Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın uğurları artdıqca, bədxahlarımız azğınlaşırlar

Azərbaycanın uğurları artdıqca, bədxahlarımız azğınlaşırlar

Dövlət başçısının oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında və oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq təkcə Ermənistan rəhbərliyini deyil, dünyadakı anti-Azərbaycan qüvvələri də ciddi şəkildə narahat etdi. Onlar isə öz növbələrində Azərbaycandakı əlaltılarını qabağa verdilər ki, ölkədə sabitliyi pozsunlar, xaos, anarxiya mühiti yaratsınlar. 

Özünü Demokratik Qüvvələrin “Milli Şura”sı adlandıran qurumun üzvləri oktyabrın 19-da paytaxtın mərkəzi ərazilərində törətmək istədiyi hadisələr də sübut edirdi ki, bu adamlar aranı qarışdırmaq, ölkədə anarxiya yaratmaq istəyirlər. 
Onların siyasi aksiya keçirmək məqsədi ilə paytaxt rəhbərliyinə etdikləri müraciətə baxılaraq “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın “Neftçi” idman klubunun Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki təlim bazasında keçirilməsi təklif olunmuşdur. Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmiş və onlara müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu tərəfindən rəsmi xəbərdarlıq olunmuşdur.
Ancaq bu aydın mövqeyə və konkret izahlara baxmayaraq, aksiyanın təşkilatçıları oktyabrın 19-da saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstəriblər. Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin qarşısı alınıb. Qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılmışdır. Bildirilir ki, onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatı alınmış daha 42 nəfər hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılmışdır.
Bəli, fakt ondan ibarətdir ki, anti-Azərbaycan qüvvələrin maliyyələşdirdiyi və dövri olaraq qızışdırdığı, ələbaxımlıqdan qurtula bilməyən “Milli Şura”nın və Əli Kərimlinin növbəti vay-şivəni məhz Azərbaycanın uğurlarından narahat olan qüvvələrin tapşırıqlarının yerinə yetirilməsidir. Bu adamlar 2003-cü ilin payızında – Azərbaycanın dövlət müstəqilliyinin dönməz xarakter alması üçün konkret addımların atıldığı, xalqın İlham Əliyevə səs verdiyi günlərdə də məhz 2019-cu il oktyabrın 19-da olduğu kimi, “özlərinə əl qatmışdılar”. Onda İlham Əliyevin Prezident seçilməsini qəbul edə bilmirdilər ki, həmin seçimdən sonra Azərbaycanı öz istədikləri kimi istiqamətləndirə bilməyəcəklər. İndi isə İlham Əliyevin Ermənistan üzərində siyasi – diplomatik uğurlarını həzm edə bilmirlər. 
Ölkə ziyalılarının sosial şəbəkələrdə yayımlanan çoxsaylı fikir, mülahizə və statuslarında da 2003-cü il aksiyası xatırladılır. Məsələn, bir statusda oxuyuruq: “2003-cü ildə insanlar Azərbaycanda keçirilən növbəti prezident seçkilərindən sonra İlham Əliyevin möhtəşəm qələbəsi ilə barışmayan radikal müxalifətin şəhərin mərkəzi küçələrində törətdiyi dağıntıları, meydanları əsl döyüş səhnəsinə çevirmək cəhdlərini yaxşı xatırlayırlar. O zaman qanun keşikçilərinin həyata keçirdiyi ciddi tədbirlər və öz səsini qorumağa qalxan vətəndaşların dəstəyi ilə bütün antidemokratik hərəkətlərin qarşısı alındı, təşkilatçılar qanun qarşısında cavab verdi və radikal ovqatlı müxalif düşərgə ciddi iflasa uğradı. O hadisədən 16 il keçsə də, nə bəhs etdiyimiz həmin radikal müxalifətin siması dəyişib, nə də ki, onların təşkil etdiyi aksiyaların xarakteri.
Doğrudan da, oktyabrın 19-da bir neçə saat ərzində şəhərin mərkəzi hissəsində əhalinin sabit və ritmik həyatı, nəqliyyatın hərəkəti, insanların rahatlığı pozuldu. Bircə onu qeyd etmək yerinə düşər ki, Bakı Nəqliyyat Agentliyi 14 marşrutun istiqamətini dəyişdirməyə məcbur oldu ki, bu da təxminən 200 min vətəndaşın rahatlığının pozulması deməkdir. Bakı metropoliteninin “28 May” stansiyasının fəaliyyətinin dayandırılması nəticəsində yüz minlərlə insan vaxtında nəzərdə tutulan məntəqələrə çata bilmədi və diskomfort yaşamağa məcbur oldu. 
Xalq, həqiqətən onlara “Yox!” dedi. Həmin gün şəhərdə görüşdüyümüz insanların hamısı “Milli Şura”nın törətdiyi əməllərdən narazılıq etdi. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov bildirdi ki, müxalifət həm formaca, həm də keyfiyyətcə dəyişməlidir, yenilənməlidir. AXCP–"Milli Şura" cütlüyünün baş tutmayan 19 oktyabr icazəsiz aksiyası bir daha onu göstərdi ki, dəyişmək istəmədikcə, bu müxalifət öz iflasını günü-gündən yaxınlaşdıracaq.
Partiya sədri vurğuladı ki, müxalifət sözün hər iki mənasında -- həm fiziki, həm də mənəvi mənada qocalıb: "Onların istifadə etdikləri tezislər, şüarlar, təkliflər və metodlar 1990-cı illərin əvvəllərində qalıb. Lakin dövr dəyişib. Artıq 2019-cu il də başa çatmaq üzrədir. Zaman tamamilə yeni şərtləri diktə edir. Cəmiyyətin siyasətə və siyasətçilərə də münasibəti kökündən dəyişib. Aydın görünür ki, indi əhalinin əksər hissəsi müxalifəti dəstəkləmir. Niyə? Bax, bunun səbəbləri barədə ciddi düşünmək lazımdır".
Əgər həmin “düşünmək” ifadəsi xalqa aiddirsə, onda xalq düşünərək sual verəcək ki, 26 il heç bir yerdə çalışmayan, heç bir ictimai-siyasi fəaliyyətlə məşğul olmayan Əli Kərimlinin dolanışığını kim təmin edir? Onun övladları dünyanın bahalı ölkələrinin nüfuzlu ali məktəblərindəki təhsil haqlarını hansı vəsaitlə ödəyirlər? Onun oğlu dünyanın ən bahalı restoranlarındakı əyləncə məclislərinin haqqını necə ödəyir? Bu suallar ortaya qoyulacaq və cavabı da o olacaq ki, Əli Kərimlinin istənilən Azərbaycan məmurundan yaxşı yaşamasını məhz xaricdəki anti-Azərbaycan qüvvələr təmin edirlər. 
Partiya sədrinin ­dediyi “düşünmək” ifadəsi ölkə müxalifətinə şamil ediləcəyi təqdirdə isə… bəli, müxaliflər həqiqətən ağıllarını başlarına yığıb düşünsələr, Əli Kərimli meydanda tək-tənha qalacaq. Çünki görəcəklər ki, meydanda olan onlardır, şah kimi dolanan isə Əli Kərimli. 
Yeri gəlmişkən, “Facebook” dostumuz Zaur Mirzəzadənin hələ oktyabrın 5-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısına yazdığı müraciətdə deyilirdi ki, cəmiyyətdə heç bir əhəmiyyət daşımayan, siyasi baxışları müəyyən edilməyən, bir neçə şəxsin yalanları ilə idarə olunan, özlərini “Milli Şura” adlandıran və "Milli" sözünü belə ucuzlaşdıran qondarma quruma 8 oktyabr 2019-cu il tarixində şəhərin mərkəzində Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında piket keçirilməsi üçün icazə vermisiniz. 
“Mən, Bakı şəhər sakini və ailə üzvlərim sizə müraciət edərək bildirirəm ki, hər gün həm şəxsi avtomobillə və ictimai nəqliyyatla, metro ilə həmin ərazidən keçirik. Övladlarımızı təhsili ilə bağlı kurslara, idmana aparırıq. Müəyyən yalanlar üzərində qurulmuş qurumun həmin gün qeyd olunan ərazidə piket keçirməsi bizi narahat edir. Mənə, ailə üzvlərimə və digər Bakı sakinlərinə, eynilə şəhərimizdə olan turistlərə həmin gün keçirilən piket narahatlıq yaradacaq. Xahiş edirəm piketin keçirilməsi icazəsini ləğv edəsiniz. Əks-təqdirdə, mənim, ailə üzvlərimin və Bakı sakinlərinin eynilə şəhərimizdə olan turistlərin, sərbəst piyada və avtomobillərin intensiv hərəkətinə müyyən maneələr yaranacaqdır, bu da bizim gündəlik işlərimizə əngəl törədəcəkdir”.
Təqaüdçü Dursun Əhmədovun sözlərində də həqiqət var idi: -- Deyirlər ki, mitinq günü kimlərsə saxlanılıb və onların15-20 gün azadlıqdan məhrum edilməsi gözlənilir. Müxalifət bu faktı dünyanın bütün ölkələrinə göndərir. Mən də deyirəm ki, Azərbaycanın qanunlarını pozan, qaydalara əməl etməyən, xaos, anarxiya, qarşıdurma yaratmağa çalışan dağıdıcı müxalifət təmsilçiləri nə üçün həbs edilmir?

 

İttifaq MİRZƏBƏYLİ,
 “Xalq qəzeti”

22 Oktyabr 2019 00:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə