Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qənirə Paşayeva: Mükafatı müstəqil Vətənim adına alıram

Qənirə Paşayeva: Mükafatı müstəqil Vətənim adına alıram

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Qənirə Paşayevaya Türkiyədə nüfuzlu Hukuk ve Demokrasi Kurumu Derneğinin ildə bir dəfə təşkil etdiyi "Bülent Yurt Hukuk ve Demokrasi Ödülü" təqdim edilib.  Q.Paşayevaya ödül Azərbaycan--Türkiyə münasibətlərinin daha da inkişafı, Türk dünyası Birliyinin güclənməsi, beynəlxalq aləmdə həqiqətlərimizin geniş təbliği və haqlarımızın müdafiəsi istiqamətində çalışmalarına görə təqdim edilib. 

Ankarada keçirilən və Türkiyənin tanınmış siyasətçiləri, hüquqşünasları, vəkilləri və ziyalılarının iştirak etdiyi mükafatlandırma mərasimində çıxış edən Q.Paşayeva Qarabağ problemi, Azərbaycan--Türkiyə birliyinin güclənməsi, Türk dünyası birliyi ilə bağlı önəmli mesajlar verib: ”Bu gün, oktyabrın 18-də Azərbaycanımızın dövlət müstəqilliyini təkrar qazanmasının 28-ci il dönümüdür. Hamımızın adından “Yaşa, yaşa, əbədi yaşa Azərbaycan!” deyir və gözəl Azərbaycanımızı buradan təbrik edirik. Mənə bu mükafatı təqdim etdiyiniz üçün təşəkkür edirəm. Bu mükafatı Azərbaycanın müstəqilliyi, torpaq bütünlüyü, Qarabağımız üçün həyatını fəda etmiş şəhid dostlarım və bütün qəhrəman şəhidlərimiz, qazilərimiz, onları gözəl ailələri adına alıram. Bu mükafatı özünü Azərbaycanın müstəqilliyinə, inkişafına həsr etmiş ziyalılarımız və gözəl Vətənim adına alıram.  Bu gün bu mükafatı qardaş Türkiyəmizin torpaq bütünlüyü üçün çalışan,  “Sülh çüşməsi” hərəkatında və terrorla mübarizədəki bütün qəhrəman əsgərlərimiz adına alıram. Bu mükafatı mən burada çıxış etdiyim anlarda işğalçı Ermənistanla ön cəbhədə torpaqlarımız uğrunda qəhrəmancasına mübarizə aparan Azərbaycan əsgərimiz adına alıram. Buradan bütün alqışları, duaları və əsgər salamımızı da onlara göndərirəm və hər zaman yanınızdayıq və Vətənimizin əsgəriyik deyirəm. Mən burada Azərbaycandan ödül alan tək insan olduğum üçün Azərbaycanda və bütün dünyada yaşayan 50 milyon azərbaycanlı adından dostlara və düşmənlərə mesajımızı da mütləq söyləməliyəm. Azərbaycan türkü qardaş-bacılarınız buradan Türkiyəni zəiflətmək istəyənlərə deyir ki, buna gücünüz yetməz, çünki biz də  varıq və qardaş Türkiyənin yanındayıq. Çünki Azərbaycan da Türkiyə də  bizim vətənimizdir. Sadəcə sözdə, əməldə, duada deyil, lazım gələrsə bu canı da fəda etməyə hazır olan milyonlarla Azərbaycan türkü də Türkiyəmizin yanındadır. Çünki  ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi biz tək millət, iki dövlətik. Türkiyə həm də bizim vətənimizdir. Ona görə bütün düşmənlər də bilsin, biz 300 milyonluq türk dünyası Türkiyəmizin yanındayıq. Çünki Türkiyə güclü olarsa biz hamımız güclüyük, Azərbaycanımız güclü olarsa hamımız güclüyük”

Bütün müsəlman Şərqində ilk qurulan cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətindən, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən bu günə qədər keçdiyi yoldan, işğalçı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından, cənab Prezidentimizin rəhbərliyi altında Azərbaycan-Türkiyə qardaşlığının, Türk Şurası birliyinin gücləndirilməsi istiqamətində görülən işlərdən geniş danışan Q.Paşayeva Qarabağ çağırışı edib: “Burada Türkiyəmizin çox tanınmış hüquqşunasları, vəkilləri var. Türkiyədə hüquq məktəbinin qurucularından biri, Azərbaycan və Türkiyədə hər iki dövlətimizdə millət vəkili olmuş böyük aydın və Türkiyəmizin ilk qadın hüquqçusu və vəkili Sürəyya Ağaoğlunun atası Əhməd Ağaoğlunun doğulduğu Dağlıq Qarabağ, Şuşa hələ də işğalçı Ermənistanın işğalı altındadır. Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Əhməd Ağaoğlunun bir çox yerlərdə150 illlik yubileyi keçirilir. Amma onun doğulduğu torpaqlarımızda bunu qeyd edə bilmirik. Azərbaycanımızın torpaqlarının işğaldan azad edilməsində bütün Türk dünyası Azərbaycanın yanında daha da güclü olmalıdır və inanırıq ki olacaq. İnşallah bu cür tədbirlərimizi Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da qeyd edə biləcəyik və inşalllah edəcəyik. Buna hamımız inanırıq və birlikdə daha da çox çalışmalıyıq.”

Q.Paşayeva tədbir çərçivəsində qardaş  Türkiyənin ədliyyə nazirliyinin rəsmiləri, Yargıtay başkanı İsmail Rüştü Cirit , Türkiye Barolar Birliği Başkanı Av. Prof. Dr. Metin Feyzioğlu, bir sıra məhkəmə sədrləri, tanınmış QHT və KİV rəhbərləri ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb.   Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevanın ödül törənindəki çıxışını bu linkdən izləyə bilərsiniz.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 Oktyabr 2019 15:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə