Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Media ümummilli maraqlara sadiq qalmalı, cəmiyyətdə obyektiv ictimai rəy yaratmalıdır

 Media ümummilli maraqlara sadiq qalmalı, cəmiyyətdə obyektiv ictimai rəy yaratmalıdır

Demokrtik cəmiyyətdə kütləvi informasiya vasitələrinin rolu və vəzifələri ilə bağlı bu konstruktiv meyar Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin Prezident İlham Əliyevin yanında bugünlərdə keçirilmiş iqtisadi müşavirədə dövlət başçısının bəzi kütləvi informasiya vasitələrinin neqativ proseslərə alət edilməsi ilə bağlı söylədiyi mülahizələrin müzakirəsinə həsr olunmuş iclasında yekdil mövqe olaraq səslənib.

Toplatını giriş sözü ilə açan AMŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə ölkə mediasının arzuolunmaz, cılız münaqişələrə cəlb edilməsi ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə geniş müzakirə doğurub: “Dövlət başçısı bildirib ki, bəzi məsul vəzifə sahibləri islahatlara qarşı çıxır, yeni təfəkkürlü kadrların cəmiyyətdə qaralanmasına cəhd göstərir, bu zaman media vasitələrindən istifadə edirlər. Prezident bəzi hallarda KİV-in məmurlararası çəkişmə alətinə çevrilməsini, bir hökumət üzvünün digəri tərəfindən şantaj edilməsini, ləkələndirilməsini idarəetmə sferasında və cəmiyyətdə doğru-düzgün ictimai rəyin formalaşdırılmasında dözülməz olduğunu söyləyib, belə mənfi təmayülləri islahatlara maneçilik törədən hallar kimi dəyərləndirib, bununla barışılmayacağını vurğulayıb”.
Əflatun Amaşov qeyd edib ki, ölkə mətbuatının özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurası bu həssas məsələyə münasibətini ifadə etməli, narahatlıq doğuran halları aradan qaldırmaq üçün təsirli təkliflər hazırlamalıdır. AMŞ İdarə Heyətinin üzvləri müzakirə olunan məsələ ilə bağlı mülahizə və təkliflərini bildiriblər. Onlar Azərbaycan Prezidenti İlham Əliyevə dövlət idarəçiliyi baxımından kifayət qədər aktual olan məsələyə həssas münasibət göstərdiyi üçün təşəkkürlərini bildiriblər. 
Qeyd edilib ki, mediamız mahiyyətcə yenilikləri, cəmiyyəti inkişafa aparan prosesləri dəstəkləyən mütərəqqi təbiətinə daim sadiq qalmalı, ucuz, mənasız, ümumi inkişafa mane olan, cəmiyyətdə çaşdırıcı əhval yaradan neqativ hallardan kənarda qalmalıdır. Bildirilib ki, dövlət başçısı da buna çalışır və onun mesajları jurnalistika qarşısında yeni vəzifələr müəyyənləşdirir. Ölkənin aparıcı kütləvi informasiya vasitələri Prezidentin kursuna sadiqdir və öz vəzifələrini yerinə yetirməyə, mövcud istiqamətdə qətiyyətli mövqe və iradə nümayiş etdirməyə hazırdırlar. 
AMŞ İdarə Heyətinin üzvləri internet üzərindən yayımlanan media vasitələrinin KİV kimi qeydiyyatının aparılmasını, bunun qanunvericilikdə əksini tapmasını, həmçinin qanunda internet media üçün texniki meyarların müəyyənləşdirilməsini təklif ediblər. İclasda o da bildirilib ki, internet medianın həyatımıza təsiri artan xətt üzrə inkişaf etməkdədir. Bu baxımdan internet medianın maliyyələşməsinin vaxtı çatıb.
Müzakirələrdə göstərilib ki, mediadan sui-istifadə meyllərinə qarşı mübarizədə yalnız ictimai qınaqla kifayətlənmək effektiv nəticə vermir. Bu baxımdan Mətbuat Şurası haqqında ayrıca qanuna ehtiyac duyulur. Belə bir qanun imkan verər ki, şuranın texniki imkanları genişlənsin, medianın özünütənzimləmə qurumu strukturu daha çevik fəaliyyət göstərsin, adekvat məsuliyyət növlərinin seçilməsi ilə bu sahədə qayda yaradılsın. Buütün bunlar Prezident İlham Əliyevin iqtisadi müşavirədəki çıxışında səsləndirdiyi neqativ halların aradan qaldırılmasında həlledici rol oynayardı.

 

T.AYDINOĞLU, “Xalq qəzeti”

 

22 Oktyabr 2019 00:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə