Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Öz gözlərində tiri görməyənlər...

Öz gözlərində tiri görməyənlər...

Özlərini Demokratik Qüvvələrin  “Milli Şura”sı kimi təqdim edən radikal müxalifət nümayəndələrinin  oktyabrın 19–da  metronun “28 May” stansiyasının qarşısında keçirmək istədiyi qeyri – qanuni aksiyasının qarşısı asayiş keşikçilərinin səbir və təmkin göstərmələri ilə alındı. Polisin qanunun tələblərini pozan,  təxribat törətməyə can atan, qarşıdurma yaratmaq istəyən, müxtəlif şüarlar səsləndirərək ictimai asayişi pozan və digər qanunazidd əməllər törədən  radikallara, o cümlədən aksiyanın təşkilatçıları və fəallarına qarşı məcburetmə tədbirləri tətbiq etməsi ətrafında xüsusi canfəşanlıqla ajiotaj yaradılır. Qeyri-qanuni aksiyadan öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışan antimilli qüvvələr  məsələnin beynəlxalq təşkilatların gündəminə düşməsi, ölkəmizə qarşı  xoşagəlməz  bəyanatların verilməsi üçün minbir oyundan çıxırlar.

Xaricdəki anti–Azərbaycan dairələr və ölkəmizin inkişafını gözü götürməyən ermənipərəst qüvvələr artıq  bu istiqamətdə  fəaliyyətə başlayıblar və guya, həmin gün aksiya keçirmək istəyən müxalifət nümayəndələrinə divan tutulması barədə yalan və böhtanla dolu məlumatlar yaymağa başlayıblar. Bu  aksiyadan  siyasi dividend qazanmaq istəyən AXCP sədri Əli Kərimli və onun əlaltıları anti-Azərbaycan təbliğatından istifadə etmək, qara piar kampaniyası aparmaq və özünüreklam üçün xarici telekanallara başısarıqlı çıxır və qeyri-qanuni aksiya zamanı polis zorakılığına məruz qaldıqlarını, döyüldükləri barədə fon yaratmaq istəyirlər. 
Radikal müxalifətin bu qeyri-qanuni aksiyaya cəhdindən  ölkəmizə qarşı təhdid və təzyiq vasitəsi kimi istifadə etmək istəyən  Qərbin bəzi dairələri sanki bu neçə ildə yaxşı bir “qənimət” əldə ediblər.  Uzun illərdir ki, hər birimiz Avropa  siyasətində ölkəmizə qarşı ikili standartların hökm sürdüyünün şahidiyik. Öz gözlərində tiri “görməyən” və digər dövlətlərin gözlərində tük axtaran,  “demokratiya dərsi” keçmək istəyən  Qərbin bəzi dövlətlərində  demokratik hüquq və prinsiplər addımbaşı pozulur. Məhz həmin ölkələr  Avropa Konvensiyasında təsbit olunmuş fundamental siyasi azadlıqların təminatına ciddi problemlər yaradırlar.
Hər gün həm televiziya kanallarında, həm də sosial şəbəkələrdə  dünya ölkələrində keçirilən etiraz aksiyalarının,  nümayişlərin  və bu  zaman baş verən polis zorakılığının, qarşıdurmanın şahidi oluruq. Almaniyada, Fransada, Belçikada, Macarıstanda, ABŞ-da keçirilən aksiyalar zamanı dinc əhaliyə necə divan tutulduğunun, aksiya iştirakçılarının atların ayaqları altına salındığının, xüsusi öyrədilmiş itlər vasitəsilə onlara necə işgəncələr verildiyinin şahidi oluruq.  
Almaniyada dinc aksiyalar  zərərli dərmanlar qatılmış su şırnaqları vasitəsilə, digər Avropa ölkələrində rezin güllələrlə, gözyaşardıcı qazlarla, sifətlərinə  bibər qazı sıxmaqla, sonra isə əllərini arxadan bağlayaraq asfalta uzadıb işgəncələr verməklə  “dağıdılır”.  Həmin aksiyalarda  iştirakçıların  səsləndirdikləri şüarlar “Polis qəddarlığı bitsin!”, “Zorakılığın qurbanlarına ədalət!”  və başqa bu kimi məzmunda olur.  Təəssüf ki, beynəlxalq təşkilatların heç birinin hesabatlarında belə aksiyalarda   insan haqlarının, söz azadlığının kobud şəkildə pozulması  barədə  irada rast gəlinmir.  “Demokratiyanın beşiyi” sayılan Avropada,  Qərbdə  belə aksiyalar zamanı insanlar döyülür, yaralanır, ən qəddar üsullarla cəzalandırılır. Ancaq hamı susur. Azərbaycanda isə 10-15 nəfər küçə və meydanlara çıxan zaman dərhal Qərbin “demokratiya”maşını “ haqq-ədalət” axtarışına başlayır. Radikal müxalifətin oktyabrın 19-da  qeyri-qanuni aksiya keçirməyə cəhd etməsi  zamanı da bunun şahidi olduq. 

 

“Xalq qəzeti” 

22 Oktyabr 2019 00:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə