Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xalq qəzeti” nin sabiq əməkdaşı Rafiq Hacıyev Mahmud Kaşqari adına Beynəlxaq Mükafata layiq görülüb

“Xalq qəzeti” nin sabiq əməkdaşı Rafiq Hacıyev Mahmud Kaşqari adına Beynəlxaq Mükafata layiq görülüb

Mahmud Kaşqari adına Beynəlxalq Fond ənənəvi olaraq hər il müxtəlif ölkələrdə yaşayan görkəmli dövlət xadimlərini, habelə ümumtürk mədəniyyəti və ədəbiyyatı qarşısında xidmətləri olan məşhur yazarları mükafatlandırır. Bu yaxınlarda fondun Beynəlxalq Mükafat Komissiyasının qərarı ilə görkəmli Azərbaycan jurnalisti, “Xalq qəzeti”nin sabiq əməkdaşı Rafiq Hacıyev laureatlar arasında yer alıb və Mahmud Kaşqari adına Beynəlxalq Mükafat və “Mahmud Kaşqari – 1000” medalı ilə təltif edilib. 

Bu barədə redaksiyamıza Mahmud Kaşqari adına Benəlxalq Fondun təşkilat komitəsindən məlumat verilib. 
Qeyd edilib ki, türk dünyasında xidmətlərinə görə 2007-ci ildə təsis edilən bu mükafat indiyədək bir sıra tanınmış simalara – Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirələ, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə, qazax şairi Oljas Süleymenova, qırğız şairi Omar Sultanova, Azərbaycandan – akademiklər İsa Həbibbəyliyə, Nizami­ Cəfərova, Abel Məhərrəmova, Xalq yazıçısı Anara, Xalq şairi Sabir Rüstəmxanlıya, Xalq ­yazıçısı Çingiz Abdullayevə, professor İlham Rəhimova, Əməkdar jurnalist Əli İldırımoğluna, şair Rüstəm Behrudiyə və digər elm, mədəniyyət xadimlərinə verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun 80 illiyinə və prokurorluğun istintaq fəaliyyətinə, qanunçuluğumuzun keşiyində dayanan bu orqan işçilərinin ağır, gərgin, məsuliyyətli əməyinə həsr olunan “İstintaqı peşəkarlar aparır” kriminal bədii-sənədli hekayələr kitabından sonra yazıçı-jurnalist Rafiq Hacıyev bir-birinin ardınca “Yeddi il bağlı qalmış ağır cinayət”, “Amansız rəftar və ya od içində yanan gəlin”, “Prokurorun qətl günü”, “Gecə yarısı ürəyə qəfil sıxılan güllə”, “Qatil həmişə cinayət yerinə qayıdır” hekayələrini, “Rəzalətin manifesti” povestini, “Başsız qadının sirri...” və “8-ci Dairəvi küçədə qətl” romanlarını yazıb. 
Qeyd edilib ki, son bir il ərzində yazıçı-jurnalist Rafiq Hacıyevin Azərbaycan musiqi və söz sənətinin istedadlı nümayəndələri haqqında qələmə aldığı və güclü bədii təsir qüvvəsinə malik “Novator” sənədli hekayəsi, “Şəhrizadın... tarzən Ramiz Quliyev nağılı” portret-povesti oxucu auditoriyasının geniş marağına səbəb olub, Xalq şairi Rəsul Rzanın “Rənglər” əsərində sözlərin rənginə və rənglərin musiqisinə həsr etdiyi “Mən elə maestroyam ki...” essesi Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. Rafiq Hacıyevin əla poliqrafik keyfiyyətlə yeni çapdan çıxan və ustad tarzən, ürək çalğıçısı Əhsən Dadaşovun həyat və yaradıcılığını yüksək poetik dillə təsvir edən “Əhsən sənə, Əhsən!..” romanı görkəmli jurnalistin öz yaradıcılıq axtarışlarını uğurla davam etdirdiyini göstərir.
Fonddan bildiriblər ki, təqdimat mərasimi bu yaxınlarda keçiriləcək.

 

“Xalq qəzeti”

 

22 Oktyabr 2019 00:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə