri iqtisadiyyatın dövlət, 712,1 min nəfəri isə qeyri-dövlət sektorlarında fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsinin məlumatında daha sonra bildirilir ki, yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9 faiz artaraq 589,3 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta, elmi- texniki fəaliyyət sahələrində, eləcə də tikinti sektorunda orta aylıq nominal əməkhaqqı daha yüksək olub. 
Hesabat dövründə əməkhaqqı artımı deməyə əsas verir ki, ölkədə sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi, həssas qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsi Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanılıb. 
Xatırladaq ki, cari ilin əvvəlindən ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım, pensiya sisteminin təkmilləşdirilməsi, bu sahədə artımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. 
Əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı danışarkən, bir məqamı da xatırlatmaq istərdik. Bu, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolunun məhz iqtisadi-sosial tərəqqidən keçməsi həqiqəti ilə bağlıdır. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu, bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf edən bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Dövlət başçısı İlham Əliyev də bu reallığı daim önə çəkir. Çünki insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir. 
Onu da qeyd edək ki, Azərbaycanın iqtisadi tərəqqisindən, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. 
Sosial şəraitin getdikcə yaxşılaşmasına, şübhəsiz ki, qeyri-neft sənayesində reallaşdırılan islahatlar da müsbət təsir göstərir. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 34,7 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,6 faiz artıb. Sənaye məhsullarının 69,9 faizi mədənçıxarma, 25,2 faizi emal, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. 
Sənayenin qeyri neft-qaz sektorunda uğurlu göstəricilərin əldə olunması sənaye parklarının səmərəli fəaliyyəti ilə daha sıx bağlıdır. Xatırladaq ki, hesabat dövründə ölkədəki sənaye parklarına 600 milyon manatdan çox investisiya yatırılıb. İndiyədək sənaye parklarına 60 rezident tərəfindən yatırılan investisiyanın həcmi isə 3 milyard dollar təşkil edib. Bu parklarda 9 minə yaxın daimi iş yeri yaradılıb. 
Növbəti mərhələdə sənaye parklarına 400 milyon dollaradək sərmayə qoyuluşu, 1600-dən artıq iş yerinin açılması nəzərdə tutulub. Onu da deyək ki, indiyədək sənaye parklarında 1,39 milyard manat dəyərində məhsul istehsal edilib ki, bunun da 267 milyon manatlıq hissəsi ixrac olunub.
Yuxarıda qeyd etdik ki, respublikada sənaye parklarının yaradılması yerli istehsalın artmasına, idxaldan asılılığın aradan qaldırılmasına müsbət təsir göstərir. Buna görə də sənayenin inkişafında yeni mexanizm kimi sənaye parklarının istifadəyə verilməsi daim diqqət mərkəzində saxlanılır. Artıq Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarıdır.
Sənaye parklarında yüksək nəticələrə nail olmaq üçün rezidentlərin səmərəli fəaliyyəti məqsədilə hər cür şərait yaradılıb, vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edilib. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunublar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılıb, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilib.
Bütün bunlar Prezident İlham Əliyevin müdrik rəhbərliyi, yeritdiyi düzgün strategiya nəticəsində əldə edilən nailiyyətlərin Azərbaycanda mənəvi ab-havanın yaxşılaşmasına, dövlətə, onun rəhbərinə etimadın daha da artmasına səbəb olduğundan xəbər verir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

 

22 Oktyabr 2019 00:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə