Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dinc mübarizə” adı ilə fürsət axtaranlar

“Dinc mübarizə” adı ilə fürsət axtaranlar

AXCP sədri Əli Kərimlinin, özünü “Milli Şura” adlandıran qurumun çağırışı ilə oktyabrın 19-da paytaxt metrosunun “28 May” stansiyası səmtində icazə verilməmiş mitinqə cəhd göstərildi. Bəli, rəsmi qurumlar dəvət edib, xəbərdarlıq etmişdi, olacaqlara görə məsuliyyəti xatırlatmışdı, amma mitinq çağıranlar bunları bilə-bilə yenə dediklərinin üstündə durdular.  Əslində, mitinqin keçirilməsi üçün yer ayrılmışdı (mitinqdən öncə piketə də icazə verilmişdi) və təşkilatçılar səlahiyyətli qurumların mövqeyini bilirdilər. Ancaq, necə deyərlər, veclərinə almadılar və özlərinin elan etdikləri yerdə mitinq keçirməyə cəhd edib, qarşıdurma yaratdılar…

Radikallar illər öncə narıncı köynək geyər, narıncı qalstuk taxardılar – çünki bəzi yaxın-uzaq ölkələrdə siyasət müstəvisi narıncı rəngə boyanmışdı, o üzdən onlar da. Sonra yenə yaxın-uzaq ölkələrdə müəyyən siyasi təbəddülatlar yaşandı, siyasi mübarizə müstəvisində bəzi yeni şəkillənmələr oldu, onları Azərbaycan siyasətinə daşımaq istədilər, alınmadı, indi də, deyəsən, “navalni metodu” kimi qəbul etdikləri bir yöntəmə baş vurmaq istərlər. “Metod”, “üsul” qurtarmaz ki, sanki balalaya-balalaya gedir, bu tərəfdən də AXCP sədrinin siyasi ehtirası, intriqa azarı, gərginlik yaratmaq “arzusu” tükənmək bilmir. 
Ən acınacaqlısı, Qarabağ kimi ümumxalq, dövlət maraqlarında, ölkəmizin qırmızı çizgisində ­
1 saylı yer tutan tarixi vəzifəyə münasibət baxımından da, sanki “bunlar Qarabağı öz siyasi mübarizələrinə alətmi sanır?!“-- dedirdəcək durumdadırlar. Daha dəqiqini desək, Qarabağla bağlı, şəxsən Ali Baş Komandanın, dövlətimizin, ordumuzun, əsgərlərimizin əzmi, iradəsi aydın ola-ola, sən dur de ki, iqtidar Qarabağı düşünmür və s… – Əstəğfürullah! Əslində, bu, o deməkdir ki, “biz öz siyasi-ideoloji imkanlarımızla, siyasi keçmişimizlə, gələcəyə baxışımızla, sosial bazamızla bir şey edə bilmirik, ona görə də, Qarabağ mövzusunun ətəklərindən tutub iməkləyə-iməkləyə ayağa durmalıyıq”. Və ən başlıcası, az ya çox tərəfdarın, özəlliklə xaricdəki havadarın, sözünü eşidənin, deyənin varsa, ən azı, o imkanları Qarabağ adına dərd-sərimizi dünyaya duyurmağa niyə sərf etmirsən bəs? Niyə axı? – Sizə Qarabağı qaytarmağımız, Qarabağa qayıtmağımız lazım deyilmi?
Guya, bilmirdinizmi, yaşanan gərginlikdən ölkəmizə qarşı istifadə edənlər olacaq? Sosial şəbəkəyə daraşmış tərbiyədən kəmlər söyüşün birini bir qəpikdən də ucuza endirim edib, fürsətkarlar ölkəmiz əleyhinə ağızlarını köpükləndirməyə başlayıblar... Olmazmı, ölkəmizə qarşı marıqda duranların əlinə bəhanə verməkdənsə, əlində olan imkanı bəhanələrin sıfırlanması üçün dövriyyəyə daxil edəsən? Sizlər necə vətənpərvərsiniz?
İndi nə oldu, nə qazandınız? Şəhərin mərkəzində hərəkəti müəyyən vaxta iflic edib, beyni qan cavanları polislə qarşıdurmaya təhrik edib nəyə nail oldunuz? Guya, bilmirdiniz ki, sosial bazanız neçə nəfərlə tamamlanır? Guya, bilmirdinizmi qələbəlik bir yerdə, yeni qələbəlik yaratmaq siyasi ehtirası ilə təntənə mümkün olmur?..
Əlbəttə, hər nə qədər peşəkar davranış olsa da, qaça-qov ortamı yaratdınızsa, kiminsə burnu qanaya, kiminsə köynəyi cırıla, kiminsə ayağı əzilə və s. ola bilər, hərçənd biz qətiyyətlə belə şeyləri arzu etmədik, etmirik, etməyəcəyik də. Lakin sizin “dinc mübarizə” adı ilə fürsət arayışınızı kim görmür ki? Çox təəsüflər ki, mitinq üçün ayrılmış yerlə razılaşmamağınız, höcətiniz paytaxta lazımsız gərginlik yaşatdı, keçici də olsa, saxlanılanlar oldu və s. Axı nə qədər xalqın iradəsindən, millətin adından danışacaqsınız? Siz necə müxalifətsiniz? 
Bir özünüzə gəlin, siyasi nəfsinizə “dur!” deyin. İndi parlament seçkisidirmi, prezident seçkisidirmi? Ən yaxın seçki bələdiyyə seçkisidir, o da dekabrda olacaq. Buyurun, namizdələrinizi verin, müvafiq qaydada seçin, seçilin. Heç bələdiyyə seçkisi üzrə də təbliğat mərhələsi başlamayıb hələ. 
O zaman özünüzü gah həmkarlar ittifaqı təşkilatının, gah “DOST” Mərkəzinin yerinə qoymaqdansa, konsepsiya hazırlayın, proqram tərtib edin, normal siyasi mübarizə aparın. Baxın, qərar sizindir. Yalnız onu deyim ki, qərar yalnız beş hərfin müəyyən ardıcıllıqla yazılması, dil vərdişi ilə səsləndirilmə deyil, konkret tərifi olan bir ifadədir, necə deyərlər, həyat fəlsəfəsinin möhkəm bir duracağıdır.  Kitablarda yazılır ki, “Qərar – alternativlərdən ən yaxşısının seçilməsidir”. Siz hansı alternativləri götür-qoy etdiniz, kimlərlə birgə qərar aldınız, kimlərlə müzakirə etdiniz ki, “28 May” səmtinə mitinq qərarı verdiniz? Xəyali modelləşdirmə də apardınız, “fotoşop” üsuli ilə Cəfər Cabbarlı heykəli ətrafını doldurdunuz, özünüz də, deyəsən,­ “28 Mall” balkonundan xalqa müraciət edəsi oldunuz, eləmi? 
Nə üçün, bəylər, nə üçün? Bu Vətənə, bu xalqa hər şeyin ən yaxşısını yaraşdırmağa öyrədin özünüzü, gec olmadan. Bəlkə də sizin üçün çox gecdir?.. 

Əkbər QOŞALI, 
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri

22 Oktyabr 2019 00:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə