Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Euronews: Zubrlar Qafqaza gedir

Euronews: Zubrlar Qafqaza gedir

“Euronews” telekanalında “Zubrlar Qafqaza gedir” adlı süjet göstərilib. AZƏRTAC xəbər verir ki, süjet Qafqaz zubrlarının Azərbaycana qaytarılmasına həsr olunub. 

Süjetdə deyilir: “Azərbaycana zubrlar gətirilib. Bu, cütdırnaqlı heyvanların Cənubi Qafqazda reintroduksiyası üzrə proqram çərçivəsində 12 baş heyvandan ibarət ikinci partiyadır. İlk səkkiz baş heyvan hələ may ayında  gətirilib. Zubrları Fransa, Belçika və Almaniya parklarından göndərirlər. Bu heyvanlar IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi ilə birgə həyata keçirilən “Zubrların Azərbaycana reintroduksiyası”  proqramı çərçivəsində gətirilib. 
Hesab edilir ki, Şimali Qafqazda sonuncu zubr XX əsrin əvvəllərində öldürülüb, Cənubi Qafqazda isə onların nəsli daha əvvəl kəsilib.  
WWF-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib: “İndiki nəsil üçün zubr görünməmiş, naməlum və yeni heyvandır. Hətta bu gün dilimizdə zubru adlandırmaq üçün öz sözümüz yoxdur. Bax, buna görə çoxsaylı insanlar yanımıza gəlir. Zubrlara tamaşa etmək və layihəmizin necə inkişaf etdiyini görmək onlar üçün çox maraqlıdır.  
Cənubu Qafqazda zubrların populyasiyasını ilk dəfə hələ ötən əsrin  60-cı illərində bərpa etmək cəhdi göstərilib. Lakin bu cəhd uğursuzluqla nəticələnib, müasir şərait yüz il əvvəlkindən fərqli olduğuna görə heyvanlar nəsil verməmiş tələf olub. 
Bu gün alimlər təkcə zubrları təbiətə deyil, təbiəti də zubrlara uyğunlaşdırmağa çalışırlar. Bunun üçün, məsələn, zubrların xoşuna gələn iynəyarpaqlı ağaclar əkilir”. 
Xatırladaq ki, Fransa və Belçikadan gətirilmiş 8 baş Qafqaz zubrundan ibarət birinci partiya bu il mayın 21-də Şahdağ Milli Parkının İsmayıllı bölməsindəki xüsusi əraziyə buraxılıb. 

 

AZƏRTAC

 

 

22 Oktyabr 2019 00:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə