Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriyadan çıxarılan ABŞ hərbçiləri İraqa yerləşdirilir

Suriyadan çıxarılan ABŞ hərbçiləri İraqa yerləşdirilir

ABŞ hərbi qüvvələri Suriyadan çıxarılma prosesi çərçivəsində İraqa yola salınır. Artıq 100 ədəd yük maşını mühafizəçilərin müşayiəti ilə İraq sərhədini keçib. Məlumatı Suriyanın SANA agentliyinə istinadən “İnterfaks” yayıb. 

İlkin məlumatlara görə, Suriyanın Hələb və Rəkka şəhərlərindən yola salınmış nəqliyyat vasitələri də Hasekedən keçərək İraqa istiqamət götürüb. SANA-nın başqa bir məlumatında isə bildirilir ki, ABŞ hərbçiləri Tel-Tamir-Əl-Qamışlı şosesi yaxınlığındakı Kasrak kəndində yerləşən hərbi hissəsini minalayıb. 
Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp da bildirmişdi ki, Suriyanın atəşkəs elan olunmuş zonalarında amerikalı hərbçilər qalmayıb. ABŞ-ın müdafiə naziri Mark Esper də bəyan etmişdi ki, Suriyadakı hərbçilər İraqa göndəriləcək. 
Onun sözlərinə görə, artıq Suriyanı tərk edən 700 hərbçinin ölkənin qərbində yerləşdirilməsi ilə bağlı İraqla razılıq əldə olunub. Amerikalı hərbçilərin İraqda terror qruplaşmalarına qarşı mübarizə aparması nəzərdə tutulur. “Missiyanın məqsədlərindən biri İraqın müdafiəsinə kömək etmək, ikincisi isə, İŞİD-ə qarşı mübarizə missiyasını həyata keçirməkdir”, – deyə Esper bəyan edib.
Bununla belə, nazir deyib ki, vəziyyət nə vaxtsa dəyişə bilər, ancaq hələ ki, ABŞ elan etdiyi plan üzrə hərəkət edir. Onun dediyinə görə, qoşunların Suriyadan çıxarılması günlərlə deyil, həftələrlə uzana bilər. Proses düşünülmüş və təhlükəsiz şəraitdə başa çatmalıdır. 
Xatırladaq ki, bir müddət əvvəl Prezident Tramp 1000 nəfər ABŞ hərbçisinin Suriyadan çıxarılması haqqında sərəncam vermişdi. Bununla belə, Suriyanın İraqla sərhədindəki Ət-Tanf hərbi bazasında 200-300 hərbçinin qalması nəzərdə tutulur. İraqda isə, iki ölkə arasında razılaşmaya əsasən, 5 min ABŞ hərbçisi yerləşdirilib. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

21 Oktyabr 2019 23:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə