Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın müdafiə naziri Pekində Syanşan Forumunda iştirak edir

Azərbaycanın müdafiə naziri Pekində Syanşan Forumunda iştirak edir

Pekində 9-cu Syanşan təhlükəsizlik ­dialoqu işə başlayıb. Çinin Milli Müdafiə Nazirliyinin, Hərbi Elmlər Assosiasiyasının və Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən forumda dünyanın 23 dövləti müdafiə naziri, 17 ölkə nazir müavini səviyyəsində təmsil olunub. Ümumilikdə 1300 nümayəndə, o cümlədən beynəlxalq və regional təşkilatların rəhbər şəxsləri, yüksək rütbəli hərbçilər tədbirə qatılıblar.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak edir.
Açılış mərasimində çıxış edən Çinin milli müdafiə naziri Vey Fenxe bildirib ki, builki forum “Beynəlxalq düzənin qorunması və Asiya-Sakit okean regionunda sülhə yardım” mövzusuna həsr olunub. Asiya-Sakit okeanı regionunda təhlükəsizliyin təminatının dünya üçün əhəmiyyətindən danışan Çin rəsmisi ölkəsinin bu istiqamətdəki mövqeyindən danışıb. Vey Fenxe Çinin hərbi strategiyasının müdafiə yönümlü olduğunu, özünə qarşı hücum olmayacağı təqdirdə başqalarına hücum etməyəcəyini deyib.
Tədbirdə çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu Syanşan Forumunu yüksək səviyyəli nüfuzlu beynəlxalq tədbir kimi qiymətləndirib.
Qeyd edək ki, 2006-cı ildən keçirilən ənənəvi Syanşan Forumu yüksək rütbəli hərbçilərin, dövlət rəsmilərinin, tədqiqatçıların, ekspertlərin iştirakı ilə dünyada, xüsusən də Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayır. İki gün davam edəcək forumda “Böyük ölkələrin münasibətləri və beynəlxalq düzən”, “Asiya-Sakit okean regionunda təhlükəsizlik risklərinin idarə olunması”, “Təhlükəsizlik konsepsiyalarında yeniliklər”, “Strateji inam və etimad tədbirlər”, “Asiya-Sakit okeanı regionunun təhlükəsizlik quruluşu”, “Terrorizm əleyhinə beynəlxalq əməkdaşlıq” və digər mövzularda bölmə iclasları keçiriləcək. Bundan başqa, forum çərçivəsində gənc alimlər və zabitlər üçün müvafiq mövzularda seminarlar, simpoziumlar təşkil olunacaq.
Səfər çərçivəsində müdafiə naziri Zakir Həsənov Çinin müdafiə sənayesi kompleksinə daxil olan “Poly Technologies” və “CETC International” şirkətlərinin nümayəndələri ilə görüşüb. Görüşlərdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Şahin Cəfərov,
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

 

22 Oktyabr 2019 00:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə