Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kimsə ölkədə iğtişaş törədib, xalq-dövlət birliyinə kölgə sala bilməz!

Kimsə ölkədə iğtişaş törədib, xalq-dövlət birliyinə kölgə sala bilməz!

Radikal müxalifətin mitinq adı altında ictimai asayişi və qanunu pozmasının növbəti dəfə şahidi olduq. Onların mitinq keçirmək üçün müraciətinə cavab olaraq müvafiq yerin ayrılmasına baxmayaraq, başıpozuq kiçik qruplarla şəhərin mərkəzində hay-küy qoparması, iğtişaşa təşəbbüs etməsi, şübhəsiz, yolverilməz haldır. Ölkəmizin bütün sahələr üzrə inkişaf etdiyini, nüfuzunun durmadan artdığını və dünya birliyində söz sahibinə çevrildiyini gözü götürməyən radikalların bu hərəkəti reallığı dərk etməmələrindən irəli gəlir. Razılaşdırılmamış, deməli icazəsiz küçə yürüşləri, vətəndaş itaətsizliyinə çağırışlar aksiyaların təşkilatçısı olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının və qondarma “Milli Şura”nın qanundan məqsədyönlü şəkildə kənara çıxdıqlarını sübuta yetirir.

Küçə yürüşünün icazəsiz və adətən, insanların gur olduğu yerlərdə keçirilməsi məqsədli şəkildə insanların rahatlığını pozmaq, onlarda narazılıq yaratmaq və bu zəmində ictimai sabitliyin üzərinə kölgə salmaq niyyəti güdür. Eyni zamanda, asayişi pozmaq, qarşıdurma yaratmaq cəhdləri və sosial şəbəkələr üzərindən anti-konstitusion çağırışlar etmək destruktiv qrupların fəaliyyətinin açıq təxribatlar törətmək niyyətindən  xəbər verir.
Əli Kərimli və aldadıb başına topladığı bir qrup hələ də 30 illik siyasətlərinə əsir olaraq qalıblar. Onlar öz varlıqlarını qanunları pozmaqla diqqətə çatdırmaq fikrindədirlər. Bu aksiya zamanı qanun keşikçilərinin vəzifə borcuna sədaqətlərini xüsusi qiymətləndirir və bu cür neqativ halların bundan sonra da qanun çərçivəsində qarşısının alınacağına inanıram. Polisin günbəgün öz peşəkarlığını artırdığı göz qabağındadır və alqışlanmalıdır. Sosial şəbəkələrdə onları “qansız” , “cəllad”, “vəhşi” adlandıranlar Fransada, Almaniyada, İspaniyada icazəsiz aksiyalardakı polisin davranışı ilə Azərbaycan polisinin davranışını müqayisə etsinlər. Hər kəs bilməlidir ki, dövlət və onun müvafiq orqanları ölkədəki sabitliyi qorumağa borcludur və buna qadirdir .
Aksiyanın qarşısının qətiyyətlə alınmasına gəldikdə isə deyərdim ki, bu, Azərbaycan dövlətinin mitinqi sifariş etmiş həm xarici güclərə, həm onların Azərbaycandakı əlaltılarına növbəti xəbərdarlığı idi. Bilsinlər, eşitsinlər ki, heç kim ölkədə sabitliyi pozub, iğtişaşa cəhd etməklə xalq–Prezident birliyinə kölgə sala bilməz. Vətəndaşların  rifahı naminə aparılan islahatların qarşısını ala bilməz. Xalq destruktivləri və onların yerinə yetirmək istədikləri çirkin sifarişləri qətiyyətlə pisləyir. Vətəndaşlarımız ölkəmizin inkişafını, mövcud sabitliyi, inkişafa və tərəqqiyə  aparan sosial islahatları yüksək qiymətləndirirlər.

 

Aydın HÜSEYNOV,
Milli Məclisin deputatı

22 Oktyabr 2019 00:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə